Top.Mail.Ru

Türkiyəli rəssam Bakıdan cəbhəyə gedəcək – SƏRGİ

Dünən İçəri şəhərdə yerləşən Abşeron Art Gallery salonunda Türkiyə Aydın Adnan Menderes Universitetinin professoru Nülufər Üstündağ Özelin “Anadolu Nağılları” adlı fərdi sərgisinin açılışı olub.

BakuPost xəbər verir ki, tədbiri giriş sözü ilə “Abşeron Art Gallery”nin rəsm qalereyasının direktoru, sənətşünas Eldəniz İbrahimov açıb. O, Nülifər Özellə tanışlıqlarından və sərginin məqsədindən bəhs edib.

Azərbaycan nağıllarının Salman Mumtaz tərəfindən min bir çətinliklərlərlə toplanaraq ərsəyə gətirilməsindən danışan E.İbrahimov nağılların insan həyatında əhəmiyyətli yer tutduğunu vurğulayıb.

Ulduz jurnalının baş redaktoru, əməkdar jurnalist Qulu Ağsəs Nülufər Özelin əsərlərinin əsas ideyasından, süjet xəttindən danışıb. Bildirib ki, belə sərgilərin təşkili mədəniyyətlər arası dialoq üçün vacibdir.

Sərgi Adnan Menderes Universitetinin tələbəsi, gənc kinorejissor Süleyman Müradlının təşəbbüsü ilə təşkil edilib.

Nülufər Özel çıxışında Bakıda sərgi keçirmək istəyinin necə yarandığından bəhs edib: “Universitetdə tanıdığım bir fotoqrafın Azərbaycanda sərgisi təşkil olunmuşdu. Onun çox xoş təəssüratlarla Bakıdan ayrıldığını öyrəndikdən sonra burada bir sərgi açmaq ideyası yarandı. Belə bir məqamda universitetin tələbəsi Sülayman Muradlının Bakıda rəsm sərgisi açmaq təklifi gəldi və mən buna dərhal razılıq verdim.

Bakıya gəldiyim və sizlərlə yaxından tanış olduğu üçün Süleymana minnətdaram. O, iki qardaş dövlət arasında olan əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük işlər görür”.

Qeyd edək ki, rəssamın İzmirdə Qarabağ mövzusunda “Azəricə öykülər” adlı sərgisinin açılması nəzərdə tutulur. Bu məqsədlə onun Göranboy rayonunun Tapqaraqoyunlu kəndinə, Naftalana, Daşaltı kəndinə səfəri planlaşdırılır. Rəssam cəbhə bölgəsinə səfər edəcəyi üçün çox həyəcanlı olduğunu və səfər çərçivəsində cəbhə bölgəsində olan vəziyyət, əhalisinin yaşayışı ilə bağlı məlumatların gələcəkdə yaradacağı əsərlər üçün ilham mənbəyi ola biləcəyini qeyd edib.

Sərgidə Nülufət Özəlin ümumilikdə 19 rəsmi nümayiş etdirilir. Onun hazırladığı 19 illüstrasiyanın hər biri Anadolunun 19 nağılı əsasında hazırlanıb. Rəssam nağılda olan hər hansı bir ideyanı əsas götürərək onu vizual olaraq kağız üzərinə köçürüb. Rəssamın Türkiyədə, eləcə də Avropanın bir çox ölkələrində sərgiləri təşkil edilir. Azərbaycanda isə ilk sərgisidir.

Sərgi fevralın 7-nə kimi davam edəcək.

Dosye.org

COMMENTS