UŞAQPULU BƏRPA OLUNA BİLƏRMİ? – Ekspertlər danışdı, Nazirlik mövqeyini açıqladı

UŞAQPULU BƏRPA OLUNA BİLƏRMİ? – Ekspertlər danışdı, Nazirlik mövqeyini açıqladı

Koronavirus pandemiyasının yaratdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması ilə bağlı hökumətə ünvanlanan çoxsaylı təkliflərdən biri də uşaqpulunun bərpa olunması ilə bağlıdır. Bu barədə müxtəlif vaxtlarda həm müxalifət nümayəndələri, həm də iqtisadçılar, həm də bəzi deputatlar danışırlar.

Deputat Əli Məsimli aprelin 24-də Milli Məclisin plenar iclasında uşaqlara aylıq müavinətlərin verilməsinin bərpa olunmasını təklif edib.

Əgər biz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanlarıçoxunun problemini həll etmiş olarıq”, – deputat deyib.

Əmək Hüquqları Liqasının rəhbəri, sosial məsələlər üzrə ekspert Sahib Məmmədov isə bu barədə bildirib ki, “uşaqpulu verilsin” təklifini səsləndirənlərin 90 faizi söhbətin nədən getdiyini bilmir.

Ekspert qeyd edib ki, məsələ ilə bağlı təkliflərini hazırlayıb hökumətə təqdim etməyi planlaşdırır. Onun sözlərinə görə, “uşaqpulu” deyilən müavinətin dünya praktikasında onlarla növü var.

“Uşaq doğulana qədər və sonra, birdəfəlik, aylıq, ünvanlı və ya ünvansız olur.Bu müavinət növünə ailə müavinəti də deyilir”-deyə S. Məmədov vurğuayıb.

Ekspert bildirib ki, uşaqpuluna ailə müavinəti kimi baxsaq, o zaman Azərbaycanda ailə müavinəti növü 2006-cı ildən ünvanlı olaraq tətbiq olunur. Söhbət Ünvanlı Dövlət Sosial Yardımından gedir:

“Bizdə “uşaq müavinəti” ünvansız verilə bilməz. Səbəbi sadədir. Ünvansız olaraq o ölkələr verir ki, əhali artımı mənfi tempə malikdir. Azərbaycanda əhali artımı dünyada ən yüksək yerlərdədir. Hər 1000 nəfərə 8,3 nəfər təşkil edir. Müqaisə üçün Rusiyada 0, Macarıstanda -7-dir. Deməli “uşaq pulu” deyilən müavinət ünvanlı olmalıdır. Ünvanlıdırsa, deməli, paralel iki ünvanlı ailə müavinətinin olması məntiqsizdir. Belədə Ünvanlı Dövlət Sosial Yardm (ÜDSY) ləğv olunmalıdır. ÜDSY ləğv olunsa, onda yalnız uşağı olanlar ünvanlı yardım ala biləcək”-de Sahib Məmmədov qeyd edib.

Onun sözlərinə görə, bu halda “uşaqpulu” adlanan aylıq müavinət ÜDSY çərçivəsində verilməlidir: “ÜDSY alan ailələrdəki müəyyən olunmuş yaşdan aşağı uşaqlara görə, ÜSDY-ə müəyyən olunmuş miqdarda əlavələr edilir. Adına “ÜDSY üstəgəl müavinəti” də demək olar. Məsələn, ailədə 8 yaşına çatmayan 3 uşaq var. Hər biri üçün ÜDSY-yə 50 manat artırılır. ÜDSY+150 manat. Məbləğ büdcə imkanından asılı olaraq daha artıq ola bilər”.

 

Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fazil Talıbov isə ekspertin təklifi ilə bağlı bildirib ki, hazırda ünvanlı yardım alan ailələrdəki 340 min ailə üzvündən 170 mindən çoxu uşaqlardır. O, vurğulayıb, ki, həmin ailələrdəki 1 yaşadək bütün uşaqların hər birinə sosial yardımdan əlavə 50 manat aylıq müavinət ödənilir. F. Talıbov bildirib ki, ümumilikdə 10-dan çox kateqoriyadan olan uşaqlara sosial müavinətlər ödənilir:

“- Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar – ayda 150 manat + 50 manat qulluğa görə;

– Beşdən çox uşağı olan qadınların uşaqları – hər uşağa görə 55 manat;

– Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları – hər uşağa 100 manat;

– Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət ödənilir – 200 manat;

– Ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət – hər ailə üzvünə aylıq 80 manat və ya əmək pensiyası ödənilir ki, onların 95 faizdən çoxu uşaqlardır;

– Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına aylıq sosial müavinətlə təmin edilirlər – hər uşağa 100 manat;
– Aztəminatlı, ünvanlı dövlət sosial yardımı alan ailələrin 1 yaşadək uşaqları – hər uşağa 50 manat;

Bundan başqa, şəhid ailələrinin və müharibə əlillərinin uşaqları, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan olan, yaxud vəfat etmiş valideynlərin uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq müavinət alır. Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına isə ildə bir dəfə birdəfəlik müavinət verilir”.

F. Talıbov daha sonra bildirib ki, sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir. Beş və daha çox uşağı olan qadınlar üçün yaşa görə pensiya və ya yaşa görə müavinət üçün yaş həddi hər uşağa görə bir il azaldılır.

“Digər tərəfdən, 10 minədək uşaq günərzi və icma əsaslı mərkəzlərdə, sosial xidmət müəssisələrində dövlət tərəfindən reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur. Göründüyü kimi, uşaqların kifayət qədər geniş bir hissəsi – 600 min uşaq sosial təminatla əhatə olunub. Ümumilikdə qayğıya ehtiyac duyan uşaqlar üçün konkret proqramlar mövcuddur”- deyə F. Talıbov qeyd edib.

İqtisadçı Qubad İbadoğlu isə bildirib ki, Ünvanlı Dövlət Sosial Yardım Proqramı “uşaqpulu” müavinətlərini əvəz edə bilməz.

Onunun sözlərinə görə, Ona ünvanlı sosial yardımın əhatə dairəsi çox məhduddur və bu, 15 yaşadək uşaqların böyüdüyü ailələrin heç 10 faizini də təşkil etmir.

Azərbaycanda (ÜDSY) alanların sayının ildən-ilə azaldığını deyən ekspertin sözlərinə görə, 2014-cü bu proqramdan 143 min 337 ailə bəhrələnmişdisə, 2018-ci ildə göstərici 50 min ailəyədək azalıb. Halbuki 2019-cu il 1 yanvar tarixə olan məlumata görə, Azərbaycanda 0-14 yaşlı uşaqların sayı 2 milyon 239 min 100 nəfər təşkil edib.

Ekspert bildirib ki, Azərbaycanda 0-14 yaşlı uşaqların sayının kəskin şəkildə azalması həm də ölkədə qocalma prosesinin də sürətləndiyini göstərir.

Qubad İbadoğlu hesab edir ki, bu fakt da Azərbaycanda “uşaqpulu” müavinətlərinin bərpasına böyük ehtiyac olduğunu deməyə əsas verir.

DOSYE.ORG

COMMENTS