Tuyqun Nadirovun “cibinə buxarlanan“ pullar: Mübariz Mənsimov necə aldadılır?

Tuyqun Nadirovun “cibinə buxarlanan“ pullar: Mübariz Mənsimov necə aldadılır?

Heç kimə sirr deyil ki, idman mətbuatı klubların və onları himayə edən şirkətlərin verdiyi reklam pulları sayəsində ayaqda qalır

 

Kənar reklamların yox dərəcəsində olması mətbuatı klublardan asılı vəziyyətə salıb. Bu səbəbdəndi ki, həmin reklamlar dayandıqda mətbuat orqanları çətin vəziyyətə düşür.

Mətbuata reklam verən klublardan biri də “Xəzər Lənkəran”dı. Mübariz Mənsimov klubu yaratdığı gündən futbola böyük pullar xərclədiyi kimi jurnalistləri də yaddan çıxartmayıb. Bəzən bunu komandasına və özünə dəstək üçün etsə də, istənilən halda idman mediasının ayaqda qalmasına dəstək olub. Amma…

Amma son dövrlər Mənsimovun şirkəti və klubu deyəsən mətbuatdan üz döndərib. Bir müddət əvvəl yaranan problem barədə məlumat vermişdik. Xatırladaq ki, sonuncu dəfə iyunun əvvəlində may ayının reklam pullarını paylayan “Xəzər Lənkəran” bundan sonra düz 3 ay – iyun, iyul və avqustun ödənişlərini etməmişdi. Klub rəhbərliyi bunu maliyyənin gecikməsi ilə əlaqələndirmiş və tezliklə problemin həll olunacağını bildirmişdi. Amma düz 3 ay heç bir dəyişiklik olmadı.

Sentyabrın ortalarında bəzi mətbuat orqanları şad xəbər aldı ki, bəs “Xəzər Lənkəran” reklam pullarını paylamağa başlayıb. Lakin az sonra hər kəs aldığı xəbərlə məyus oldu. Çünki Lənkəran klubu 3 ay ac qoyduğu medianı cəmi bir ayın pulunu verməklə sevindirməyə çalışdı. Özü də bir ayı yeməklə.

Yuxarıda qeyd etdiyimiz kimi “Xəzər Lənkəran” iyun, iyul və avqust aylarının pullarını gecikdirib. Bu ayın əvvəlində isə mətbuata iyulun pulları verilib. Deməli iyun ayı ortada ya yoxa çıxıb, ya da kimlərsə tərəfindən yeyilib. Həmin “kimlər”in kimliyi də bəllidi. “Xəzər Lənkəran”ı Mübariz Mənsimovun qardaşı Mais Mənsimov idarə edir. Amma klubun bütün işlərini onun əsas adamı, vitse-prezident Tuyqun Nadirov görür. Deməli ortada yoxa çıxan bir ayın pulları da məhz bu şəxs tərəfindən mənimsənilib. Lakin Tuyqun Nadirovun bu işi təkbaşına görməsi mümkün deyil. İstənilən halda mətbuatın pulunun yeyilməsi barədə xəbər qısa zamanda Mais Mənsimovun qulağına çata bilər və çatacaq da. Belə çıxır ki, vitse-prezident hər şeyi prezidentin razılığı və istəyi ilə həyata keçirib.

Bu son deyil. Probelm yaranan 3 aydan birini yeyən (iyun), birini mətbuata verən (iyul) “Xəzər Lənkəran” bir ay (avqust) borclu qalıb. Tuyqun Nadirovun bu ayla da bağlı ciddi planları var. Aldığımız məlumata görə, vitse-prezident avqust ayının da pulunu mənimsəmək niyyətindədi. Bunun üçün isə sentyabr ayının bitməsini gözləmək lazımdı. Belə ki, “Xəzər Lənkəran” bu ayın pullarını növbəti ayın ortalarında paylayır. Əldə etdiyimiz məlumata görə, cənub klubu oktyabrın ortalarında sentyabr ayının ödəmələrini edəcək. Avqust ayının pulları isə iyunun aqibətini yaşayaraq Tuyqun Nadirovun “cibinə buxarlanacaq”.

Mübariz Mənsimov, Mais Mənsimov, Tuyqun Nadirov üçün hər ay verilən 10-15 min manatlıq reklam pulları böyük məbləğ hesab olunmaya bilər. Amma ayda 300-350 manata çalışan, başqa gəliri olmayan, ailəsini bununla saxlayan kasıb jurnalist üçün bu çox böyük məbləğdi. Təəssüf ki, klub rəsmiləri bu reallığı başa düşmək istəmir.

Sonda maraqlı bir məqamı da diqqətinizə çatdıraq. Əldə etdiyimiz məlumata görə, “Xəzər Lənkəran” rəhbərliyi heç də bütün mətbuat orqanlarının iyun ayı üçün pulunu mənimsəməyib. Belə ki, Mais Mənsimovun dostluq etdiyi və “Xəzər Lənkəran” rəhbərliyinin çəkindiyi bir neçə sayt və qəzetə həmin ayın da pulları ödənilib. Səsini çıxartmayanların pulları isə mənimsənilib.(piasport.az)

COMMENTS