Üçüncü Dünya Müharibəsi başlada bilər

Üçüncü Dünya Müharibəsi başlada bilər

Martın 22-də axşam saatlarında Moskva yaxınlığında yerləşən “Crocus City Hall”da terror aktı törədilib. Qanlı olayın İŞİD qruplaşması tərəfindən törədildiyi bildirilsə də, bununla bağlı Rusiya rəsmiləri açıqlama verməyib.

Son məlumatlara əsasən, azərbaycanlı iş adamına məxsus konsert zalında baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 133 nəfərdir.

Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin Bryansk vilayətində saxlanıldığı bildirilir. KİV-in məlumatına əsasən, saxlanılan avtomobildə 6 nəfər olub. Onların 4-ü qaçıb. Ümumilikdə isə terror aktına görə 11 nəfərin saxlanıldığı qeyd olunub.

Rusiyadan gələn xəbərlərin fonunda hadisənin arxasında hansı qüvvələrin dayanması sualı ciddi müzakirə doğurur.

Məsələ ilə bağlı Modern.az-a danışan türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar terror aktınından sonrakı hadisələrin Üçüncü Dünya Müharibəsinə gətirib çıxarma riskinin yüksək olduğunu bildirib:

“Bu terror hücumu sadəcə rus dövlətinə qarşı edilmədi. Terror aktı həm də Putinə, onun hakimiyyətinə qarşı çox böyük asimmetrik təsirdir. Təmkinli davranılmazsa, xəta törədilərsə, 3-cü dünya müharibəsinin başlama riski var. Bunun tarixdə misalları var. Məsələn 1933-cü ildə Hitler hakimiyyətə gəlişinin 3-cü həftəsində belə hücum oldu. Hadisə Hitler tərəfindən planlaşdırılsa da, bundan sonrakı hadisələr dünya müharibəsinə gətirib çıxardı. Hazırda qlobal gərginlik mövcuddur. Ukraynada gedən müharibəyə görə ümumiyyətlə,  Atlantik və Avrasiya arasında gərginlik var. Birbaşa isə ABŞ, Böyük Britaniya, Avropa Birliyi ilə Rusiya arasında gərginlik mövcuddur. Tərəflərin konvensianal silahları var. Bundan əlavə, hazır vəziyyətdə nüvə silahları mövcuddur”.

A.Ağar hadisənin Ukrayna tərəfindən törədildiyinə inanmadığını söyləyib:

“Məsələni Ukrayna ilə əlaqələndirməyə çalışırlar. Mən açığı Ukraynanın belə bir şey edəcəyinə ehtimal vermirəm. Çünki belə olan halda Ukrayna ona qarşı Rusiyanın taktiki nüvə hücumlarına başlamasına bəhanə vermiş olar. Rusiya indiyə qədər etmədiklərini etmək istəyə bilər.

Ukraynaya görə Avropa ilə ABŞ arasında parçalanmalar var. ABŞ İkinci Dünya Müharibəsindən bəri yaranmış nizamı pozub. ABŞ artıq “hamı öz başının çarəsinə baxsın” deyir. Bu parçalanmaların axırı necə olacaq? Ruslar başda Almaniya olmaqla Avropaya qarşı qəzəblidirlər. Ona görə ki, hazırda Rusiyanın müharibə üçün xərclədiyi vəsaitin 5 qatını Ukraynaya yardım kimi veriblər. Qərb dünyası rusları fermerlərin etriazları, ifrat sağçıların yüksəlişi, Qərb toplumları içərisindəki rus genetikasını daşıyan cəmiyyətlərin hərəkətə keçirilməsi kimi məsələlərdə ittiham edir. Yəni hadisələrin bir çox aspektləri ola bilər”.

COMMENTS