Top.Mail.Ru

Virusla bağlı dəhşətli xəbər başlıqlarına ETİRAZ: “Bəzilərini stress öldürəcək”

Virusla bağlı dəhşətli xəbər başlıqlarına ETİRAZ: “Bəzilərini stress öldürəcək”

Pandemiyanın ölkə ərazisində mövcud olduğu ilk başlardan bəri mətbuatda insanları qorxuya salan, təşviş oyadan, psixikasına təsir edən informasiyalar yayımlanır. Söhbət əsasən bu informasiyaların “dəhşətli başlıqlar”ından gedir.

Əksəriyyət şişirdilmiş başlıqlardan, KİV-də haçalanmış fikirlərin yayılmasından narahat olduğunu deyir.

Xəbərlərin insanları qorxuya salan başlıqlarla təqdimatı nə dərəcədə doğrudur? Bu xəbərlər psixoloji baxımdan kütləyə necə təsir göstərir?

Məsələ ilə bağlı Modern.az-a danışan tanınmış hüquqşünas və media ekspert Ələsgər Məmmədli koronavirusun mövcudluğunu təkzib edən xəbərlərin yayılmasından narahat olduğunu bildirib:

“Pandemiyaya yoluxanların sürətinin artması ilə bağlı xəbərlər tez-tez rastıma çıxır ki, bunlar da real zəminə əsaslanan xəbərlərdir. Təbii ki, belə xəbərlər həyəcan yaradır. Cəmiyyət də qəbul etməlidir ki, virusun geniş sayda yoluxmaya səbəb olma ehtimalı var. Yəni belə xəbərlər obyektivliyi özündə daşıyaraq insanları qorumağa yönəlib. Çünki bəzi insanlar virusun hələ də mövcud olmadığı kimi xəbərlər yayır. Rusiya mənşəli “fake” xəbərlər də yayılır ki, guya virus labarotoriya şəraitində hazırlanmış bioloji silahdır və s. Əslində belə xəbərlərin tirajlanması cəmiyyət üçün problem yarada bilər, nəinki reallığa əsaslanan qorxuducu başlıqlar…

Hələ də sosial məsafəni qorumayan, maskadan istifadə etmədən şəhərdə gəzən insanlar var. Bu baxımdan bəzi xəbərlərin “duzu”nu biraz artıq etmək olar”.

Psixoloq AytəƏləkbərova qorxuducu xəbər başlıqlarının, informasiyaların insanların mərkəzi sinir sistemini pozduğunu deyir:

“İnsanlarda qorxu hissini yaradan səbəblər çox müxtəlifdir. Kiçik yaşda uşaqlar belə əsəb sisteminin tipindən, beyində gedən prosesdən aslı olaraq deyir ki “Ana, xəstələnsəm, öləcəm?”.
Həyatın müxtəlif mərhələlərində emosional yaşam fərqli məzmunlar kəsb edir. Bu məzmunların içərisində iki mərhələdə təzahür edən hislər var. Yəni adətən hansısa işi görməzdən, şəxslə ünsiyyətdə olmazdan əvvəl ehtiyat edib narahat olan adamda artıq qorxu formalaşması gedir. İnsanlar da artıq ayrı-ayrı mərhələlərdə streslərdən iki tipə ayrılır: emosional və informativ. İnsanların hazırda yaşadığı kəskin streslər informativ tipin formalaşmasına gətirib çıxarır. Hər gün xüsusilə ziyalılar mənə deyir ki, “Artıq koronavirusla bağlı qorxudan xəbərləri oxuya bilmirəm”. Belə olan halda kütlənin göz yaddaşında ölümün qapının ağzında olması kimi düşüncələr onların iradəsini zəiflədir və mərkəzi sinir sitemini pozmağa səbəb olur. Bu zaman da insan əsəbi hala düşür, yaşadığı bəzi məqamları dərk edə bilmir. Stressin yaratdığı bu fəsadlar isə koronavirusdan da ağır nəticələr verəcək. Bu gün insanlar çox şeydən, musiqidən belə zövq ala bilmir. Çünki hamı düşünür ki, görünməyən bəla bizi məhv edəcək. Düzdür, gigiyenik vasitələrdən istifadə, karantin rejiminin tətbiqi sosial məsafənin gözlənilməsi önəmlidir. Amma psixoloji olaraq xəstəliyə qalib gəlməyimizi düşünə bilməməyimiz bizdə problem yaradır. Bu baxımdan insanları qorxudan başlıqlar olmasa, yaranan informativ stresdən qaçmaq olar”.

DOSYE.ORG

COMMENTS