Mingəçevirdə təcili tibbi yardım maşını qəzaya uğrayıb.
ANS PRESS-in məlumatına görə, hadisə səhər saat səkkiz radələrində Günəşli yaşayış massivində qeydə alınıb.
Mingəçevir Şəhər Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Mingəçevir şəhər sakini Əlif Şükürovun idarə etdiyi, Təcili Tibbi Yardım Stansiyasının 90-JX-689 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili şəhər istiqamətinə hərəkət edərkən qarşıdan gələn 99-AM-835 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub.
Təcili tibbi yardım maşınında sulfat turşusu içərək özünü öldürmək istəyən 1979-cu il təvəllüdlü Nadirə Fadil qızı Paşayeva xəstəxanaya aparılırmış.
Qəza nəticəsində N.Paşayeva və onun qohumu, 1960-cı il təvəllüdlü Mahir Alməmməd oğlu Kərimov xəsarət alıb.
N.Paşayeva Mingəçevir şəhər mərkəzi xəstəxanasının qəbul şöbəsinə, M.Kərimov isə travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
COMMENTS