Vladimir Jirnovski: “Azərbaycan etibarlı tərəfdaşdır”

Vladimir Jirnovski: “Azərbaycan etibarlı tərəfdaşdır”

Sentyabrın 27-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskini qəbul etdi.

 

Görüşdə Sədr Azərbaycanın Rusiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğuladı. Bildirildi ki, siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərimiz inkişaf etməkdədir. Azərbaycan ictimaiyyəti tarixən rus dilinə və mədəniyyətinə böyük hörmət və ehtiramla yanaşmışdır. Bu gün Azərbaycanda 335 orta məktəbdə rus dili tədris olunur, 27 universitetdə bu dildə tələbələr təhsil alırlar. Bununla yanaşı, Bakıda Slavyan Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı müvəffəqiyyətlə fəaliyyət göstərir. Ölkədə rus dilində çoxlu sayda qəzet və jurnallar nəşr olunur. Ümumiyyətlə, humanitar və mədəni sahələrdəki əlaqələrimiz ürək açandır.
İqtisadi sahədə də uğurlarımız vardır. Təkcə bir faktı göstərmək olar ki, ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 600 milyon ABŞ dolları həcmində olmuşdur. Gələcəkdə biz bu göstəricini yüksəltmək niyyətindəyik.
Sədr qeyd etdi ki, münasibətlərimizin dərinləşməsində parlamentlər mühüm rol oynayır. Təqdirəlayiq haldır ki, qanunvericilik orqanları arasında Parlamentlərarası Komissiya fəaliyyət göstərir. Deputatlarımız müxtəlif beynəlxalq qurumlarda tez-tez görüşür və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Sədr dostluq qruplarının mövcudluğunu da yüksək dəyərləndirdi. Qeyd edildi ki, hər iki ölkə parlamentlərində təmsil olunmuş siyasi partiyalar arasında, o cümlədən Rusiya Liberal-Demokrat Partiyası ilə əlaqələrin genişlənməsi də ümumi məqsədlərə xidmət edərdi.
Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan Sədr problemin tezliklə aradan qaldırılması üçün Rusiya tərəfinin səylərini artıracağına inamını ifadə etdi.
Görüşdə Vladimir Jirinovski Azərbaycana səfərinin əhəmiyyətini yüksək qiymətləndirərək, burada gördüklərindən və aparılan danışıqlardan məmnun qaldığını söylədi. Qonaq Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Azərbaycanın qısa zaman kəsiyində böyük nailiyyətlər əldə etdiyini vurğuladı. Bildirildi ki, Prezident İlham Əliyevin dönəmində görülən işlər də həqiqətən heyrətamizdir.
V.Jirinovski Azərbaycanda rusdilli məktəblərin və ali təhsil müəssisələrinin fəaliyyətini təqdirəlayiq hesab etdi. O, iqtisadi, turizm, təhsil, mədəni sahələrdə əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu söylədi.
Vladimir Jirinovski parlamentlərarası əlaqələrdən danışaraq, təmsil etdiyi partiya nümayəndələrinin də ölkəmizə böyük maraq göstərdiklərini dedi. Qeyd edildi ki, gələcəkdə iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün heç bir maneə yoxdur. Azərbaycan həmişə etibarlı tərəfdaş olmuşdur.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və digər rəsmi şəxslər iştirak edirdilər.

* * *

Parlamentin Sədri ilə görüşdən sonra Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirildi.
Tədbirdə rusiyalı deputat ölkəmizə səfəri barədə mətbuat nümayəndələrinə ətraflı məlumat verdi. Sonra o, jurnalistləri maraqlandıran sualları cavablandırdı.

 

COMMENTS