Strasburqdan qayıdan jurnalist Xədicə İsmayıla Bakı hava limanında pasport yoxlanılması zamanı gözləməsi tapşırılıb.
Vəkil Fariz Namazlı AzadlıqRadiosuna bildirir ki, gömrük işçilərinin bu davranışı qanunauyğun deyil: «Gömrük işçiləri bildirir ki, 2001-ci il qanununa əsasən, şəxslər informasiya daşıyıcıları barədə məlumat verməlidirlər. Ancaq bu, doğru tələb deyil. Hər gün müəyyən sayda insan hava limanından istifadə edir, özü ilə dizüstü kompüter, flaş-kart aparır. Heç biri bu barədə gömrüyə məlumat vermir. 2 saata yaxındır Xədicə İsmayılı burada saxlayıblar. Onun sərbəst hərəkət hüququ pozulur».
***
Azadlıq Radiosu xəbər verir ki, bu barədə o öz facebook səhifəsində yazıb:
“Sərhəddə pasportumu aldılar, yoxladılar. Sonra dedilər ki, gözləyin. Gözləyirəm”.
Təxminən 6-7 dəqiqədən sonra Xədicə İsmayıl “nəzarət altında çantalarımı götürməyə gedirəm” deyə status paylaşıb.
İki gömrük işçisi Xədicə İsmayılın baqajını yoxlayır.
Vəkil Fariz Namazlı da onunla birlikdədir. O bildirir ki, sərnişinlərdən ancaq X.İsmayılın baqajı yoxlanılır. Səbəbini demirlər.
Vəkil Fariz Namazlı bildirir ki, Xədicə İsmayıldan bəyannamə doldurmağı tələb ediblər. Jurnalist üzərində bəyan ediləcək bir şeyin olmadığını bildirsə də, bəyannaməni doldurub.
Yoxlama aparan şəxslər X.İsmayılın üzərində olan flaş-karta da baxmaq istədiklərini deyiblər.
X.İsmayıl isə flaş-kartın gömrükdə yoxlanışı üçün səbəb olmadığını bildirib. O, həmin kartda jurnalist materialları olduğunu söyləyərək onu verməkdən imtina edib.
X.İsmayıl öz facebook səhifəsində yazır:
”Gömrük məmuru mənim flaş-kartımda dövlətçilik əleyhinə nələrinsə olmasından şübhələndiyini deyir. Bildirir ki, flaş-karta baxmamış məni buraxa bilməz”.
ANN.Az
COMMENTS