XİN-dən ölən tələbələr haqda açıqlama

Azərbaycanın Xarici İşlər Nazirliyi Türkiyədə azərbaycanlı tələbələrin qəzaya uğraması barədə açıqlama yayıb.

 

XİN mətbuat xidmətinin əməkdaşı Hikmət Hacıyevin açıqlamasında qeyd edilib ki, Türkiyə Respublikasının Uşaq şəhəri dairəsində içərisində Azərbaycan vətəndaşlarının olduğu avtomobil səhər radələrində yol qəzasına düşüb.

Qəza nəticəsində avtomobilin içərisində olan 6 nəfərdən üçü – Anar Musayev, Ülvi Sadiqov, Elvin Hüseynov həlak olub, digər üç nəfər – Əli Kərimli, Mayıs Həsənov, Muğdat Talıblı isə yaralanıb. Yaralanan şəxslərin vəziyyəti orta-qənaətbəxş hesab olunur. Bu şəxslər Türkiyənin Uşaq universitetinin 1 və 2-ci kurs tələbələridirlər.

Uşaq şəhəri Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun ərazisinə daxil olduğu Baş konsulluq tərəfindən zəruri tədbirlər görülüb. Hal-hazırda Baş konsulluq tərəfindən Türkiyənin hüquq-mühafizə orqanları və səhiyyə xidməti ilə lazımı təmaslar davam etdirilir.

Həlak olanların cənazələrin vətənə çatdırılması, lazımı sənədləşmə işlərinin aparılması və yaralananlara dəstək verilməsi istiqamətində Baş konsulluq fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinə də bu barədə məlumat verilib. İlkin araşdırma zamanı bu şəxslərin dövlət hesabına təhsil almadıqları müəyyən edilib.

Yol qəzasında həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı veririk.

COMMENTS