Top.Mail.Ru

Xalq artisti Əjdər Həmidov dünyasını dəyişdi – foto

Xalq artisti Əjdər Həmidov dünyasını dəyişdi – foto

Cavid Zeynallı: “Əjdər Həmidov ötən həftə sağlamlığı ilə bağlı həkimə müraciət etmişdi”

Xalq artisti Əjdər Həmidov bu gün 67 yaşında dünyasını dəyişdi.
Çalışdığı Akademik  Dövlət Milli Dram Teatrından Moderator.az-a verilən məlumata görə aktyor uzun müddət idi ki, insultdan əziyyət çəkirdi.
Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olmuşdur. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynamışdır.
Onun Vəzir (“Lənkəran xanının vəziri” M.F.Axundov), (“Tamahkar” S.S.Axundov), Milis (“Bəxt üzüyü” V.Səmədoğlu), Məlik (“Adamın adamı” Anar), Sərsəri (“Bütün Şərq bilsin” N.Həsənzadə), Dursunəli (“Dursunəli və ballıbadı” S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanmışdır.
Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilmişdir. Bu illər ərzində o, Şeytan (“Özümüzü kəsən qılınc” B.Vahabzadə), 1-ci kafir (“Burlaxatun” N.Xəzri), Daşdəmir (“Bu dünyanın adamları” Hidayət), Vanya Koxa (“Hökmdar və qızı” İ.Əfəndiyev), Məşədi Oruc (“Ölülər” C.Məmmədquluzadə), Şou-Zəli (“Hələ “sevirəm” deməmişdilər…” R.Novruz), Dito (“Kaş araba aşmayaydı” O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaratmışdır.
Aktyor “Azərbaycanfilm”in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaratmışdır. “Kişi sözü”ndə Qasım, “Lətifə”də Əhməd, “Hacı Qara”da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən “Yoxlama” adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirmişdir.
Əjdər Həmidov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.
Mərhum sənətkarın çalışdığı Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı  bizimlə söhbətində Xalq artistinin uzun müddət idi ki, insultdan əziyyət çəkdiyini bildirdi:
“Bir həftəyə yaxın 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) müalicə aldı. Ötən həftə sağlamlığı ilə bağlı həkimə müraciət etmişdi. Onun ölümü bizim üçün gözlənilməyən hadisə idi. Allah rəhmət etsin”.
Cavid Zeynallıya mərhum sənətkara teatrda vida mərasiminin  keçirilməsi ilə bağlı sual ünvaladıqda isə  koronavirus pandemiyasını nəzərə alaraq  böyük ehtimal vida mərasiminin olmayacaınlı vurğuladı:
“Hələ ki, 2 saat olar Əjdər müəllim dünyasını dəyişib. Vida mərasimi ilə bağlı dəqiq məlumat olsa mətbuata açıqlanacaq”.
DOSYE.ORG

COMMENTS