Türk liseylərində təhsil alan şagirdlərin valideynləri etiraza toplaşdı

“Bu gün 50 nəfərə yaxın valideyn Bakı Özəl Türk Liseyində görüşdük. Narazılığımızı ifadə etdi. Valideynlər deyirlər ki, hələ də övladlarını başqa məktəblərə yerləşdirməyiblər”.
Bunu Modern.az-a açıqlamasında bağlanmış türk liseylərində təhsil alan şagirdlərin Valideynlər Şurasının rəhbəri Gülnarə Bağırova deyib. Onun sözlərinə görə, liseyin rəhbərliyi və müəllimlər məzuniyyətdə olduğu üçün valideynlər onlarla görüşə bilməyiblər:

“Lisey rəhbərliyi və müəllimlər avqust ayının 5-dən işə çıxacaqlar. Mən bir neçə gün əvvəl liseydə dərs deyən müəllimlərlə əlaqə saxlamışam. Onlar heç biri Türkiyəyə qayıtmayıblar”.

G.Bağırova valideynlərə SMS-lər vasitəsi ilə övladlarını yerləşdirmək üçün məktəblər məsləhət görüldüyünü də bildirib.

Qeyd edək ki, iyulun 1-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində (Türk liseyləri) təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanılıb.

Bir müddət əvvəl Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib.

COMMENTS