Tural Abbaslı Müsavat partiyasında baş verən biabırçılığa aydınlıq gətirdi

“Guya iclas zamanı İsa Qəmbər mənim Hüseyn Məliki müşavirlikdən çıxarması ilə bağlı iradıma sərt reaksiya verib”

 

Avqustun 18-də Müsavatın Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclasında qalmaqal yaşanıb. Partiya daxilindən “Bizim Yol”a verilən məlumata görə, iclas əvvəldən sona qədər qalmaqalla keçib. Başqanlığa potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal xeyli böyüyüb. A.Hacılı Q.İbadoğlunu “Sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?” deyə ittiham edib. Q. İbadoğlu isə “sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm” cavabını verib. Bundan sonra A.Hacılı Q. İbadoğlunun üzərinə hücum edib, lakin ətrafdakılar əlbəyaxa davanın qarşısını alıblar.
Daha sonra Tural Abbaslı İsa Qəmbəri Hüseyn Məlikovu müşavirlikdən çıxartmaqla partiyanı zədələməkdə ittiham edib. Başqan isə “bu mənim səlahiyyətimdir, sən münasibət bildirə bilməzsən, kim istəyirsə, partiyadan getsin” cavabını verib.
Vurğun Əyyub isə İ.Qəmbəri partiyanı dağıtmaqda suçlayıb: “Arif Hacılını sən müdafiə edirsən, əlini çəksən, o, məhv olacaq”. Buna cavabında İ.Qəmbər “Quran” çıxardıb ki, partiyadan getməyəcəyinizlə bağlı əl basın.
Qəzetdə səsləndirilən fikirlərlə bağlı AzadXeber.net-ə açıqlama verən Müsavatın başqan müavini Tural Abbaslı Müsavatın Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclasının keçirildiyini təsdiqlədi. Sözügedən iclasın mütəmadi şəkildə keçirildiyi və əsasən qurultayın təşkilati, texniki məsələlərinin müzakirə olunduğunu söyləyən Tural bəy, “həmin iclasda seçici siyahısı, namizədlərin adları və təbliğat-təşviqat məsələləri müzakirə edilir. Qəzetdə iddia olunan məlumatlara gəldikdə isə onların hamısı uydurmadır” , — deyə bildirdi: “Guya iclas zamanı İsa Qəmbər mənim Hüseyn Məliki müşavirlikdən çıxarması ilə bağlı iradıma sərt reaksiya verib. Və ya İsa bəy bizi and içdirmək Quran çıxarıb. Səsləndirilən fikirlərin hamısı jurnalist təxəyyülünün məhsuludur və həqiqətə uyğun deyil. Müsavat Partiyası daxilindəki diskussiyalar siyasi diskussiya çərçivəsində gedir. Münaqişələr heç bir zaman şəxsi münasibətlər və əlbəyaxa dava səviyyəsinə enmir.”

COMMENTS