Tovuzda 1-ci qrup əlil kim tərəfindən döyüldü?

Səhhətinin acınacaqlı olduğuna baxmayaraq hər gün işinin başındadır, ailəsinin dolanışığını ordan çıxarır

 

Hazıırda işlətdiyi çay evini 2009-2010-cu ildə kasıblıqla, borc-xərclə tikib başa gətirdiyini deyən Arif iddia edib ki, bu ilin mart ayının 14-də həmkəndlisi, qonşusu Seymur Cəfərov naməlum səbəblərdən həmin çay evinin arxa qapısını bağlayıb. Arif Ələsgərovun verdiyi məlumata görə, həmin qapı Seymur Cəfərovun çöl torpağının başından və onun çay evinin arxa tərəfindən keçən yola çıxır.

O qeyd edib ki, bir nəfər uşaqla köməkləşib qapını açıb. Arifin dediyinə görə, Seymur bunu səbəb göstərib camaatın gözünün qabağında onu döyüb, təhqir edib, şərəf və ləyaqətini alçaldan sözlər deyib.

“Qapını açandan bir az sonra, təxminən axşam 7-8 radələrində mənə dedilər ki, səni çağırırlar. Öncə qardaşım getmək istədi, qoymadım. Özüm getdim. Bayıra çıxan kimi Seymur Cəfərov “sənin kor gözünü…” deyə, təhqiramiz sözlərlə məni söydü. Əliliyimə-filan toxundu, şəxsiyyətimi alçaltdı. Sonra yaxamdan tutub sillə-təpiyin altına saldı məni. Əlində də küt alət (açar) var idi. Gözüm görmədiyinə görə, müqavimət göstərə bilmədim. Sadəcə dedim ki, Seymur, bunlara görə cavab verəcəksən. Qayıtdı ki, prokuror mənim dostumdu, narahat olma”.

Arif Ələsgərov bildirib ki, bu hadisədən sonra adı çəkilən şəxsi polisə verməyinə baxmayaraq barəsində heç bir tədbir görülməyib. Bununla bağlı Baş Prokurorluğa da müraciət etdiyini deyən Arif deyib ki, onlar da işi bir ay 21 gün gecikdirəndən sonra məcbur qalıb 128-ci maddə ilə (Qəsdən sağlamlığa yüngül zərər vurma) cinayət işi açıblar.

“Ona çox yüngül maddə ilə cinayət işi açıblar. Seymurun əməli açıq-aşkar xuliqanlıqdır. İşi bir ay 21 gün gecikdirdikləri getmişmiş kimi prosesi istintaqdan başlamalıykən təhqiqatdan başlayıblar. İndi o da adı xuliqana çıxmasın deyə, martın 31-i günü məhkəməyə iddia ərizəsi verib ki, guya mənim obyektim onun torpağına keçib. Ancaq əlimdə olan dövlət sənədləri təsdiqləyir ki, keçməmişəm.. “Seymurun əməli xuliqanlıqdır” deyə, vəsadət qaldırdım ki, 220-ci maddəyə (Kütləvi iğtişaş) keçid olsun”.

O təzyiq yolu ilə şahid Etibar Qurbanovun ifadəsinin dəyişdirildiyini, məhkəmədə, öncələr verdiyi ifadənin ziddinə danışdırıldığını da deyib.

“Getdim Bakıya şikayətə. İşi Daxili işlər Nazirliyinin İstintaq və Təhqiqat idarəsinə verdilər. Orada da iş dondurulub. Təhqiqat, istintaq işi aparılmır. Sadəcə bircə dəfə hadisə şahidlərindən Etibar Qurbanovu çağırıblar. O da ifadəsinə düzəliş edib ki, mən gördüklərim faktdır, Arifi döyüblər, təhqir ediblər, şəxsimə olan təzyiqlər nəticəsində birinci ifadəmin ziddinə yalan məlumat vermişəm məhkəmədə. Ancaq birinci verdiyim ifadə həqiqətdir. Ondan başqa hadisənin şahidləri Arzuman Həsənov və Əziz Ələsgərovdur”.

Arif Ələsgərov bütün faktlara, döyüldüyünə dair əlindəki fotolara, Ağstafa rayon Mərkəzi Xəstəxanasından aldığı ekspertiza rəyinə, şahid sözlərinə baxmayaraq işin araşadırılmamağından narahatdır. O yuxarı instansiyalara müraciət edərək bu barədə ədalətli qərara çıxarılmasını xahiş edib. Bildirib ki, Seymurun mağazaları, çay evi, çörək fabriki kimi biri-birindən çox gəlir gətirən obyektləri, onun isə sadəcə bir çay evi olduğundan heç kim işə diqqət göstərmək istəmir.

“Mən haqqımı tələb edirəm. O mənim sağlamlığıma xətər yetirib. Şəxsiyyətimi alçaldıb. Üstəlik işlətdiyim çay evinin arxa qapısını heç bir haqqı olmadan bağlayıb. Ancaq kimsə diqqət göstərmək istəmir. Gözdən əlil adamam. Ailəmə, övladlarıma yalnız bu yolla çörəkpulu apara bilirəm. Seymur kimiləri isə özünün sayı-hesabı olmayan qazanc yeri, biznes sahəsi olmasına baxmayaraq bunu belə çox görürlər mənə. Görünən odur ki, məmurlarımız da onların dediyini deyirlər. Ummazdım. İnsanlıq bu qədərmi öldü?” (musavat.com)

COMMENTS