Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier deyir ki, Ukraynada durum «yenidən ciddiləşib» və Rusiya da daxil olmaqla, bütün tərəflər 5 sentyabr atəşkəs sazişinin şərtlərinə əməl etməlidir. Steinmeier noyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada danışıb:
«Təəssüf ki, durum yenidən ciddiləşir. Düşünürəm münaqişənin bütün tərəflərini, eləcə də Rusiya tərəfini Minsk protokolunun şərtlərinə qayıtmağa çağırmalıyıq,» Steinmeier mətbuat konfransında deyib. Atəşkəs bağlanandan ilk dəfə olaraq noyabrın 9-da Donetskdə güclü atışma olub. Steinmeier-in bəyanatdan öncə Birləşmiş Ştatlar və Avropa Birliyi Ukraynanın rusiyayönlü yaraqlıların nəzarətində olan şərqində əsgər və silahlardan ibarət karvanların hərəkətindən narahatlığını bildirib.
Ağ Ev bildirib ki, yaraqlıların daha böyük ərazi tutmağa yönəlik hər hansı cəhdi 5 sentyabr atəşkəs sazişini pozacaq. Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadette Meehan Rusiyanı çağırıb ki, yaraqlıları silahlandırmağı dayandırsın və Ukraynadan bütün əsgərləri və silahları çəksin.
Oxşar xəbərdarlığı Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini də səsləndirib. Moskva apreldən 4 min nəfərin ölümünə gətirmiş münaqişədə hər hansı rolunu danır.
ATƏT noyabrın 8-də bildirib ki, müşahidəçiləri Ukraynanın şərqində əsgər karvanı görüb. Ukrayna yeni əsgərlərin Rusiyadan gəldiyinə şübhəsi olmadığını bildirib.
COMMENTS