Vidadi İsayev Qarabağ əlilini süründürür: “Mehriban xanım, 4 aydır ki…”

Vidadi İsayev Qarabağ əlilini süründürür: “Mehriban xanım, 4 aydır ki…”

Bərdənin Çələbilər kəndində yaşayan 2-ci qrup Qarabağ əlili, çavuş Əsədov Elman Yunis oğlu məmur biganəliyindən şikayətçidir

Dosye.org Cahan.info-ya istinadən  xəbər verir ki, Çələbilər kənd bələdiyyəsi sədri onun dəfələrlə yazılı və şifahi müraciətinə baxmayıb.

Onun sözlərinə görə, Çələbilər bələdiyyəsindən 15 hektar əkin sahəsinə yararlı torpaq verilməsini istəyib. Qarabağ əlili ailəsini dolandırmaq üçün əkib-becərmək istəyib.

Ancaq deyir ki, kəndin müharibə görməyən, hərbi xidmətdə olmayan sakinlərinə torpaq paylanır, ona verilmir.

Bu barədə dia.az-a göndərdiyi məktubda E.Əsədov ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyevadan kömək istəyib.

Qarabağ əlili Bərdə rayon İcra Hakimiyyətinə üz tutub. RİH-dən isə Çələbilər kənd bələdiyyəsinə yönəldilib. Deyilib ki, get torpağı bələdiyyədən istə.

Bələdiyyə isə bildirib ki, Bərdə RİH-dən məktub daxil olmayıb: “Digər kəndən olan vətəndaşlara bizim kəndin ərazisində hektarlarla yerlər ərazilər verirlər, mən Qarabağ əlilini süründürməklə məşğuldurlar.4 aydan çoxdur müraciətimə baxılmır.

Dekabr 1992-ci ildən mart 1994-cü ilədək 772 saylı hərbi hissədə xidmət etmişəm, döyüşlərdə ağır yaralanmışam, 2-ci qrup Qarabağ müharibə əliliyəm. Ailəliyəm 3 uşağım var.

Hörmətli Mehriban xanım, xahiş edirəm məni qəbul edəsiniz və Qarabağ müharibə əlili olmağımı, ailəmin böyük, yaşayış tərzimin çətin olduğunu nəzərə alaraq mənə kənddə yerləşən kənd təsərrüfat təyinatlı yaralı torpaq sahəsindən 15 hektar ayrılmasına kömək edəsiniz”.

Cahan.info xəbər verir ki, Bərdənin icra başçısı Vidadi İsayevin şəhid ailələrinə, Qarabağ əlillərinə, məcburi köçkünlərə ilk belə laqeydliyi deyil. Dəfələrlə yazmışıq.

İndi V.İsayev torpaq uğrunda sağlamlığını itirən Qarabağ əlilinə torpaq vermir ki, vətənində ailəsini dolandırsın. Yerlərdə məmurların laqeydliyi ucbatından vətəndaşlar prezidentə və birinci xanıma yazmaq məcburiyyətində qalırlar.

Halbuki, V.İsayev və digər icra başçıları təyin olunur ki, xalqla işləsinlər. Bunu prezident özü çıxışlarında bildirib və məmurlara xəbərdarlıq edib. Amma V.İsayev kimi dərs çıxarmayanlar var.

Bərdəni qarış-qarış satan, yaşıllıqları məhv edib yerini tikintilərə, restoranlara qurban verən icra başçısı Qarabağ əlilini 4 aydır süründürür.

Bərdə RİH-nin kənd bələdiyyəsinə tapşırıq verməsi çox çətindirmi? Qarabağ əlilinə əkinə yararlı torpaq vermək olmazmı? Prezident də neçə dəfə söyləyib ki, kənd təsərrüfatının inkişafına şərait yaratmaq lazımdır.

Lakin Vidadi İsayev özünü prezidentin Bərdədə səlahiyyətli nümayəndəsi kimi aparmır. Nə küçə süpürən gözdən əlil Nazilə Musayevaya, nə Qarabağəlili Elman Əsədova köməklik edir. Sonra da mətbuatı qərəzli olmaqda günahlandırır.

Media isə real problemləri, konkret şikayətləri qarşıya qoyur, Bərdənin icra başçısı isə vecinə almır. Sanki onu prezident təyin etməyib, özünü rayonun padşahı, kralı sayır.

Bəs bu insanlar kimdən mərhəmət, dəstək gözləməlidir? Nə üçün Qarabağ əlilinə torpağı rəva görmürsünüz? Çələbilər bələdiyyəsi o qədərmi özbaşınadır ki, RİH-nin sözünü eşitmir? Şikayətçiyə də söyləyiblər ki, icra hakimiyyətindən məktub gəlməyib. Deməli, V.İsayev özü maraqlı deyil ki, vətəndaşa köməklik göstərsin.

Bundan öncə də şəhid xanımı Yasəmən İsmayılova Bərdənin icra başçısının qəbuluna getmişdi, onu aşağılayıb qovmuşdular, hətta qapısına adam göndərib həbslə hədələmişdilər.

Eyni zamanda şəhid ailəsi olan köçkün Xəyyam Salmanzadə onun xəbəri olmadan yerinin satıldığını bildirib, bu məsələyə də reaksiya verilmir.

Yəni, V.İsayevin Bərdədə incitdiyi müharibədən qurbanları bir deyil, beş deyil. Şəhid ailəsini saymır deyirsən, sahibkara “divan tutur”, yaşıllıqları məvh edir söyləyirsən, məcburi köçkünü qapıdan qovur, ziyalıları saymır bildirirsən, vətəndaşın əmlakına qəsb edir. Bərdəni qarış-qarış satıb pul qazanır, insanları dinləmir.

Prezidentin sərəncamlarına rəğmən, Vidadi İsayev özünü yaxşı tərəfdən göstərmək, nəticə çıxarmaq, bərdəlilərin, köçkünlərin, şəhid ailələrinin, sahibkarların sevgisini qazanmaq, xidməti ilə rəğbət qazanıb vəzifədə daha çox qalmaq, əhalinin prezidentə təkidi ilə onun bu postda saxlanmasını istəməsinə nail olmaq yerinə, narazılıq yaradır ki, vəzifəsindən erkən vidalaşsın. Niyə həm camaata, həm özünə pislik edir, anlaşılmır.

Dosye.org

COMMENTS