Vay o hicab bağlayanın halına ki,…

Dindarların 90 faizi adının qabağına Hacı, Kərbəlayi, Məşədi qoyub sui-istifadə edirlər

 

“Bu gün onlar da, siz də, elə mən də görürük ki, hicablı xanımların sayı kəskin surətdə artmaqdadır. Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır. Təhlil göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar.” Bu sözləri Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi münasibətilə keçirilən iclasda deyib.

Qeyd edək ki, son vaxtlar gerçəkdən də ölkəmizdə hicablı xanımların sayı durmadan artır. Amma ailəsinin təsiri ilə başını bağlayan xanımlarla yanaşı çox təəssüf ki, din-iman adamı kimi özünü göstərmək üçün hicaba bürünən, namaz qılanlar da az deyil. Bir sözlə, namaz qılmaqdan, hicabdan sui-istifadə edib, öz məqsədlərini həyata keçirən qadınlara da cəmiyyətimizdə rast gəlinir. Bu kimi amillərdən istifadə etməklə sanki özlərinin dürüst insan olduqlarını sübuta yetirməyə çalışırlar.

Hicabla özümü sığortalayıram

Hicablı xanımlardan biri olan Əminə Əliyeva Analitik.az-a 6 ildir İslama, Allaha olan sevgisindən hicab bağladığını və namaz qıldığını deyir: “Amma son illər hicablı xanımların artması və bu hicabdan, namazdan sui-istifadə edərək özlərinə yağlı iş yeri, ər axtarmasını görəndən sonra peşman oldum. Düzü istəyirəm ki, bu gün hicabdan çıxım, amma utanıram. Sonra deyərlər ki, başını bağlamağın nə idi, indi açmağın nədir? Bir sözlə, hicab bağlamağıma çox peşmanam və belələrinə görə çox utanıram.”
Qəzetlərin birində belə bir elana da rast gəldik: “Yaxşı iş axtarıram, hicabdayam.Gülarə.” Elanda göstərilən nömrəyə zəng vurduq. Xanımdan elanda nə üçün hicabdayam ifadəsini yazdığını və bunun nə məqsəd daşıdığını soruşduq. İş axtaran xanım isə cavabında bunları dedi: “Bilirsiz, o qədər ciddi olmayan və başqa fikirli insanlar zəng vururlar. Ona görə hicabda olduğumu yazmışam ki, özümü sığortalayım.”

Namaz qılan riyakarlar

İlahiyyatçı Elşad Miri mövzu ilə bağlı Analitik.az-a deyir ki, hicab bağlamaq məsələsi insan haqları baxımından hər bir insanın haqqı, hüququdur. Amma çox vaxt burda savadsızlıqdan qəribə hadisələr meydana çıxır: “Təəssüflə qeyd edirəm ki, orta məktəblərdə fakültətiv dərslərin keçirilməsinə, dinlə bağlı müəyyən fənlərin tədris olunmasına ehtiyac var. İnsanlar bu kimi hərəkətlər edirlərsə, deməli biz haradasa səhvlərə yol veririk. Bu işdə maarifləndirici addımlar atılmalıdır.”

İlahiyyatçı dini öz məqsədləri üçün istifadə edənlərin təkcə dindarları deyil, Allahı da narahat etdiyini bildirib: “Bu, sadəcə insanları deyil, Allahın özünü narahat edən bir məsələdir. Allah Qurani-Kərimdə buyurur ki, o namaz qılanlara yazıqlar, təəssüflər olsun ki, onlar namaz qılmağı Allah yolunda etmirlər, riyakarlıq, saxtakarlıq etmək üçün qılırlar. Allah Qurani-Kərimdə həm inanclı insanlardan, möminlərdən bəhs edir, həm də Allaha şərik qoşan kafirlərdən bəhs edir. Digər tərəfdən isə müsəlman kimi görünməyə çalışan münafiqlərdən, ikiüzlülərdən bəhs edir. Ən təhlükəli insanlar bunlardır ki, hər cildə girməyi bacarırlar. Münafiqlərlə bağlı Qurani-Kərimdə çox ayələr var, eləcə də peyğəmbərimizin hədisləri var. Belə insanlar daha qorxuludur, nəinki öz sözündə dürüst olmayan və fərqli düşüncəyə malik olan insanlar. Bu kimi halları ancaq düzgün maarifləndirmə, insanları yalan danışmaqdan çəkindirə biləcək məqamlarla və xoş münasibətlərlərlə aradan qaldırmaq olar.”
E. Miri bəzi valideynlərin, ailələrin öz övladlarını hicab bağlamağa sövq etməsinə isə belə cavab verdi: “Beynəlxalq konvensiyalarda da belə bir məsələ var ki, valideynlər uşaqlar üzərində haqq sahibidirlər. Müəyyən yaş həddinə qədər valideynlər haqsızlıq etməyəcək şəkildə hüquqlarından istifadə edə bilərlər. Məsələn, uşaq məktəbə getmək istəmir, amma uşağı zorla məktəbə göndərirlər. Bu, o demək deyil ki, valideyn uşağın hüquqlarını pozur. Sadəcə olaraq müəyyən məsələlərdə valideynlərlə, digər insanlarla maarifləndirmə aparılması daha məqsədəuyğundur.”

Vay o hicab bağlayanların, namaz qılanların halına ki, dələduzluq edirlər!

Millət vəkili Fazil Mustafa isə Analitik.az-a açıqlamasında bu məsələdə insanların çox hissəsinin sui-istifadə, saxtakarlıq hallarına yol verdiyini vurğulayıb. Sui-istifadə məsələsinin mübahisəli məsələ olduğunu da deyən F. Mustafa, inanclı insanların hicabı vəhyin tələbinə görə daşıdığını söyləyib: “Bu insanlar Allah qarşısında borclarını yerinə yetirmiş kimi özlərini qəbul edirlər. Bunu fərqləndirmək bir qədər çətindir. Amma bunu hansısa ölkənin simvolu kimi təbliğ etmək istəyənlər də var. Bütövlükdə isə kimin imanlı, kimin imansız olduğunu demək olmaz. Hər halda Konstitusiyaya uyğun davranmaq lazımdır.”

Din altında saxtakarlıq edənlərin qarşısının alınmasının mümkün olmadığını qeyd edən millət vəkili deyib ki, onların hərəkətləri qınanmalıdır: “Din adı altında saxtakarlıq edənləri qınamaq olar. Lakin onun qarşısının alınması mümkün deyil. Qurani-Kərimin özündə də hətta, 30-dan artıq ayədə qeyd olunub ki, vay o hicab bağlayanların, namaz qılanların halına ki, dələduzluq edirlər. Orada namaz qılmayana sərt bir qınama yoxdur. Namaz qılaraq saxtakarlıqla, fırıldaqçılıqla məşğul olanlarla bağlı Allahın hökmləri var. Allah qarşısında ümumiyyətlə, saxtakarlıq yaxşı qəbul olunmur.”

F. Mustafa hicabı dəb üçün taxan insanların da olduğuna diqqət çəkib: “Bunu xüsusi bir dəbə çevirən insanlar da var. Bu, artıq Allah qarşısında yanlış addım sayılır. Qanunla qadağan olunma imkanları yoxdur.” O, Analitik.az-a açıqlamasında cəmiyyətdə daha çox yayılan digər bir məsələyə də öz münasibətini bildirib: “Azərbaycanın 90 faizi adının qabağına Hacı, Kərbəlayi, Məşədi qoymaqla öz kimliklərini tanıdırlar. Halbuki dində elə bir şey yoxdur. Öz adın var, dədənin adı var! İnsanlar adlarının qabağına bunları qoyurlar ki, ona etibar göstərsinlər. Namaz qılanın adının qabağında Namaz və yaxud oruc tutanın adının qabağında Oruc Həsən və ya Hüseyn olmur ki! Azərbaycan cəmiyyətində əsasən dini sferada saxtakarların sayı çoxdur. Biri pinti saqqalını daha çox gözə soxmağa çalışır, biri adının qabağında müxtəlif adlar əlavə edərək insanları özünə yaxşı tanıtmağa çalışır. Niyə insanlar bunlardan istifadə edib gözə soxurlar ki?.. Bəlkə də müsəlman dünyasında Azərbaycanda dinin adından istifadə edən saxtakarların sayı daha çoxdur.”

Prezident Admisntrasiyasının rəhbəri Ramiz Mehdiyevin çıxışına toxunan F. Mustafa bildirib ki, çıxışda Azərbaycanı narahat edən bir sıra məqamlara toxunulub: “Ümumiyyətlə, Ramiz Mehdiyevin çıxışı Azərbaycanın çox aktual problemlərinə toxunan məsələləri əhatə edir. Bu, dövlət orqanları tərəfindən ciddi təhlil olunub, orada göstərilən nöqsanlar ortadan qaldırılmalıdır. Bu məsələdə də yanaşma odur ki, təkcə iqtisadi amilə görə insanlar Suriyaya və başqa yerə getmirlər, burda bir mənəvi amil var. Təhsil sistemi yaxşı bir şeyi öyrətmirsə, gedib radikal qüvvələrin iradəsinə tabe olacaqlar.”

COMMENTS