“Unibank”ın üç istiqamət üzrə “SOYĞUNÇULUQ” üsulları – ARAŞDIRMA

Miq.az-ın növbəti araşdırması “Unibank”ın kreditləri ilə bağlıdır.

– Nağd kreditlər
– Mikro-kreditlər
– İpoteka kreditləri

Bankın saytında fərdi müştərilərə üç istiqamət üzrə kredit verildiyi yazılır və “çox sərfəli” deyə təqdim olunur. Sonuncu sözü kommersiya siyasəti baxımından anlamaq olar. Amma məsələ işə gələndə bunun tam əksi ilə qarşılaşmaq adi hal alıb.

Nağd kreditlər: bir alanda, bir də verəndə sevinmək “düsturu”

Bankın nağd kreditləri “bir alıb min ödəmək” məsələsindən elə də fərqlənmir. Nağd kreditlər üç istiqamət üzrə verilir: Təkrar müştərilər, təqaüdçülər və maaş kartı “Unibank”dan olanlar.

Təkrar müştərilər

Kreditin maksimum məbləği 10 min AZN-dir. 36 aya verilən bu kreditlərdə komissiya haqqı olaraq 1 faizin tutulduğu deyilir. Yəni müştəri 10 min AZN kredit götürürsə, rəsmi olaraq 100 manat tutulacaq. Lakin bu qeyri-rəsmi haqqa qarışmır. Ötən yazımıda da qeyd etdiyimiz kimi, bank müştərilərinə yalnız o şərtlə kredit verir ki, rəsmi komissiya haqqqından əlavə olaraq “şapka” da alır. Təkrar müştəriyə verilən kreditin illik faizi isə dodaq uçuqladır: nə az, nə çox, düz 29 faiz. Lakin bura müştərinin götürdüyü kreditdən çıxılan “şapka” aid deyil. Misal üçün, bir müştəri 10 min AZN kredit götürübsə, rəsmi komissiya olaraq ondan 100 manat, qeyri-rəsmi olaraq 900 AZN pul tutulur. Ümumilikdə müştəriyə 9000 AZN nağd kredit verilir. Müştərilərin bildirdiyinə görə, bank krediti nağd verdiyi üçün əlavə “şapka”nı da qeyri-rəsmi şərt kimi irəli sürür. Əgər razı deyilsənsə, o zaman, “xoş getdin” deyə qapını göstərirlər. 10000 AZN əvəzinə 9000 AZN alan müştəri sonradan 10000 AZN-nin faizini qaytarır. Rəsmi olaraq faizin illik 29 faiz olduğu deyilir. Lakin bu ümumi formada artaraq davam edir.

Misal üçün, “Unibank”ın müştərisi olmuş Rəsul (soyad şəxsin istəyi ilə göstərilməyib) ötən il banka olan kreditini qutardığını deyir: “Kredit götürəndə müştərini xoş qarşılayırlar, daha sonra krediti sanki sən cinayətkarsan kimi istəyirlər. Mən 3,500 AZN kredit götürmüşdüm. 500 AZN “şapka” olaraq alındı. Amma 3000 AZN-ə 5,500 AZN pul qaytardım”.

Mehparə adlı oxucumuz Miq.az-ın infomiqaz@gmail.com email adresinə “Unibank”la bağlı şikayət məktubu göndərərək yazır: “Salam, Unibankın Albalı plus kartı üzrə borcum var idi. Düzünü desəm, əvvəllər borcumu dəqiqliklə izləmirdim. Sadəcə ayın 10-na qədər ödəməli olacağım borc məbləği mobil telefonuma gələndə ödəyirdim. Son zamanlar borcumun niyə belə çox olması məndə şübhə doğurdu və borclarımı izləməyə başladım. Gördüm ki, faizlə birlikdə ödəməli olacağım borcumdan əlavə hər gün borc gəlir. Bu kasıb vaxtımızda keçən ay 350 manat, bu ay da 410 manat borcumu ödədim. Ancaq 7. 5 AZN borcum qaldi. Hələ ay tamam olmamış üstünə 5. 2 AZN borc yazıldı. Unibankdan çox şikayətçiyəm. Yenə də şikayətlərimi redaksiyanıza göndərəcəm. Təşəkkürlər!”

Manatın devalvasiyasından sonra isə vəziyyət daha da kəskinləşib.

“Unibank”ın “Albalı” kart müştərilərindən biri miq.az-a deyir ki, o, ötən ilin yayında adıçəkilən kart vasitəsilə 750 dollar kredit götürübmüş.

“Üzərindən aylar keçib və mən hər ay kredit ödəməyimə baxmayaraq, hazırki borcum 600 dollardan aşağı düşmür. Mən bunu heç cür başa düşə bilmirəm. Bankın özü də aydınlıq gətirmir. Gözləyirəm, gələn ay da elə olsa, o zaman ödəməkdən imtina edəcəm və məhkəməyə müraciət edəcəm”, – deyə adının açıqlanmasını istəməyən müştəri bildirir.

Təqaüdçü krediti

Adından da göründüyü kimi, bu kredit əhalinin daha az təminatlı hissəsi üçün nəzərdə tutulub. Amma “Unibank”ın kredit siyasətində şəxslərin təminatı deyil, öz maraqları əsasdır. Yəni bank üçün müştəriyə xidmətdən çox, müştəridən nə qədər çox qazanmaq prinsipi prioritet istiqamət təşkil edir. Təqaüdçülərə kreditin 28 faizlə verilməsi də bunu göstərir. Təsəvvür edin, 200 manat təqaüd alan vətəndaş bankdan 1500 AZN kredit götürürsə, o, 2000 AZN-dən çox pul qaytarır. Halbuki müştəri “şapka” tutulduğu üçün kağız üzərində yazılan 1500 əvəzinə, 1400 AZN nağd pul alır.

Bölgələrdən birində yaşayan Mirhüseyn Həsənli deyir ki, o, 1500 AZN adı ilə götürdüyü 1400 manat kreditə 2500-ə yaxın pul ödəyib.

“Mən kreditimi bitirəndən iki ay sonra bankdan zəng gəldi ki, sizin 40 manat kəsiriniz var və həmin məbləğ iki ay ərzində faizlə birlikdə 70 manata qədər artıb. Mən də məcbur aparıb ödədim”, – deyə təqaüdçü bildirir.

Maaş kartı “Unibank”dan olanlar üçün

Bankın ən çox fırıldaq gəldiyi müştərilər bunlardır. Çünki əmək haqqı birbaşa “Unibank” vasitəsilə köçdüyü üçün bank müştəri üzərində istədiyi formada “əməliyyat” apara bilir. Bu kredit növünün də faiz dərəcəsi 29 faizdir. Ümumi məlumatlar göstərir ki, bank onun kartları vasitəsilə əmək haqqı alan müştərilərinə daha asanlıqla fırıldaq gələ bilir. Misal üçün, müştərinin kartından günün istənilən vaxtı 1 manat çıxıla bilər. Yaxud müştərinin kartında əmək haqqı köçməmişdən öncə 97 qəpik qalıbsa, əmək haqqı karta köçən kimi həmin qəpiklər yoxa çıxır. Əslində yoxa çıxmır, sadəcə bank tərəfindən tutulur və bu adətən müştəri tərəfindən hiss olunmur. Məhz buna görə iqtisadçı ekspertlər maaş kartı ilə kredit alan vətəndaşlara əmək haqlarını kartda saxlamamaq tövsiyəsini verirlər.

Mikro-kreditlər: mülk ikiqat ucuz alınır

“Unibank”ın mikro-kreditləri üzrə də faizlər kəllə-çarxa vurur. Bankın saytında faizlər maksimum 28,98 % göstərilsə də, reallıqda bu, 35 faizdən çox başa gəlir. Digər tərəfdən, 28,98 faiz göstərilsə də, müştəridən 29 faiz tutulur. Ortada olan 0,2 faiz gözə görünmədən bank tərəfindən mənimsənilir.

Lakin bu bankın gözəgörünməz fırıldağıdır. Əsl həngamə isə sonradan başlayır. Misal üçün, bir neçə ay öncə mətbuatda “Unibankın” daha çox iş qurmaq istəyən müştərilərə verdiyi mikro-kreditləri ilə bağlı şikayətlər yayılmışdı. Şikayətlərdən belə nəticəyə gəlmək olur ki, bank mikro-kredit olaraq müştəriyə verdiyi 30000 AZN kreditin əvəzində girov istəyir. Lakin müştərinin girov qoyduğu daşınmaz əmlak bazar qimyətlərinə uyğun deyil, yalnız bankın özü tərəfindən qoyduğu qiymətlərlə dəyərləndirilir. Yəni bazar qiymətində 80000 AZN dəyəri olan daşınmaz əmlaka 40000 AZN qiymət qoyulur. Kreditin qaytarılmasında problem yarananda isə “Unibank” müştərinin daşınmaz əmlakını yarı qiymətinə “mənimsəyir”.

İpoteka kreditləri, yaxud ağır şərtlər nəyə hesablanıb?

“Unibank”ın ipoteka krediti ilə bağlı siyasəti də anlaşılmazdır. Belə ki, bankın rəsmi elanında ipoteka kreditinin 50000 AZN-ə qədər olduğu, 8 faizdən yuxarı hesablanmadığı göstərilir. Lakin reallıqda hər şey tamamilə fərqlidir. Müştəri adı ilə “Unibank”ın filiallarından birindən bu məsələsini araşdırdıq.

Əslində faiz heç də rəsmi göstərildiyi kimi 8 faiz yox, 12-14 faizdir. Evin alınması üçün nəzərdə tutulan 50000 AZN məbləğinin 20000 AZN-ni müştəri özü ödəməlidir. Bank yalnız 30000 AZN ödəyir. Əvəzində isə müştəri banka 54000 AZN pul qaytarır. Burada bank 24000 AZN pul qazanır. Həmçinin, ipoteka almaq istəyən müştəri 800-1200 AZN məbləğində rəsmi maaş kartı göstərməlidir. Bu isə hazırki realıqda mümkünsüz görünür. Çünki ölkə əhalisinin çox az hissəsi əmək haqqını kartla alır.

Əldə etdiyimiz məlumata görə, “Unibank”ın bu ağır şərtləri irəli sürməkdə məqsədi başqadır.

“Bank rəhbərliyi ağır şərtlər qoymaqla əslində heç bir müştəriyə ipoteka vermir. Yalnız özlərinin tanıdığı şəxslərin adına evləri ipotekalaşdıraraq, pulu mənimsəyirlər”, – deyə bank əməkdaşlarından biri bizimlə söhbətində bildirir.

(Bu məsələ ilə bağlı bankın rəsmi mövqeyini dərc edə bilərik-red).

Göründüyü kimi, “Unibank” bu gün kredit maxinasiyaları ilə müştəriyə yox, öz maraqlarına xidmət edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

COMMENTS