Türkanda məktəbin həyəti itlərin məskəninə çevrilib – Direktorla icra hakimiyyəti ÜZ-ÜZƏ

Türkanda məktəbin həyəti itlərin məskəninə çevrilib – Direktorla icra hakimiyyəti ÜZ-ÜZƏ

Xəbər verdiyimiz kimi Türkan qəsəbəsində yerləşən Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində 5-ci sinif şagirdini it dişləyib. Ayaq və bud nahiyəsindən ciddi xəsarətlər alan azyaşlı ailəsinin köməyi ilə xəstəxanaya çatdırılıb və ona quduzluq əleyhinə peyvənd vurularaq evə buraxılıb.

Hadisə ilə bağlı Bizim.Media-ya açıqlama verən Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli internat məktəbinin direktoru Kərim Dadaşov məktəbin həyətinə doluşan küçə itlərinin əlindən zara gəldiyini və onlarla mübarizə aparmaqda çarəsiz qaldığını deyib.

Direktor dəfələrlə aidiyyəti qurumlara rəsmi müraciət etdiyini, amma qarşı tərəfdən heç bir tədbir görülmədiyindən qeyd edib:

“Bu itlər tək uşaqlara deyil, böyüklərə də hücum edir. Hər dəfə məktəbin həyətindən xeyli sayda küçə itləri çıxarırıq. Mən itlərin öhdəsindən gələ bilmirəm. Daha mən Xəzər Rayon İcra Hakimiyyətinə, Türkan bələdiyyəsinə müraciət etməkdən yorulmuşam. Kəsilə-kəsilə qalmışam. Nəinki uşaqlara, müəllimlərə də bu itlər hücum edir. Sadəcə 1921 nömrəsini verirlər. Dəfələrlə o nömrəni yığmışam, cavab verən də yoxdur”.

Direktorun sözlərinə görə internat məktəblərində yemək qalıqlarının atıldığı yeri itlər yem yeri bilirlər. Ona görə də məktəbin həyətinə küçə itləri doluşur:

“Məcbur olub Elm və Təhsil Nazirliyinə məktub ünvanlamışam ki, təhsil müəssisəsinin həyətinə ağzı qapalı zibil yeşiyi qoyulsun. Oradan isə daşınsın. Bəlkə bu yolla itlərin sayını azalda bilərik. Nə qədər ki, burada itlər sürü ilə gəzəcək, o qədər təhlükə qaçılmazdır. Bilirsiz ki, iti vurmaq olmaz, ona da cərimə düşür. Bəs mən edim? Siz yol göstərin… Artıq tapşırıq vermişəm ki, uşaqları həyətə çıxarmasınlar, qoy elə məktəbin içərisində qalsınlar. Bu da düzgün deyil axı…Onlar da hava qəbul etməlidirlər. Problemin tez bir zamanda çözülməsini istəyirəm. Xahiş edirəm, sürü ilə gəzən sahibsiz itlərin buradan uzaqlaşdırılmasında bizə kömək olun”, – deyə direktor cavabdeh şəxslərə səslənib.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin İctimai- siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov Bizim.Media-ya açıqlamasında bildirib ki, icra hakimiyyətinin tərkibində sahibsiz itlərin küçədən yığışdırılması ilə məşğul olan şöbə yoxdur:

“İcra hakimiyyəti sahibsiz heyvanları yığmır. Direktor rəsmi bizə müraciət etməyib, sadəcə ötən gün mənə zəng etdi və özünə də bildirdim ki, bu işlə “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi məşğul olur. Bütün respublika isə o mərkəzin nömrəsini bilir və direktorun özünə də vermişəm. Ayrıca, “Toplan” Mərkəzi ilə danışdıq, bildirdilər ki, hazırda Buzovna qəsəbəsində işləyirlər, bitən kimi Türkana gedəcəklər. Respublikada yeganə sahibsiz itləri toplaya bilən mərkəz “Toplan”dır. Yəni icra hakimiyyətinin gedib sahibsiz iti ya tutmağa, ya da öldürməyə ixtiyarı yoxdur”.

Türkan qəsəbə bələdiyyəsinin sədri Böyükağa Yarıyev də sahibsiz itlərlə mübarizədə elə direktorun özünü qınayıb:

“Bunun üçün xüsusi mərkəz var. Kərim müəllim bir zəhmət o mərkəzin telefon nömrələrinə yığsın və problem həll olunsun. Biz dəfələrlə kəndin içində, harada küçə iti gördüksə, “Toplan”la əlaqə saxlayırıq və gəlib itləri ərazidən götürürlər. Bir dəfə elə internatın həyətindən də özüm sahibsiz itləri yığdırmışam. Kərim müəllim özü məgər “Toplan”a yığa bilmir? Özü həll etmir, bələdiyyə nə etsin? Çox nahaq yerə Kərim müəllim bələdiyyənin və icra hakimiyyətinin adını çəkir. O ki qaldı rəsmi müraciətlərinə, bizə heç bir məktub gəlməyib. Elədirsə, o rəsmi müraciətləri göstərsin”.

DOSYE.ORG

Türkanda məktəbin həyəti sahibsiz itlərin məskəninə çevrilib

COMMENTS