Veteran batalyon komandiri, baş redaktor Ali Baş Komandana müraciət etdi

Veteran batalyon komandiri, baş redaktor Ali Baş Komandana müraciət etdi

Cənab Ali Baş Komandan,
Cənab Prezident İlham Əliyev!

Əgər bu gün düşmən tərəfindən, separatçı bölgədən deyil, bir başa Ermənistan ərazisindən ölkəmizin torpaqlarına acıq-aydın təcavüz vardırsa bütün sivil və qeyri sivil qanunlara görə müharibə qaçılmazdır! Ya təslim olmalıyıq (ki buna nə siz , nə də xalq razı olmaz), ya da savaşmalıyıq!

Bəli, müharibə ölüm, acı, itki, gözüyaşlı ailələr deməkdir! Müharibə qan-qada deməkdir!
Artıq zaman çatıb, itirilmiş torpaqlarımızı, ata-babalarımızın tapdaq altında qalan qəbirlərini işğaldan azad etməyin vaxtı çatıb.
Cənab Baş Komandan artıq Vətənimizə açıq aydın təcavüz var . Bütün dünya bunu görür və təsdiq edir. Savaş Qarabağda separatçılarla deyil, Tovuzda Ermənistan silahlı qüvvələri ilə gedir. Ermənistan silahlı qüvvələri generalımızı və bir çox yüksək rütbəli şərəfli zabitimizi şəhid edib!

Cənab Prezident, ƏMR edin!
Əmr edin ki, biz atalar övladlarımıza belə bir rüsvayçı miras qoymayaq!
Əmr edin səfərbərlik olsun və biz veteranlar Vətən, Millət və Övladlarımızın qarşısında son missiyamızı həyata keçirdək!

Əmr verin ki, Qarabağ və ətraf 7 rayonu işğaldan azad edək. Qarabağın da taleyi Göyçə, Zəngəzur və digər işğalda olan torpaqlarımızın taleyini yaşamasın.
Əmr edin və görün Xalq necə əmrə müntəzir dayanıb!

Cənab Ali Baş Komandan!
Əmr edin və tarixə qalib Baş Komandan, qalib Prezident kimi düşün!
Sizin komandanlığınız altında biz bu qələbəni Vətənə, Xalqımıza bəxş edək!

Azərbaycan güclüdür, ordusu da, xalqı da! Bütün siyasi qüvvələr arxanızca gedəcək! Bütün daxili münaqişələrə son veriləcək!
Əmr verin ki, gələcək nəsillərimizin gözlərinə dik baxa bilək.

Cənab Baş Komandan, Cənab Prezident!

Əmr edin ki, biz övladlarımızın, Vətənimizin, Xalqımızın qarşısında üstümüzdə olan bu ləkəni götürək!

Teref.az saytının baş redaktoru.
“Boz Qurd” batalyonunun komandiri
Müraciətə bütün “Boz Qurd” batalyonunun heyəti qoşulub!
15.07.2020 -ci il

COMMENTS