Ümid Partiyasına təhdidlər cavbsız qalmadı

“Vallah, kim nə istəyir etsin, mənim buna aidiyyətim yoxdur”.

 

Bunu Hafta.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə 4 ay əvvəl partiyasından istefa verən müavini Könül Quliyevanın “video qalmaqalı”na açıqlama verərkən deyib. İ.Ağazadə partiyanın keçmiş ailə, qadın və uşaq məsələləri üzrə müavininin mediaya “müəmmalı” açıqlamasından çəkinmədiyini bildirib: “Kim nə istəyir etsin. Kimin əlində nə var, mətbuata təqdim edə bilər. Lap istəyirlər məhkəməyə müraciət etsinlər. Mənim buna heç bir aidiyyətim yoxdur”.

Xatırladaq ki, Könül Quliyeva mətbuata açıqlamasında dörd ay əvvəl Ümid Partiyasında baş verən hadisələr haqqında ilginc açıqlamalar verib:

“Partiyadan istefam mənim siyasi fəaliyyətimlə bağlı olub. Təbii ki, müəyyən narahatlıqlarım vardı. Yaşadığım həmin hadisələrlə bağlı bir video çəkiliş aparmışam. Bütün olayları orada qeyd edərək, etibarlı mənbələrə vermişəm. Əgər həyatımda hər hansı ciddi təhlükə ilə rastlaşaramsa, o zaman həmin çəkiliş ictimailəşəcək”.

Qeyd edək ki, Ümid Partiyasının sədri iyunun 4-də partiyanın 6 sədr müavinini eyni gündə işdən qovub.

COMMENTS