Xədicə İsmayılın biznesinin hakimiyyətdəki havadarı kimdir?

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın personası ətrafında qalmaqallı xəbərlərin yayıldığı vaxtda Analitik.az-a maraqlı məlumat daxil olub.

 

Heç kəsin şəxsi həyatına müdaxilə etməyi münasib hesab eləmirik. Kimsənin hərəkətlərinin valideynlərinin adına yazılması və ya valideynlərin kimliyinin uşaqlarına münasibətə təsir etməsi də arzuolunan deyil. Eyni zamanda, Azərbaycanda az qala hər kəsin şəxsi və işgüzar fəaliyyəti barədə araşdırma aparan X.İsmayılın özünün valideynlərinin kimliyi və yaxınlarının nə işlə məşğul olmasına dair heç bir açıqlamasına rast gəlinməyib. Həmçinin, hər zaman hakimiyyət tərəfindən təzyiq gördüyünü deyən X.İsmayılın qardaşının biznes fəaliyyəti, hökumətdəki müəyyən şəxs(lər) tərəfindən himayə olunmasına dair heç vaxt danışmaması da maraqlıdır. Hər halda oxucular üçün maraqlı olar deyə, bizə daxil olan məlumatların bir hissəsini təqdim edirik.

Xədicə İsmayılın atası kimdir?

X.İsmayılın atası Rövşən Məmmədağa oğlu İsmayılov 25 yanvar 1938-ci ildə Sabirabad rayonunun Abdulyan kəndində anadan olub. R.İsmayılovun atası, yəni, X.İsmayılın babası İsmayılov Məmmədağa Məhəmməd oğlu 1910-cu ildə Sabirabad rayonunun Abdulyan kəndində anadan olub. M.İsmayılov hüquq təhsili aldıqdan sonra Şamxor, Şəki, Lənkəran rayonlarında prokuror işləyib. 1942-1944-cü illərdə Naxçıvan Muxtar Respublikasının baş prokuroru vəzifəsində işləyərkən, 34 yaşında vəfat edib və Naxçıvan şəhər qəbiristanlığında dəfn olunub.

6 yaşında atasız qalan Rövşən doğulduğu kəndə qayıdıb. 1955-60-cı illərdə Neft Kimya İnstitutunun neft mexanika fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra B.Sərdarov adına Neftmaşınqayırma zavodunda sıravi texnoloqdan başlayaraq direktor vəzifəsinə qədər işləyib. 1982-ci ilin aprel ayında B.Sərdarov adına zavod da daxil olmaqla, SSRİ-nin neft mədən avadanlıqlarının 75 faizini istehsal edən 14 neftmaşınqayırması zavodunu, 2 elmi-tədqiqat layihə institutunu və konstruktor bürosunu birləşdirən «Soyuzneftmaş» İB-ə baş mühəndis vəzifəsinə, 1983-cü ildən isə baş direktor vəzifəsinə təyin olunub.

1986-cı ildə M.S.Qorbaçov Tümen Vilayətində olarkən neftçilərin istifadə etdiyi neft mədən avadanlıqlarının xarici neft mədən avadanlıqları ilə müqayisədə istismarda çətinlik yaratdığını tənqid etmələrindən dərhal sonra R.İsmayılovu «Soyuzneftmaş» İB-in Baş direktoru vəzifəsindən azad edib, o vaxtkı istehsal göstəricilərinə görə çox geridə qalan «Dəzgahqayırma» İB-ə baş direktor vəzifəsinə təyin ediblər. 1993-cü ildə Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra R.İsmayılov «Dəzgahqayırma» İB-dən çıxarılır və 7 ay işsiz qalır.

Əbülfəz Elçibəy «Neftkimyamaş» şirkətinin prezidenti təyin edir

R.İsmayılov 1985-90, 1990-95-ci illərdə 2 çağırış Ali Sovetin deputatı, Azərbaycan SSR-in «Əməkdar mühəndisi», bir çox dövlət təltiflərinin və mükafatların sahibi olub. O vaxtkı İttifaq miqyasında tanınan neftmaşınqayırma mütəxəssisi sayılırmış.

1993-cü ilin sonlarında işsiz olan R.İsmayılovu Türkmənistana neftmaşınqayırma sənayesini yaradıb inkişaf etdirməyə dəvət edirlər. Həmin vaxt R.İsmayılov deputat olduğundan, Ali Sovetdə çıxış etmək və respublikadan getməyə icazə almaq məqsədilə parlamentin rəhbərliyinə müraciət edir. 2 gün sonra onu o vaxtkı prezident Ə.Elçibəy qəbul edir və keçmiş «Soyuzneftmaş»ın bazasında yaradılmış «Neftkimyamaş» şirkətinin prezidenti vəzifəsinə təyin olunması barədə Fərman imzalayır. R.İsmayılov həmin vəzifədə 1996-cı ilədək işləyib. Onun sağlamlığında problemlər yaranması və SSRİ-nin dağılmasından sonra neft-mədən avadanlıqlarının bazarının itirilməsi səbəbindən həmin dövrdə artıq özü işdən uzaqlaşmalı olub. R.İsmayılov 19 iyul 2002-ci ildə vəfat edib.

«Təzyiq altında olan» Xədicə İsmayılın hakimiyyətdəki havadarı kimdir?

R.İsmayılovun vəfatından sonra onun övladlarının ictimai həyata münasibətində əks-dəyişiklik baş verir. Oğlu Məmmədağa İsmayılov o vaxtlar Əzizbəyov rayon Polis Şöbəsində leytenant rütbəsində işləyib. Zəhmətkeş atanın ərköyün oğlu işdə yol verdiyi nöqsanlara görə polis orqanlarından xaric edilir. Sonradan onun köməyinə yenə də atasının sağlığında qazandığı dostları gəlir. Biznes fəaliyyətinə başlayır və qısa müddət ərzində də fəaliyyətini genişləndirir.

Xədicə İsmayılın qardaşı Məmmədağa İsmayılovun Binəqədi rayonu ərazisində fəaliyyət göstərən «Sazi» kiçik müəssisəsinin təsisçisi və sahibi olduğuna dair məlumatlar var. 1990-cı ildə, hələ atasının sağlığında qeydiyyatdan keçirilmiş bu müəssisədən həm də X.İsmayılovanın pay alması da iddia olunur. Əvvəllər başqa şəxslərlə şərikliyi olan M.İsmayılov, son illərdə «Sazi»nin tam sahibinə çevrilir. Bu, o illərə təsadüf edir ki, X.İsmayıl «Azadlıq» radiosunun Bakı bürosunun rəhbərliyinə yeni gətirilmişdi. Artıq onu həm xarici ekspertlər, həm yerli ictimaiyyət, həm də hökumətdə tanıyırdılar. İddia olunur ki, bu «tanınmaların» sayəsində X.İsmayılın qardaşı kiçik müəssisədəki biznesini böyüdüb, yeni torpaq sahələri və xidmət obyektləri əldə edib.

Müəssisəyə torpaq sahələrinin ayrılması, xidmət fəaliyyətinin təşkilində digər şəriklərin «yola salınmasında» da M.İsmayılova bəzi məmurların arxa durduğu bildirilir. Binəqədi rayon İcra Hakimiyyəti və vergi orqanlarının «Sazi»nin fəaliyyətinə daimi «yaşıl işıq» yandırılmasında «daha yuxarıdan» hansı məmurun tapşırıqlarını yerinə yetirmələri də suallar doğurur. Hətta, biznes fəaliyyətində torpaq sahələri uğrunda üzləşdiyi məhkəmə işlərində də M.İsmayılovun arxasında «güclü əl»in durduğu deyilir.

Bunlar daxil olan məlumatların bir hissəsidir. Xədicə İsmayılın qardaşının və digər qohumlarının biznes fəaliyyətində qazandığı uğurlara yalnız sevinmək olar. Hər bir Azərbaycan vətəndaşının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ var. Hər bir sahibkara da eyni bərabər şəraiti yaratmaq dövlətin ümdə vəzifəsidir. Bu baxımdan M.İsmayılovun da bir vətəndaş olaraq sahibkarlıqla məşğul olması, icra hakimiyyəti və bələdiyyədən torpaq sahələri alması tam normaldır. Eyni zamanda, daxil olan məlumatın maraqlı tərəfi ondadır ki, bütün dünyaya Azərbaycan hakimiyyəti tərəfindən təzyiq edildiyi və sıxışdırıldığını deyən Xədicə İsmayılın qardaşına «münbit şərait» yaradılır. Bu imtiyazı qardaşı özü qazanıb, yoxsa «təzyiq altında olan» jurnalist X.İsmayıl, bu, oluqca müəmmalı məsələyə bənzəyir?..
Və sualların ən maraqlısı: Xədicə İsmayılın qardaşına Azərbaycan hakimiyyətinin hansı nüfuzlu siması havadarlıq edir?..

Araşdırmalarımız davam edir.

COMMENTS