Ukraynada vuruşan azərbaycanlılar cinayətkardırmı?

Namizəd Səfərov: “Onlar Azərbaycan yox, Ukrayna qanunları ilə məsuliyyət daşıyır”Bugünlərdə Ukraynada seperatçı rejimin nəzarətində olan Slavyansk şəhərinin meri öz qoşunlarının etnik tərkibi ilə bağlı maraqlı bəyanat səsləndirdi. Slavyansk döyüşçüləri sırasında azərbaycanlıların da olduğuna diqqət çəkən mer, Ukraynaya qarşı çeçen və s. xalqların nümayəndələrinin də savaşdığını bildirib. 

 

Azərbaycanlıların Suriyadan Ukraynaya uzanan döyüş yolu

Məlumat üçün qeyd edək ki, Slavyansk şəhərinin meri tərəfindən səsləndirilən bu məlumat Ukraynada azərbaycanlıların vuruşması ilə bağlı ictimaiyyiləşən ilk ciddi məlumat hesab edilə bilər. Hansı ki, bugünə qədər azərbaycanlıların yalnız Suriyadakı hərbi əməliyyatladra yer alması ilə bağlı xəbərlər yayılırdı ki, bu da sırf dini amillə əlaqələndirilirdi. Lakin soydaşlarımızın Ukraynada vuruşması ilə bağlı səslənən məlumatlar Azərbaycanın “döyüşçü ixracatının” yalnız dini faktorlarla bağlı olmadığını isbatlamaqdadır. Ukraynada savaşan tərəflərin hər ikisinin xristian dininə, habelə bizdən fərqli olaraq tamam başqa mədəniyyət və baxış sisteminə malik olduğunu nəzərə alsaq, o zaman soydaşlarımızı bu ölkədəki döyüş meydanlarına çəkən amillərin tamam fərqli olduğunu ehtimalı avtomatik olaraq aktuallıq qazanır.

Ukrayna müharibəsində pul və ideya faktoru

Əksər ictimai-siyasi xadimlər hesab edir ki, azərbaycanlıları Ukraynadakı əməliyyatlara cəlb edən əsasən iki amildir ki, bunlardan biri pul, digəri isə ideya faktorudur. Belə ki, Azərbaycanda sosial baxımdan vəziyyət kifayət qədər acınacaqlı olduğu üçün soydaşlarımızın bəlli bir qisminin Ukraynadakı müharibəyə qazanc vasitəsi kimi baxması tamamilə mümkündür. Çox güman ki, anti-Ukrayna cəbhəsində yer alan soydaşlarımız bunun müqabilində müəyyən maliyyə vəsaiti almaqdadır. Soydaşlarımızı Ukraynaya çəkən digər bir amil isə ideya amili hesab olunur ki, bu amilin azərbaycalı döyüşçülərin az bir qisminə şamil edilə biləcəyi ehtimal edilir.

Ukraynada vuruşan soydaşlarımız Azərbaycan qanunları qarşısında məsuliyyət daşıyırmı?

Azərbaycanlıların Ukraynada vuruşması ilə bağlı səslənən iddialar məsələnin hüquqi tərəfini də aktuallaşdırır. Ukraynada vuruşan soydaşlarımız Azərbaycan qanunları qarşısında məsuliyyət daşıyırmı? Həmin şəxslərin kimliyinin təsbit edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində Azərbaycanın əlaqədar hüquq-mühafizə orqanları iş aparmalıdırmı?
Moderator.az-a açıqlama verən hüquqşünas Namizəd Səfərov həmin şəxslərin Azərbaycan qanunları ilə məsuliyyət daşımadığını bildirib:
“Hesab edirəm ki, hər hansı bir şəxsin müharibə və hərbi əməliyyatlarda hansı tərəfdən çıxış etməsi onun hüququdur. Əgər bizim hər hansı bir vətəndaş gedib Ukraynadakı əməliyyatlarda iştirak edirsə, mən bunu ölkə qanunlarının pozulması kimi dəyərləndirmirəm. Hesab edirəm ki, bu gün Azərbaycanda həmin şəxslərə qarşı hər hansı bir cinayət işinin qaldırılması qanunsuzluq olardı”.

“Dövlət soydaşlarımızın normal dolanışığını təmin etsəydi…”

N.Səfərovun qənaətincə, əgər Azərbaycan dövləti Ukraynadakı hərbi əməliyyatlarda iştirak edən soydaşlarımızın normal dolanışığını təmin etsəydi, o zaman heç kim öz həyatını təhlükə qarşısında qoyaraq yad bir ölkədə gedən müharibəyə qatılmazdı:
“Bizim vətəndaşların Suriyada və digər qaynar nöqtələrdə müxtəlif tərəflərdən vuruşması ilə bağlı məlumatlar yayılmaqdadır. Hesab edirəm ki, bu, onların ideya istəyindən qaynaqlanır. Digər bir səbəb isə o ola bilər ki, onlar maddi qarşılıq əvəzində bu əməliyyatlarda yer alırlar. Yəni bu əməliyyatlara pul qazanmaq vasitəsi kimi yanaşırlar. Əgər Azərbaycan normal dövlət olsaydı, həmin vətəndaşları öz ölkəsində normal bir işlə təmin etsəydi, onlar öz ailələrini saxlamaq üçün xaricə getmək və ölüm təhlükəsi altında vuruşmaq məcburiyyətinə qalmasaydılar, bu ölkələrə getməzdilər. Hesab edirəm ki, bu vətəndaşlar arasında məlum döyüşlərdə pul qazanmaq niyyəti ilə iştirak edənlər də az deyil. Lakin bu insanların öz ideyaları uğunda vuruşa biləcəyini də istisna eləmirəm”.

“Onlar qəhrəmandır”

N.Səfərovun bildirdiyinə görə, kimin nə deməyindən asılı olmayaraq, öz həyatını təhlükə qarşısında qoyan bu insanlar qəhrəmandır:
“Vaxtiylə İspaniyada Franko rejiminə qarşı dünyanın müxtəlif ölkələrindən gələn minlərlə könüllü vuruşmuşdu. Hansı ki, onlarlın hamılsı sonradan qəhrəman kimi alqışlandı. Hansısa hərbi əməliyyatda iştirak etmək, hər an ölümlə üz-üzə gəlmək deməkdir. Əgər hər kimsə bu qorxu altında vuruşursa, həmin şəxs qəhrəmandır. Hətta o, hər hansı bir məbləğ qarşılığında vuruşursa belə, bu, belədir. Çünki onalr öz həyatları ilə risk edirlər”.

“Bu şəxslər yalnız Ukrayna qanunlarına görə məsuliyyətə cəlb edilə bilər”

Hüquqşünasın fikrincə, bu ölkədə hərbi əməliyyatlara qoşulan azərbaycanlılar yalnız Ukrayna qanunları əsasında məsuliyyətə cəlb oluna bilər:
“Slavyansk, Luqansk və s.şəhər və vilayəylərdə dövlətə qarşı çıxanlar seperatçı adlandırılır. Həmin şəxslər Ukrayna dövlətinə qarşı seperatçılıqda ittiham edilirlər. Bu baxımdan Ukrayna tərəfi onlara qarşı vuruşan hər hansı bir şəxsi öz qanunalrı əsasında ən ağır cəzaya məhkum edə bilər. Onlara qarşı Ukrayna dövlətçiliyinə qarşı silahlı mübarizə maddəsi ilə cinayət işi qaldırıb həmin şəxsləri ciddi cəzalara məruz qoya bilər. Başqa sözlə desək, Azərbaycan yox, Ukrayna dövləti bu insnaları cəzalandıra bilər”.

Seymur Əliyev

COMMENTS