Vilyam Hacıyevdən narazılıqlar var

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə bağlı yeni məlumatlar ortaya çıxıb

 

Bir qrup vətəndaşın Qaynar.info-ya ünvanladığı məlumatda bildirilir ki, icra başçısı ilə bağlı ölkə başçısı İlham Əliyevə müracət edəcəklər.

Buna səbəb icra başçısının rayonda dözülməz vəziyyət yaratması, rayon infrstrukturunun bir çox yerlərdə hələ də bərbad olması, azad sahibkarlığa şəraitin yaradılmamasıdır.

Sakinlərin iddiasına görə, Vilyam Hacıyevin gəlişi ilə İmişli rayonu tənəzzül dövrünə qədəm qoyub: “Vilyam Hacıyev əvvəl rəhbəri olduğu Göygöl və Samux rayonlarında icra etdiyi qanunsuz işlərini davam etdirməklə yerli əhaliyə əlavə problemlər yaradır. Vəzifədə olduğu müddətin iki ili ötməsinə baxmayaraq, Hacıyev rayonda sosial durumu nəinki yaxşılaşdıra bilməyib, əksinə, vəziyyəti bir az da çətinləşdirib. Məhz buna görə də, əhalinin böyük əksəriyyəti onun fəaliyyətindən narazıdır. Dəfələrlə bu barədə ölkə rəhbərliyinə edilən şikayətlərə və problemlərin vaxtaşırı mediada işıqlandırılmasına baxmayaraq, icra başçısı heç bir tələbə məhəl qoymur. Hələ bir neçə ay öncə bildirmişdik ki, vətəndaşların istifadəsində olan otlaq yerləri satılıb, pay torpaqları zorla kəndlilərin əlindən alınıb, üstəlik dövlət əmlakında olan bəzi ərazilər ayrı-ayrı şəxslərin adına özəlləşdirilib. Başçının əməllərindən narazı qalan sakinlər bir neçə dəfə Rayon İcra Hakimiyyətinə gedərək problemlərin yoluna qoyulmasını xahiş ediblər. Lakin bunların da nəticəsi olmadı”.

Müraciətdə qeyd olunur ki, ümumiyyətlə, son vaxtlar İmişlidə icra hakiminin fəaliyyətindən narazılıq edən şəxslərə qarşı aqressiv münasibət göstərilir: “İcra hakiminə yaxın olan insanlar narazı vətəndaşları müəyyən edərək onları şərləyəcəkləri ilə hədələyirlər. Bəzi hallarda başçıya qarşı çıxan insanlar polis əməkdaşları tərəfindən təzyiqə məruz qalır. İmişlinin mərkəzindəki boş torpaq sahələri rayon rəhbəri tərəfindən qarış-qarış satılıb. İndiyə qdər bir neçə sahibkarın obyekti heç bir səbəb olmadan sökülüb. RİH başçısı həmin iş adamlarına kompensasiya verəcəyini vəd etsə də, sözünə əməl etmədi. O, adamlar öz qanuni haqlarını ala bilmədilər. Onlarla obyekt yolların genişləndirilməsi adı ilə buldozerin qabağına verildi. Ancaq sonradan məlum oldu ki, icra hakimi həmin obyektlərin yerləşdiyi ərazini başqa şəxslərə satıb”.

Şikayətçilər bildirilər ki, kədarası yollar bərbad halda olduğu üçün rayonla əlaqələr də çətinləşib: “Ölkə başçısı bir neçə dəfə rayonun infrastrukturunun abadlaşdırılması, yoların yenidən çəkilməsi və təmir olunması üçün İmişliyə milyonlarla manat vəsait ayırıb. Ancaq rayonun əksər kəndləri baxımsızlıqdan bərbad vəziyyətə düşüb. Bəzi kəndlərin yolu tamamilə dağılıb. Dövlət büdcəsindən və prezidentin ehtiyat fondundan İmişlinin abadlaşması məqsədilə ayrılan vəsaitlərin isə hara xərcləndiyi bəlli deyil. Bu pullarla sadəcə, rayonda bəzi kosmetik işlər görülüb”.

Məlumata qeyd olunur ki, rayonda işsizlik də əsas problemlərdəndir: ” Gənc və orta yaşlı insanlar münasib iş tapa bilmir. Baxmayaraq ki, rayon ərazisində onlarla zavod və müəssisə fəaliyyət göstərir. Bununla belə insanların çoxu iş ümidi ilə Bakıya və ətraf rayonlara üz tuturlar. Ona görə də biz çıxış yolu kimi ölkə başçısı cənab İlham Əliyevə müraciət edəcəyik. Bu dəfə konkret olaraq imzatoplama kampaniyası keçirib yüzlərlə vətəndaşın imzası ilə prezidentə kütləvi müraciət göndərəcəyik. Əslində, biz gözləyirdik ki, Vilyam Hacıyev ilin əvvəllərində işdən çıxarılacaq. Təəssüf ki, bu, baş vermədi. Ancaq bu dəfə əminik ki, şikayət və müraciətlərimiz nəticə verəcək və Prezident bizim haqq səsimizi eşidəcək”.

Qarşı tərəfin də mövqeyini dərc edəcəyik.

JAM.AZ

COMMENTS