Türkiyədə koalisiya hökuməti qurulması qəlizləşir

Şahin Cəfərli: “Ötən müddətdə siyasi partiyaların mövqeyində prinsipial dəyişiklik baş verməyib, CHP də, MHP də öz şərtlərində qalır…”
Türkiyədə hökumət qurulması danışıqları rəsmən start götürdü. AKP sədri və hazırkı baş naziri Əhməd Davudoğlu həftənin birinci günündən etibarən parlamentdə təmsilçiliyi olan partiyaların rəhbərləri ilə görüşüb koalisiya təkliflərini müzakirə edəcək.

Artıq partiyaların koalisiya şərtləri də demək olar ki, məlumdur. AKP isə bəyan edib ki, prezidentin səlahiyyətlərindən başqa bütün digər mövzularda müzakirələrə hazırdır.
Ərdoğanın səlahiyyətləri mövzusu isə müxalifətin əsas şərtlərindən biri olaraq qalır. Bu mənada Türkiyə siyasətini təhlil edən ekspertlər koalisiya hökuməti qurulmasını xeyli dərəcədə çətin hesab edirlər. Artıq bir çoxları yeni seçkilərlə bağlı danışmağa başlayıb. Hətta prezident Ərdoğanın da yeni seçkilərə gedilməsinə tərəfdar olduğu bildirilir.

Yalnız yeni seçilmiş deputatlar və partiya aparatı daha bir yorğunluq və çətinlik yaşamamaq və mandatın verdiyi imkanları qazanmaq üçün erkən seçkilərə soyuq yanaşır.

Türkiyə qanunlarına görə, qarşıdakı 45 gün ərzində hökumət qurulmasa və prezident bu səlahiyyəti başqa siyasətçiyə verməyəcəyi halda yeni seçkilər təyin olunacaq ki, bu da təxminən noyabrın əvvəllərinə təsadüf edir.

Siyasi şərhçi Şahin Cəfərli deyir ki, koalisiya qurulması imkanlarında hər hansı dəyişiklik yoxdur. Onun fikrincə, Türkiyədə koalisiya qurulması ehtimalı seçkidən bir gün sonra – 8 iyunda nə qədər idisə, indi də o qədərdir: “Ötən müddətdə siyasi partiyaların mövqeyində prinsipial dəyişiklik baş verməyib. CHP də, MHP də öz şərtlərində qalır. MHP-nin TBMM sədrinin seçkisində Dəniz Baykala dəstək verməməsi və bunun nəticəsində AKP-nin namizədi İsmət Yılmazın seçilməsindən sonra bu iki partiya arasında koalisiya qurulması üçün münbit siyasi-psixoloji zəmin yarandığı güman olunurdu, lakin müsbət atmosfer qısa zamanda aradan qalxdı. MHP lideri Dövlət Baxçali yalnız 3 təməl şərt çərçivəsində AKP ilə koalisiyanın mümkün ola biləcəyini bəyan etdi: 1. ”Çözüm sürəci” deyilən kürd məsələsinin həlli prosesinin dayandırılması; 2. 17-25 dekabr (2013) korrupsiya və rüşvət qalmaqalının sonadək obyektiv araşdırılması və günahkarların məhkəməyə çıxarılması; 3. Prezident Ərdoğanın hökumətin fəaliyyət sahəsinə müdaxilədən tamamilə vaz keçərək öz Konstitusion səlahiyyət çərçivəsinə qayıtması. D.Bahçeli 3-cü şərti dilə gətirərkən öz üslubuna uyğun sərt ifadələr də işlədərək prezident Ərdoğanın Saraydan çıxaraq Çankaya köşkünə dönməsinin zəruri olduğunu da vurğuladı”.

Ş.Cəfərli deyir ki, AKP-nin bu şərtləri, xüsusən də birinci və üçüncü maddələri qəbul etməsi mümkün deyil: “Çözüm süreci” AKP-nin ən önəmli layihəsidir və Ərdoğan bu problemi həll edib, PKK terrorunu bitirərək tarixə düşmək istəyir. Bu layihədən imtina edərsə, AKP ümmətçi kürdlərin dəstəyini tamamilə itirə bilər. Ən əsası isə Türkiyə PKK terrorunun və iri şəhərlərdə kürd etirazlarının başlaması nəticəsində yeni bir qarışıqlıq və qeyri-müəyyənlik mərhələsinə girə bilər. Təəssüflə qeyd etməliyik ki, kürd siyasi-separatçı hərəkatı Türkiyədə mükəmməl təşkilatlanıb və Öcalandan (yaxud Qəndildəki qərargahdan) gələn komanda ilə eyni anda ölkənin bütün ərazisində mütəşəkkil surətdə hərəkətə keçmək qabiliyyətinə malikdir. 6-7 oktyabr 2014-cü il olayları kürd separatizminin Türkiyədə çox ciddi destabilizasiya potensialına malik olduğunu ortaya qoydu. Xatırlayırsınızsa, həmin vaxt kürdlər Türkiyə dövlətinin Kobanidəki kürd əhaliyə qarşı İŞİD zülmünə biganə qaldığını bildirərək kütləvi etiraz aksiyaları keçirmiş və bir sıra şəhərlərdə böyük iğtişaşlar törətmişdilər. Hətta dövlət polisin aciz qaldığını görərək bəzi Cənub-Qərb bölgəsi şəhərlərinə ordu hissələri yeritmişdi”.

Ş.Cəfərlinin fikrincə, AKP-nin müxalifətin şərt olaraq irəli sürdüyü “çözüm süreci” və prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması kimi məsələlərdə geri çəkilməsi mümkün görünmür. Bütün bunlar da AKP-MHP koalisiyasının reallaşması ehtimalını həddən artıq azaldır. Ekspertə görə, bu şərtlərdə AKP-MHP koalisiya hökumətinin qurulması sensasiya olardı.

CHP ilə koalisiyana gəldikdə, Ş.Cəfərli hesab edir ki, bu partiya da korrupsiya və Ərdoğanın daxili və xarici siyasətdəki rolunun məhdudlaşdırılması məsələsində MHP ilə paralel düşüncələrə sahibdir: “Bununla yanaşı, CHP islahat xarakterli bir sıra addımların atılmasını, məsələn, 10 faizlik seçki baryerinin 5 faizə endirilməsi, polisə geniş səlahiyyət verən ”Daxili təhlükəsizlik Qanunu”nun müvafiq maddələrinin dəyişdirilməsi, YÖK-ün (Ali Tehsil Şurası) ləğvi, eləcə də xarici siyasətdə kardinal dəyişiklik edilməsi və özünün seçkiqabağı sosial vədlərinin həyata keçirilməsini tələb edir. Bu şərtlərin əksəriyyəti AKP üçün qəbuledilməz olduğundan, AKP-CHP koalisiyasının formalaşması ehtimalının da az olduğunu söyləyə bilərik”.

Ş.Cəfərli deyir ki, indi daha real görünən erkən seçkilərin keçirilməsidir: “Düzdür, MHP və ya CHP-nin ali dövlət mənafelərini əsas tutaraq ölkənin hökumətsiz qalmaması üçün öz şərtlərini yumşaldıb AKP ilə koalisiya qurması variantını tam istisna etmək olmaz. Lakin məsələ burasındadır ki, AKP tərəfi də öz şəriksiz hakimiyyətini kiminləsə bölüşməyə həvəsli deyil. Keçirilən rəy sorğularında AKP-nin səs faizində müəyyən artım olduğu da ortaya çıxıb. Bu səbəblə AKP-nin erkən seçki variantına üstünlük verməsi sürpriz olmayacaq”.

COMMENTS