Qarabağ veteranından sosial yardım üçün rüşvət istənib: “Belə yaşamaqdansa...”


Qarabağ veteranından sosial yardım üçün rüşvət istənib: “Belə yaşamaqdansa...”

Font ölçüsü

Xaqani Hüseynov Qarabağ veteranıdır, Ağdamda döyüşlərdə yaralanıb, vətən üçün sağlamlığını itirib.

Amma bu ölkənin qudurğan, rüşvətxor, harınlamış, erməni ilə döyüşdə gizlənən məmurları indi ondan “haqq” istəyirlər, qapıdan qovurlar.

Cahan.info xəbər verir ki, Bərdənin Yenidaş kəndində yaşayan, 5 övlad atası, bir oğlu əsgərlik çəkən Qarabağ qazisi kasıbçılıqdan nə evini tikə bilir, nə sosial yardım verilir. Ona görə də bir külfət komada, şəraitsiz, beton üstündə yaşayır.

Salmanzadə TV-yə şikayət edən X.Hüseynov sual edir ki, bu vəziyyətdə yaşamaq üçün döyüşürdü: “Budur mənə verilən qiymət? Mən canımı oda atmışam, bunlarsa mənə sosial yardımı rüşvətlə verirlər.

Beş uşaqla bu komada yaşayıram. Pulum yoxdur ki, özümə ev tikim. Mən 1994-də travma almışam, iş qabiliyyətim 50-60 faizdir, cəmi 55 manat veteran pulu alıram. 2011-ci ilə qədər sosial ünvanlı yardım alırdım.

Sonra dedilər ki, sənə düşmür. Bərdənin icra başçısı Vidadi İsayevin 5 dəfə yanında olmuşam, Veteranlar Cəmiyyətinə, DSMF-nin Bərdə şöbəsinin sədrinin yanına getmişəm.

Mənə deyir ki, 6 ayının pulunu ver, sosial yardım düzəldək. Bu da 1200 manat edir. Elə o pul məndə olsa bu evimi düzəldərəm, betonun üstündə yatırıq.

Yaxşı, dərdimi kimə deyim? İcra başçısı axırda dedi ki, hara istəsən şikayət elə. Onun-bunun qapısında işləyirəm, güc-bəla balalarımı dolandırıram.

Bütün əsəblərim pozulub, yaralanmış adamam, sağlamlığım gedib, bu yandan da hamı deyir ki, pul gətir, düzəldək.

O pul sənin dədən olsa verərəm, o pul dövlətin mənə yardımıdır. Adam istəyir belə yaşamaqdansa özünü öldürsün. Mən bunun üçün döyüşmüşəm?”

X.Hüseynov yeni nazir Sahil Babayevin problemi həll edəcəyinə inanır. O, prezidentdən köməklik istəyib: “İcra başçısı beş dəfə yanına getdim, mənə kömək eləmədi. Mən Bərdədə kimə inanım? Vuruşmadım ki, belə yaşayım”.

Onun sözlərində acı həqiqət payı var. Çünki Bərdənin icra başçısı müharibə vaxtı Hacıqabulda gizlənəndə Xaqani düşmənlə döyüşürdü. V.İsayevin oğlu maşınlarını sıraya düzəndə Qarabağ veteranının övladı hərbi xidmət edir.

Başqa bölgələrin bəzi icra başçıları “gözə kül üfürmək” xətrinə də olsa, Qarabağ veteranına kömək edir, V.İsayev isə heç kəsi saymır. Odur ki, Xaqani ümidini prezidentə və S.Babayevə bağlayıb.

DOSYE.ORG

Xəbər Lenti

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.