Vəkil Şəmkirin sabiq icra başçısını səlahiyyətindən sui-istifadədə ittiham etdi

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və hazırda ömürlük həbs cəzası çəkən Vüqar Əliyevin yeni vəkili Adəm Məmmədov ittihamla çıxış edib.

Modern.az-ın məlumatına görə, vəkil sabiq icra başçısı Aslan Aslanovun öz qulluq mövqeyindən istifadə edərək hüquq-mühafizə orqanlarına təsirindən danışıb:
”Aslan Aslanov o zaman ömürlük azadlıqdan məhrum edilmiş Əliyev Vüqar İbrahim oğlunun anasını, xalasını və qardaşının hamilə vəziyyətdə olmuş həyat yoldaşını həbs etdirməyə cəhd edib. Həmin vaxtlarda təxminən bir həftə Şəmkir rayon prokuroru təyin edilmiş Seyidağa müəllim bu işə qol qoymadığından Aslan Aslanovun təsiri ilə vəzifəsindən kənarlaşdırılıb. Sonda Aslanov Vüqarın atasını, anasını, qaradşının həyat yoldaşını həbs etdirməyə nail olub”

Vəkil A.Məmmədov deyib ki, Vüqar Əliyevlə bağlı prezidentə əfv üçün müraciət hazırlayır. Vəkil ümid edir ki, ölkə başçısı ədaləti bərpa edəcək. O, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət etməyə hazırlaşır.

Xatırladaq ki, Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Şəmkirin eks-icra başıçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində Vüqar Əliyevlə yanaşı, son günlər mətbuatın gündəmindən düşməyən Lamiyə Quliyeva da həbs olunub.

COMMENTS