Vəkil bloger Səbinə Kətanovanı necə aldadıb? – Faktlar

Vəkil bloger Səbinə Kətanovanı necə aldadıb? – Faktlar

İki gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il həbs cəzası alan keçmiş vəkil Vüqar Səfərlinin məşhur bloqer Səbinə Kətanovanı necə aldatdığı məlum olub.

DOSYE.ORG Qafqazinfo-ya istinadla xəbər verir ki, 17 nəfərə qarşı ümumilikdə 200 min manatdan çox dələduzluq edən sabiq vəkilin ən böyük dələduzluğu (130 min manat) məhz Kətanovaya qarşı edilib.

Məhkəmə istintaqında aydın olub ki, bloqer 2021-ci ildə Bakıda yeni tikili binadakı mənzilini 140 min manata satıb. Özünə Mərdəkanda 6 sot torpaq sahəsi alıb. Lakin torpaq sahəsini aldıqdan sonra ev tikdirməyin çətin olduğunu görüb satdığı evi geri qaytarmaq istəyib. Bundan sonra evi alan şəxslə görüşüb 140 mini və mənzilə çəkdiyi əlavə xərcləri də ödəməyə hazır olduğunu bildirib. Qarşı tərəf təkliflə razılaşmadığı üçün işi məhkəmədə həll etmək qərarına gəlib.

S.Kətanova ifadəsində qeyd edib ki, bundan sonra vəkil Vüqar Səfərliyə müraciət edib: “Təxminən 4-5 il əvvəl instaqramdan Vüqar Səfərli mesaj yazaraq vəkillik işi ilə nə qulluğu olarsa, həll edə biləcəyini demiş, nömrəsini qeyd etmişdi. Mən də nömrəni həmin vaxt telefonuma yazmışdım. Vüqara zəng edəndə qanuni yolla mənə kömək edə biləcəyini bildirdi. Onunla ofisində görüşdüm. Həmin gün hüquqi yardım göstərilməsi haqqında onunla müqavilə bağladıq. Vüqara 1200 manat verdim, qalan 800 manatı işin yekununda ödəyəcəyimi bildirdim”.

Məlum olub ki, bir gün vəkil zəng edərək evi geri almaq üçün ipoteka fonduna 22 min manat yatızdırmaq lazım olduğunu deyib. S.Kətanova da anasıyla birlikdə pulu ona verib. Daha sonra V.Səfərli 2 dəfə yenə də ipoteka fonduna qoymaq məqsədilə əlavə olaraq hər dəfə ondan 50 min manat alıb. Bloqer son iki dəfədə isə vəkilə 5 min və 3500 manat vedib. Katanova hər dəfə pul verəndə vəkildən iltizam alıb pulların şəkillərini çəkib. Lakin daha sonra müdafiəçinin onu müxtəlif bəhanələrlə aldatdığını görərək şikayət edib.

Vüqar Səfərli törətdiyi əməllərdən sonra Vəkillər Kollegiyasından uzaqlaşdırılıb və barəsində cinayət işi başlanaraq həbs edilib.

 

COMMENTS