Tsipras borc məsələsində Avropanı borclu çıxardı

Yunanıstanın baş naziri Aleksis Tsipras beynəlxalq kreditorlara cümə axşamı günü “inandırıcı islahatlar” planı təqdim edəcəyini bildirib.

A.Tsipras Avropa Parlamentində Yunanıstan böhranı ilə bağlı aparılan qızğın mübahisələr zamanı çıxış edib.

Yunanıstan bankrot olmamaq və avro valyutasını tərk etməmək üçün üçüncü dəfə xilas paketi alacağına ümid edir.

Bu arada Yunanıstan hökuməti yemək və yanacaq təchizatına təhlükə olmadığını bildirib.

İqtisadiyyat, İnfrastruktur, Dənizçilik və Turizm Nazirliyi Yunanıstan vətəndaşlarını və turistləri bazarlarda “kifayət qədər yemək təchizatı olmasına və onların qiymətlərinin sabit qalacağına” inandırıb.

Avropa liderləri təklif edə biləcəkləri köməyin əvəzində Yunanıstandan cümə axşamınadək ciddi islahatlar gözləyir.

A.Tsipras çıxışında Avropa İttifaqını parçalanmadan qaçmağa çağırıb.

Avropa Parlamentində gərgin müzakirə zamanı o deyib: “Gəlin Avropanı parçalanmağa qoymayaq”.

Yunanıstan cümə axşamı gününün sonunadək yeni təkliflər verməlidir ki, Avropa İttifaqının bazar günü keçiriləcək sammitindən öncə kreditorlarla razılaşmaya nail olsun.

A.Tsipras deyib ki, təkliflər üzərində iş gedir, ancaq o, təfərrüatları açıqlamayıb.

İyulun 8-də Strasburqda Avropa Parlamentinin iclasında Yunanıstan məsələsi müzakirə olunur. AŞ prezidenti Donald Tusk hazırkı prosesləri avrozona tarixində önəmli anlar adlandırıb.

“Bu həftə verilmiş vaxt bitir” – o bildirib.

Aleksis Tsipras referendumda mövqeyini bildirən yunanların fikrini eşitməyə səsləyib. O, borc böhranını həll etmək üçün ətraflı təkliflərin hazırlandığını deyib.

BBC-nin “Today” proqramına danışan Aİ iqtisadiyyat komissarı Pierre Moscovici deyib ki, Avropa Komissiyası Yunanıstanın avrozonadan çıxmasının qarşısını almaq istəyir.

Ötən bazar keçirilmiş referendumda yunanlar böyük səs çoxluğu ilə beynəlxalq kreditorların fövqəladə kredit ayırmasına “yox” deyib, bu isə Yunanıstanın avrozonadan çıxmasına gətirə bilər.

COMMENTS