Kolecdə bütün rüşvət və maliyyə maxinasiyaları, qanunsuzluqlar direktorun rəhbərliyi ilə tədris hissə müdirinin nəzarəti altında aparılır
Ölkə təhsilində baş verən problemlərlə bağlı uzun illərdir ki, mətbuatda silsiləli yazılar dərc olunur. Təhsil Nazirliyinin rəhbərliyi dəyişilsə də, hələ də təhsildə bəzi neqativ hallar qalmaqdadır. Təhsil Nazirliyinin nəzdində fəalyyət göstərən regionlardakı kolleclər, filiallarda baş verən problemlər, saxta diplom alış-verişi, rüşvətlə qiymət yazılmalar və s. qanun pozuntuları hələ də kütləviliyini saxlamaqdadır.
Belə bir təhsil müəsissələrdən biri də Tovuz rayonu Qovlar qəsəbəsində yerləşən Tovuz Dövlət Sosial-İqtisadi Kollecidir.
İlk öncə qeyd etmək istəyirik ki, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci 26 avqust 2002-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb.
Kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır.
Mediaxeberleri.az-ın elektron poçtuna daxil olan məlumata görə, başıbəlalı orta ixtisas təhsil müəssisələrindən biri də Tovuz Rayon Sosial-İqtisad Kollecidir. Talıb Süleymanovdan sonra Rizvan Qəmbərovun kollecə gəlişi heç nəyi dəyişmədi, olanını da bərbad vəziyyətə çatdırdı. Şəraitsiz binada təhsil alan tələbələrin yarısından çoxu heç dərsə gəlmir. Metodiki vəsait və göstərişlərdən uzaq olan kollec ən zəif orta məktəb səviyyəsində də deyil. Qrup jurnalları və qrup rəhbərinə məxsus jurnallar qaralamalarla işlənməklə qiymət sarıdan saxtakarlığa yol verilmişdir. Müəllimlərin mövzu-təqvim planı dərs hissə müdiri tərəfindən imza atılmadan sinfə aparılıb-gətirilir. Tələbələrin imtahan zamanı biletlərdəki suallara yarıtmaz cavablar verilməyinə baxmayaraq, onlar yüksək balla qiymətləndirilmişlər. Kollecdə rüşvət əsas meyara çevrilib. Necə deyərlər, yığhayığdır. Burada xeyri olmasaydı Rizvan Qəmbərov Bakıdan isti yerini soyuq edib Tovuza gəlməzdi…
Mənbə bildirir ki, kollecdə kurs işləri və təcrübə sənədləri açıqca pula satılır. Həmin sənədlər ildən – ilə təkrarlanır ki, bu da sırf saxtakarlıqdır. Kollecin əyani şöbə müdiri Akif müəllim İbrahimov direktorun pul yığanıdır. Bu günə kimi qrup jurnalında nöqsanlara yol verən bir müəllimə də “gözün üstə qaşın var” sözünü deməyib. Bu da onun təcrübəsizliyindən və savad dərəcəsinin aşağı olmasından irəli gəlir.
Kollecdə əmək intizamı hədsiz dərəcədə zəifdir. Axırıncı pedaqoji şuranın nə vaxt keçirildiyi gün təmiz unudulub. Kollecdə Rizvan Qəmbərov yalnız gününü sayır. Onun təşkilatsızlığı bunları deməyə imkan verir.
Adı çəkilən kollecdə təhsil alan bir qrup tələbə Mediaxeberleri.az-a müraciət edərək kollecdə baş alıb gedən rüşvət hallarından şikayətləniblər. Bildirilir ki, təhsil müəsissəsinin rəhbəri Rizvan Qəmbərov kollecdə baş verən qanun pozuntularına bir başa nəzarət edir. Belə ki, kollecin tələbələrindən ümumi imtahanlardan keçmək ümün 80-100 manat arası “rüşvət” yığılır. Bu pulu verməyən tələbələrə isə kollecin direktoru ilə danışmaq məsləhət görülür.
Məlumatlarda bildirilir ki, saxta diplom və arayışların verilməsi kimi hallara da Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tez-tez rast gəlinir. Bizə təqdim olunan məlumatlarda belə bir fakt da vurğulanır ki, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində sessiya imtahanlarının nəticələri əslində artıq çoxdan korrupsiya predmetinə çevrilmişdir. Mediaxeberleri.az-a daxil olan məlumatda bildirilir ki, Mütəllim müəllimlə yeni direktorun kollecdə əsas gəlir mənbəyindən biri də təhsil müəsissəsinə tələbə qəbuludur. Belə ki, TQDK-nın qəbul imtahanlarından keçməyən bir çox tələbələr məhz kollecdəki cütlüyün köməkliyi ilə Ağdam Dövlət Sosial-İqtisad Kollecində təhsil almaq “şans”ını qazanırlar.
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin fəaliyyətində yer almış çeşidli neqativ hallara dair ölkə mətbuatında ardıcıl məlumatlar dərc olunsa da, burada baş verənlərə Təhsil Nazirliyinin diqqətini hələ də cəlb etmək olmur.
Amma Mediaxeberleri.az olaraq bu mövzunu daimi diqqətdə saxlayacağıq.
Qarşı tərəfidə dinləməyə hazırıq.
COMMENTS