Uşaq sanatoriyasında böyük tenderlər – BU DA FAKT!!!

Uşaq sanatoriyasında böyük tenderlər – BU DA FAKT!!!

Respublika Uşaq sanatoriyası 2021-2022-ci illər ərzində ümumi məbləği 830.899 manat təşkil olan 9 lot üzrə satınalma həyata keçirib.

Qlobal.az xəbər verir ki, bu satınalmalar əsasən “dəftərxana və təsərrüfat malları, “Texniki suyun satınalınması” “Mətbəə mallarının çapı” və “abadlaşdırma xidməti” lotları üzrə aparılıb.

1. Respublika Uşaq sanatoriyası 2021-ci ilin mart ayının 3-də “dəfətrxana və təsərrüfat malları” lotu üzrə tenderə yekun vurub. Bu tenderin məbləği 139.985 manat, tenderin qalibi isə “LİG STAR” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “LİG STAR” MMC tenderdə qalib elan edilməmişdən bir ay yarım əvvəl – 2021-ci ilin yanvar ayının 14-də dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı isə Yasamal rayonu, Həsənbəy Zərdabi pr, ev 4, mənzil 18 ünvanıdır. Şirkətin qanuni təmsilçisi Mirzəağa Məmmədzadədir.
2. Sanatoriya elə həmin tarixdə, yəni 2021-ci ilin mart ayının 3-də daha bir satınalmaya yekun vurub. Sanatoriyanın bu dəfəki satınalması “texniki suyun satın alınması” lotu üzrə keçirilib və məbləği 74.992 manat təşkil edib. Tenderin qalibi “PARADOKS -LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “PARADOKS -LTD” MMC 2020-ci ilin noyabr ayının 11-də təsis edilib. On manat nizamnamə kapitalı olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Ələsgər Ələkbərob küçəsi, ev 12A mənzil 23 ünvanıdır.  “PARADOKS -LTD” MMC-nin qanuni təmsilçisi Oğuz rayonunun Xaçmaz kənd sakini Quliyev İbrahim Rasim oğludur.
3. Respublika Uşaq sanatoriyası 2021-ci ilin may ayının 16-da “Dəftərxana və təsərrüfat malları” lotu üzrə sifarişçi olduğu daha bir satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 139.507 manat, qalibi isə “CLASLİNE CO” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “CLASLİNE CO” MMC 2021-ci ilin yanvar ayının 7-də dövlət qeydiyyatına alınıb. Cəmiyyətin nizamnaə kapitalı 5 manat, hüquqi ünvanı Yasamal rayonu, A.Ağayev küçəsi, ev 54/60 ünvanıdır. “CLASLİNE CO” MMC-nin qanuni təmsilçi isə Göyçay rayon sakini Həmidova Gülzdə Abdulovnadır. Onun adına çoxsaylı MMC-lərin təsis edildiyi deyilir.
4. Respublika Uşaq Sanatoriyası bu satınalmadan  gün sonra – 2021-ci ilin may ayının 21-də “Texniki Suyun Satın alınması” lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub. Bu tenderin məbləği 74.159 manat, qalibi isə “KRİPTON LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “KRİPTON LTD” MMC həmin ilin fevral ayının 5-də təsis edilib. On manat nizamnamə kapitalı olan “KRİPTON LTD” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə küçəsi, ev 80, mənzil 16 ünvanı, qanuni təmsilçi isə Kürdəmir rayonunun Aran qəsəbə sakini Rəhimova Məlahət Məmmədhüseyn qızıdır.
5. Sanatoriya 2021-ci ilin iyul ayının 14-də “dəftərxana və təsərrüfat malları” lotu üzrə daha bir tenderə yekun vurub. Bu tenderin məbləği 129.751 manat, qalibi isə “DİVAS LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “DİVAS LTD” MMC 2021-ci ilin fevral ayının 9-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 507/511 B ünvanıdır. “DİVAS LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Dilbər Muxtarovadır.
6. Uşaq Sanatoriyası bu tenderdən 3 gün sonra – 2021-ci ilin iyul ayının 17-də “Texniki suyun satın alınması” lotu üzrə daha bir satınalmaya yekun vurub. Bu tenderin məbləği 63.327 manat, qalibi isə “TRENİKS QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “TRENİKS QRUP” MMC Sanatoriyanın sifarişçi olduğu digər tenderin qalibi olan “CLASLİNE CO” MMC ilə eyni tarixdə – 2021-ci ilin yanvar ayının 7-də dövlət qeydiyyatına alınıb. “TRENİKS QRUP” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə ev 154, mənzil 25 ünvanıdır. Şirkətin nizamnamə kapitalı 5 manat, qanuni təmsilçisi isə Naftalar şəhər sakini Rəhimov Yaqub Firudin oğludur.
7. Respublika Uşaq sanatoriyasının 2022-ci ildə sifarişçi olduğu satınalmalar da 2021-ci ildəki satınalmalar kimi ciddi şübhələr yaradır. Belə ki, sanatoriya 2022-ci ilin fevral ayının 10-da “Mətbəə mallarının satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 39.859 manat, qalibi isə “PARTEK-CO” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “PARTEK-CO” MMC 2021-ci ilin fevral ayının 17-də təsis edilib. MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı ev 44 ünvanıdır. On manat nizamnamı kapitalı olan “PARTEK-CO” MMC-nin qanuni təmsilçisi Sanatoriyanın digər tenderinin qalibi olan “PARADOKS -LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisinin oğlu Quliyev Rasim İbrahim oğludur.
8. Sanatoriyanın cari ilin fevral ayının 15-də yekun vurduğu “Abadlaşdırma işlərinin satın alınması” lotu üzrə satınalmada isə “BRİC SERVİS-22” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. Bu satınalmanın məbləği 39.454 manat olub. “BRİC SERVİS-22” MMC qalib elan edildiyi satınalmadan 1 ay əvvəl – 2022-ci ilin yanvar ayının 11-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Xətai rayonu, Ələddin Quliyev küçəsi ev 1131 ünvanı, qanuni təmsilçisi isə Yasamal rayon sakini Ağayev Mehman Əliağa oğludur.
9. Respublika Uşaq sanatoriyasının cari ilin fevral ayının 25-də daha bir tenderə yekun vurub. “Dəftərxana və təsərrüfat mallarının satın alınması” lotu üzrə keçirilən tenderin məbləği 129.865 manat, tenderin qalibi isə “SİOTEK-21” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “SİOTEK-21” MMC 2021-ci ilin sentyabr ayının 24-də təsis edilib. Şirkətin hüquqi ünvanı Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanıdır. “SİOTEK-21” MMC-nin qanuni təmsilçi isə Əhmədov Rəşad Atılxan oğludur.
Qalib elan edilən təşkilatların heç birinin maddi-texniki bazası, fəaliyyət profilləri, müvafiq lisenziyaları barədə məlumat yoxdur. “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

İlginc məqam Respublika Uşaq sanatoriyasının qalib elan etdiyi Məhdud Məsuliyyətli Cəmiyyətlərin böyük əksəriyyətinin hüquqi ünvanlarının Yasamal rayonunda yerləşməsi, bəzilərinin qanuni təmsilçilərinin isə sosial vəziyyətləri acınacaqlı olan müxtəlif rayon sakinləri olmasıdır. Bu təşkilatlarından ikisinin qanuni təmsilçisi isə eyni ailənin üzvü – ata-oğuldurlar.
Respublika Uşaq sanatoriyasında son dəfə nə zaman audit aparılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasına ünvanladığımız sualı qurumun məsul şəxsi Vüqar İbrahimov cavablandırdı. V.İbrahimov Respublika Uşaq sanatoriyasında Hesablama Palatası tərəfindən 2021-cil üzrə audit aparılmadığını qeyd etdi.
Azərbaycanda keçirilən satınalmalara nəzarəti həyata keçirən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Respublika Uşaq sanatoriyasının həyata keçirdiyi yuxarıda qeyd edilən satınalmalara münasibət öyrəndik. Xidmətin dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2 və 10.3-cü nəzərə alaraq müraciətimizdə qeyd olunan məsələlərin cavablandırılması üçün satınalan təşkilata müraciət etməyimizi tövsiyyə etdi.

Respublika Uşaq sanatoriyasından məsələ ilə mövqe öyrənmək istəsək də, qarşı tərəf məsələyə münasibət bildirmək istəmədi.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) isə Respublika Uşaq sanatoriyasının onun tabeliyində olmadığını qeyd edərək məsələyə münasibət bildirmədi.

Səhiyyə Nazirliyindən də Respublika Uşaq sanatoriyasının sifarişçi olduğu satınalmalarda sual doğuran məqamlara cavab ala bilmədik.

Xatırladaq ki, Respublika Uşaq sanatoriyası 1986-cı ildə fəaliyyət başlayıb. Sanatoriya Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunaraq 2014-cü ildə yenidən istifadəyə verilib. 
Respublika Uşaq sanatoriyasının baş həkimi Rauf Qurbanovdur.
DOSYE.ORG

COMMENTS