Bu ölkənin XİN-i isə Ukrayna jurnalistlərini Azərbaycan qanunlarına hörmətlə yanaşmağa çağırdı
Ukraynan Xarici İşlər Nazirliyi (XİN) ölkə jurnalistlərini nazirliyin tövsiyələrinə qulaq asmağa və Azərbaycan tərəfinin Dağlıq Qarabağa giriş qaydalarına hörmətlə yanaşmağa çağırıb. Bu barədə Ukrayna XİN-in mətbuat katibi Yevgeni Perebiynis “1+1″ kanalının ”15 respublika” verilişinin yayımı ilə bağlı Azərbaycan səfirliyinin Ukraynaya nota təqdim etməsinə dair “Ukrinform”a şərhində bəyan edib: “Biz, əlbəttə, Azərbaycan tərəfini məlumatlandırmışıq ki, saytımızda (proqramda) barəsində söhbət gedən regionlara səfər etmək üçün Azərbaycanın müvafiq orqanlarına müraciətin vacibliyi barədə aydın şəkildə yazılmış tövsiyələr var. Və biz daim bütün jurnalistləri həmin normalara dəqiq əməl etməyə çağırırıq”.
O qeyd edib ki, jurnalistlər tərəfindən Azərbaycan Respublikasının qaydaları pozulub, eləcə də Ukrayna XİN-in özünün tövsiyələrinə etinasızlıq göstərilib: “Bu, özəl kanaldır, biz əlbəttə ki, özəl kanallara hansısa göstərişlər verə bilmərik. Lakin istənilən halda biz bütün jurnalistləri həmin normalara əməl etməyə çağırırıq. Müvafiq olaraq, biz öz mövqeyimizi bir daha kanal rəhbərliyinə çatdıracağıq”.
Qeyd edək ki, noyabrın 26-da Azərbaycanın Ukraynadakı səfirliyi öz saytında Ukrayna XİN-ə jurnalistlərinin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi və “1+1? televiziya kanalının Azərbaycanın əleyhinə veriliş hazırlaması ilə əlaqədar nota göndərilməsi barədə məlumat verib.
Notada Azərbaycan səfirliyi qeyd edib ki, bu proqram “Azərbaycan Respublikasının ictimai-siyasi sistemini ləkələyir, müstəqillik illəri ərzində əldə olunan uğurlar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və səbəbləri təhrif edilir”. Proqramın Ukrayna və Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinə ciddi ziyan vurduğu qeyd edilir.
Qeyd edək ki, son vaxtlarda Ukrayna mətbuatının Qarabağ münaqişəsinə marağı artıb. Bu ölkənin müxtəlif media quruluşları bu mövzuya dair materiallar verirlər.
Məsələn, parlament dövlət büdcəsini təsdiqləyəndən sonra Azərbaycan hərbi xərclərə ayrılan vəsaitin məbləğini artırmasını əsas götürən ukraynanın Trust.ua portalı bunu müharibəyə hazırlıq kimi qiymətləndirir.
Anspress-in məlunmatına görə, saytın bununla bağlı hazırladığı məqalədə qeyd edilir ki, prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan ordusuna gələn il 5 milyard dollar xərclənəcək. Məqalədə bu növbəti rekord göstərici kimi təqdim olunur və bildirilir ki, üstəlik bu məbləğ Ermənistanın ümumi büdcəsindən 2 milyard dollar çox olacaq.
Nəşr qeyd edir ki, Azərbaycan regionda hərbi idxalı 150 faizdən yuxarı çoxaldan yeganə ölkədir. 85 faiz silahını isə Azərbaycan Rusiyadan alır, təkcə 2013-cü il üçün Azərbaycan Rusiyadan 3,5 milyard dollarlıq silah alıb.
2013-cü ildən etibarən Rusiya ilə quru qoşunları hərbi texnikası üzrə müqavilələr silsiləsi isə təəccübləndirməyə bilmir. Buraya 94 ədəd T-90C tankları, 100 ədəd pyadalar üçün hərbi vasitələr BMP-3, 18 ədəd özüyeriyən “Msta-C” artileriya qurğuları, 18 “Smerç” reaktiv atəş sistemləri, 18 ədəd özüyeriyən “Vena” artileriya qurğuları o cümlədən 6 ədəd “Buratino” yeni modifikasiya sistemli TOS-1A “Solnsepek” ağır odsaçan artilleriya sistem alayı daxildir.
Nəşrin qeyd etdiyinə görə, 2015-ci il üçün Azərbaycan Ermənistanın hərbi xərclərindən 10 dəfə çox orduya pul ayıraraq səbr kasasının dolduğu mesajını verir.
Qeyd edək ki, Azərbaycanın hərbi büdcəsini 5 milyard dollara çatdırması Ermənistanda da ciddi narahatlıq yaradıb. Azərbaycan cəmiyyətində isə bu ordumuzun daha da güclənməsi üçün çox vacib bir amil kimi qiymətləndirilir.
COMMENTS