Turist səfərlərinin qiyməti qəfildən artdı

“Manatın devalvasiyasından sonra otel xidmətlərinin qiymətini artırmağa dəyməz. Buna əsas da yoxdur. Çünki həm xarici, həm də daxili turizmin inkişafı tendensiyası müşahidə olunacaq.

Məncə, bu mövsüm otel xidmətlərinin qiyməti artmayacaq. Əks halda bunun turizm biznesinə mənfi təsiri olardı. Mən turist axınının azalacağını düşünmürəm. Əksinə, Azərbaycana gəlmək istəyənlərin sayı artacaq. Özü də səbəb təkcə qarşıdan gələn Avropa Oyunları ilə bağlı deyil. Manat ucuzlaşandan sonra xarici turistlərin Azərbaycana gəlməsi onların özünə faydalıdır. Bir sıra MDB ölkələrinin milli valyutaları da ucuzlaşıb deyə Azərbaycandan olan səyahət həvəskarlarının həmin ölkələrə getməsi də onlar üçün sərfəli olacaq”.

Bu sözləri virtualaz.org saytına açıqlamasında “Davamlı inkişaf” Tədqiqatlar Mərkəzinin sədri Nəriman Ağayev deyib.

N.Ağayevin sözlərinə görə, daxili turizmi qoruyub saxlamaq üçün otel xidmətlərinin qiymətinin artımına yol vermək olmaz: “Bizim otellərin cəlbediciliyini bundan sonra da heç olmasa indiki səviyyədə qoruyub saxlamaq mümkün olsa, xarici turist axını bir qədər də artacaq. Xüsusilə də ona görə ki, bizim dövlət və turizm firmaları ölkənin turizm mərkəzlərinin cəlbediciliyinin qorunub saxlanması ideyası üzərində səylə çalışırlar”.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov da belə hesab edir ki, Azərbaycanın turizm bazarında süni bahalaşma yoxdur və olmamalıdır. Onun sözlərinə görə, AzTA manatın ucuzlaşmasından sonra turizm sənayesinin üzləşdiyi problemlərin həlli üçün tədbirlər görür.

“Problem ikitərəfli qaydada həll olunur. Çalışırıq ki, hər iki tərəf – həm turistlər, həm də də turizm şirkətləri razı qalsın. Bu gün heç bir turizm şirkəti, heç bir otel qiyməti qaldırmayıb. Yalnız dollar və avro ilə bron edilmiş otel və aviabiletlərin qiymətləri artıb. Lakin turizm firmaları öz xidmətlərinə görə qiymətləri qaldırmayıblar. Süni şəkildə heç qaldırmayıblar. Əlbəttə, turizm bazarı azad bazar olaraq qalır. Lakin bu bazar tənzimlənir. Burada süni qiymət artımı mümkün deyil. Əks halda müştərilər dərhal alternativ variantlar axtarıb tapmağa başlayacaqlar” – deyə N.Bağırov virtualaz.org saytına açıqlamasında bildirib.

Bununla belə AzTA sədri deyir ki, ölkədə turist səfərlərinin qiyməti birdən-birə 34 faiz artıb: “Turizm şirkətləri turları dollarla sifariş edir və pulu da dollarla ödəyir. Manat dollara nisbətən 34 faiz ucuzlaşdığı üçün turpaketlərin də qiyməti o qədər artıb. Lakin devalvasiyaya qədər bron edən şirkətlər artıq satılmış turpaketlərin qiymətini artırmayıb”.

Nahid Bağırov

AzTA vəziyyətdən çıxış yolu olaraq turizm şirkətlərinə yeni maliyyə şəraitindən istifadə etməyi təklif edib. N.Bağırov deyir ki, manatın kursunun aşağı düşməsi gəlmə turizmlə məşğul olan şirkətlərə gözəl fürsət verir.

“Belə vəziyyətdə xarici turistlərin Azərbaycana səfərləri onlara nisbətən ucuz başa gələcək. Gəlmə turizmlə məşğul olan şirkətlər bu məqamdan yararlanıb fəaliyyətlərini gücləndirməli, ölkəmizin turizm potensialının böyük olması barədə reklam-təbliğat işləri aparmalıdır. Bunun bütün turizm sektoruna böyük faydası olar” – deyə N.Bağırov bildirib.

AzTA sədrinin sözlərinə görə, bununla belə manatın ucuzlaşması getmə turizminə də öz təsirini göstərə bilər: “İni nisbi eniş, azalma müşahidə olunur. Lakin indidən hər hansı ciddi qənaətlərə gəlmək çox tezdir”.

COMMENTS