Türkiyə-Ermənistan sərhədləri açıla bilərmi?

1991-ci il sentyabrın 21-də Ermənistan müstəqilliyi elan etdi.

 

SSRİ-nin buxovlarından azad olan digər müttəfiq respublikalar kimi, bu kiçik erməni dövləti də dünya birliyi tərəfindən tanındı. Onun müstəqilliyi tanıyan ilk dövlətlərdən biri isə Türkiyə idi.

 

Cənubi Qafqz regionunda nəhəng imperiyanın əvəzində xarici asılılığa meylli üç dövlətin yaranması təbii ki, rəsmi Ankaranın maraqlarında idi. Hələ 1991-ci ilin aprelində Türkiyənin SSRİ-dəki səfiri Volkan Vural Yerevana səfər edərək, türk-erməni münasibətlərini müzakirə etmişdi.

 

1991-ci ilin dekabrında Türkiyə Ermənistanın müstəqilliyini tanıyan zaman rəsmi Yerevana 3 konkret şərt irəli sürdü:

 

– Türkiyəyə qarşı ərazi iddilarından imtina etmək;

 

– Osmanlı Türkiyəsini soyqırımı törətməkdə və soyqırımının beynəlxalq aləmdə tanınmasından imtina etmək;

 

– Azərbaycan qarşı işğalçı siyasətdən imtina etmək;

 

Ermənistan rəhbərliyi şifahi razılıq versə də, bu şərtləri yerinə yetirməyə tələsmirdi. Hətta bunun əksinə olaraq, 1921-ci ildə Türkiyə-Ermənistan sərhədlərini müəyyən etmiş “Qars müqaviləsi”ni öz parlamentində ratifikasiya etməkdən imtina edirdi. Davamı olaraq Şərqi Anadoluya iddialarını sələndirirdi.

 

Paralel olaraq diasporla əlbir şəkildə 1915-ci il hadisələrinin soyqırımı kimi tanınmasına cəhdlər olunur, Qarabağdakı hərbi əməliyyatlar da öz axarında davam etdirilirdi.

 

Ermənistan Türkiyəni necə aldatdı?

 

Göründüyü kimi, əslində Ermənistan müstəqilliyini qazandığı ilk anlardan Türkiyəyə meydan oxumağa başlayıb.

Buna baxmayaraq, yeni geosiyasi reallıqda aktiv regional siyasət yürütmək istəyən Turqut Özal hakimiyyəti Ermənistanla mövcud 268 kilometrlik sərhəd xəttini açdı.

 

Bu addım Azərbaycanda ciddi narazılıqla qarşılandı. Rəsmi Yerevan Azərbaycanla kommunikasiya əlaqələrinin kəsilməsi səbəbindən elektrik enerjisi, ərzaq və geyimə olan ehtiyaclarının bir hissəini Türkiyənin hesabına ödəyə bildi.

 

Lakin 1993-cü ilin aprelində Ermənistanın bölgənin inzibati sərhədlərini aşaraq, Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsi Türkiyə ilə münasibətlərdəki müvəqqəti yaxınlığa son qoydu.

 

BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğaldan azad edilməsiıə bağlı qəbul etdiyi qətnaməyə də məhəl qoymayan Yerevan vəziyyətdən ikiqat divident əldə etmək istəyirdi.

 

Amma 1993-cü ilin aprelində Türkiyə prezidenti Turqut Özal vəfat etdi. Və Türkiyə prezidenti səlahiyyətlərini icra etməyə başlayan baş nazir Süleyman Dəmirəl Ermənistanla sərhədlərin bağlanması barədə göstəriş verdi.

 

Erməni diasporunun güclü olduğu ABŞ, Fransa bu qərarı pisləyən bəyanatlar verdi və Türkiyə-Ermənistan münasibətlərinin Dağlıq Qarabağ kontekstindən kənarda baxılmasını tələb etdilər.

 

Daim ABŞ-ın siyasi təsirinin güclü olduğu Türkiyə hakimiyyəti isə təzyiqlərə boyun əymədən, qətiyyətlə öz qərarını müdafiə etdi.

 

Bu önəmli qərar Dağlıq Qarabağ cəbhəsində əsaslı dönüşə səbəb olmasa da, Ermənistanın iqtisadi blokasadını rəsmləşdiridi, ölkədə ağır siyasi-iqtisadi durum və kütləvi mühacirətə gətirib çıxartdı.

 

Çox güman ki, Ermənistan prezidenti Levon Ter-Petrosyan Azərbaycana görə Türkiyənin öz dövlət sərhədlərini onun ölkəsinin üzünə bağlayacağını düşünməmişdi.

 

Siyasətçinin bu taktiki səhvi ölkəsi üçün strateji məğlubiyyətə səbəb oldu. Amma onu da vurğulamaq yerinə düşər ki, Ter-Petrosyan ölkəsini düşdüyü çətin vəziyyətdən çıxartmaq üçün Türkiyə sərhədlərinin açılmasının labüdlüyünü dərk edirdi.

 

Qarabağ xuntasının Ter-Petrosyana təzyiqi

 

O, anlayırdı ki, bağlı sərhədlər daxilində, Yerevana yalnız təyyarə vasitəsilə gedildiyi şəraitdə heç bir inkişafdan söhbət gedə bilməz və ölkə tədricən xarici idxaldan asılı vəziyyətə düşəcək.

 

Bunun üçün də Türkiyə sərhədlərinin açılması üçün şərt olan Qarabağ münaqişəsində güzəştə getmək istədi.

Lakin Qarabağ xuntası bunu fürsət bilib, Ter-Petrosyanı təzyiq altında könüllü istefaya göndərdi. Sözün bütün mənalarında radikal erməni millətçisi olan Robert Köçəryan prezident kimi mötədil və mülayim Petrosyandan qat-qat zəif başçı idi.

 

Təsadüfi deyil ki, Köçəryan onilliyində (1998-2008) Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə məlumatlar, xəbər sızdırılmalaır yox səviyyəsində idi.

 

Ermənistan Türkiyə üçün önəmli bazar deyil

 

Hazırki prezident Serj Sərksiyana gəldikdə, 2008-ci ilin sentyabrında Türkiyə prezidenti Abdulla Gülü Yerevanda keçirilən futbol üzrə Türkiyə-Ermənistan matçına dəvət etməklə hiyləgər siyasi gediş etdi.

İlk baxşıda önəmsiz görünən bu hadisə sonradan Gülün Sərksyanı İstabuldakı cavab matçına dəvət etməsinə yol açdı.

 

Qərb dövlətlərinin, xüsusilə sərhədlərin açılmasını arzulayan Amerikanın ciddi dəstəyi ilə “futbol diplomatiyası” adını almış hadisə 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Ankara və Yerevan arasında diplomatik münasibətlərin bərpasını və sərhədlərin açılmasını özündə ehtiva edən “Sürix protokolları”nın imzalanmasına səbəb oldu. Lakin “futbol diplomatiyası” yolu ilə böyük geosiyasi qələbə qazandığını düşünən Sərkisyanı böyük məyusluq gözləyirdi. Çünki o, Azərbaycanın Türkiyəyə göstərəcəyi təsirin miqyasını bilmirdi.

 

Məhz rəsmi Bakının ciddi xəbərdarlıqlarından sonra Türkiyə həmin protokolların ratifikasiyasını dondurdu.

Ermənistan prezidenti növbəti diplomatik məğubiyyətlə üzləşməli oldu. Baş verən hadisə digər tərəfdən Türkiyə Respublikasının sərhədləri açmaq məsələsində mövqeyinin yumşaldığını nümayiş etdirdi.

 

Ölkəsinin Avropa Birliyinə daxil olması üçün ciddi cəhdlər edən hazırki prezident Rəcəb Tayyib Ərdoğan quruma üzvlük şərtlərindən biri olan Ermənistanla sərhədlərin açılması məsələsində güzəştə getmək istədi. Düzdür, sırf geopolitik anlamda Türkiyənin regionda təsir dairəsinin artması üçün bu addım müsbət olardı.

 

Lakin bu addım Azərbaycanın Qarabağı sülh yolu ilə geri qaytarmaq üçün hazrladığı təsir rıçaqlarından önəmlisi itirilmiş olacaqdı. Həm də əhalisinin sayı 80 milyona yaxınlaşan Türkiyə iqtisadiyyatı üçün 3 milyonluq kasıb Ermənistan bazarı heç bir iqtisadi divident vəd etmirdi.

 

Ermənistanla sərhədlərin açılması aktual olmayacaq

 

Deməli, Ərdoğanın sərhəd məsələsindəki mövqeyi iqtisadi deyil, sırf geosioyasi məqsədlər daşıyırdı. Bu fonda 2014-cü ilin iyununda Türkiyənin “Tərəf” qəzetində çıxan məqalə maraqlı görünür. Qəzetin məlumatına görə, Ərdoğan hələ 2012-ci ildə Türkiyə-Ermənistan sərhəddindəki 7 kilometrlik yolun asfatlaşdırılması barədə göstəriş vermişdi.

 

Bundan başqa, Ermənistanla sərhəddə yerləşən Əlican gömrük məntəqəsəinin təmiri və lazımlı avadanlıqla təmin olunması prosesi də başlamışdı. Qəzetin yazdığına görə, bütün bunla Ərdoğanın “erməni soyqırımı”nın 100 illiyi öncəsi Ermənistanla münasibətləri normallaşdırmağa yönəlmiş siyasətidir.

 

Lakin bu həyəcanlı xəbərlərin ardınca görünən odur ki, rəsmi Bakının etirazlarından sonra Ərdoğanın bu məsələdə mövqeyi yenidən sərt stil alıb. Sonuncu Bakı səfərində Dağlıq Qarabağ məsələsi ilə bağlı kompromissiz çıxışı onun Azərbaycanın yanında olduğu bir daha sübut etdi.

 

Çox güman ki, Azərbaycanın və türk ictimaiyyətinin etirazı fonunda yaxın illərdə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələlər aktual olmayacaq.

COMMENTS