
Kitab Beynəlxalq İslam Fikri İnstitutunda ingilis dilində hazırlanaraq, dünyanın müxtəlif dillərinə, o cümlədən Azərbaycan dilinə çevrilib. Hazırkı tərcümə ərəb dilindən edilib.
Kitabda əsərin hazırlandığı mədəni mühitlə əlaqəli nümunələr göstərilmiş, xüsusən ailənin, ümumən cəmiyyətin üz-üzə qaldığı problemlərin təsviri verilib.
Kitab yazılarkən cəmiyyətdən-cəmiyyətə fərqlənən sosial hadisələr, tərbiyə təcrübələri də nəzərə alınıb. Bu əyani vəsaitdə fərd, ailə, cəmiyyət və bəşəriyyəti maraqlandıran bir çox məsələyə toxunulub, problemin elmi-tənqidi və konstruktiv üsulla həllinə cəhd edilib. Müəlliflər sosial təhriflərin aradan qaldırılması üçün alternativlər təqdim ediblər. Bu alternativlər, həm də tərbiyə işi ilə əlaqəlidir, təhrifləri, mənfi təsəvvürləri inkardan sonra boşluğun doldurulmasına xidmət edir.
Kitab müsəlman cəmiyyətlərində yayılmağa başlamış bəzi neqativ hallara qarşı həyəcan təbili çalır. Düzdür, bu hallara Qərb kontekstində toxunulur, amma məqsəd Qərb cəmiyyətlərinin bu sahədə apardığı mübarizə təcrübəsi ilə oxucunu tanış etməkdir.
Kitabda müəlliflər bu və ya digər sosial hadisəni (problemi) təsvir edib, mahiyyətini açıb göstərib, nəticələrini müəyyənləşdirib, nəzarətdə saxlanılması üsullarını təqdim ediblər.
Vüqar Məmmədov,
AMEA Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru.
DOSYE.ORG
COMMENTS