“Xəstənin vəziyyəti ağır-stabil olaraq davam edir.
Zərərçəkən həm də şəkər xəstəsidir. Çalışdığımız onun şəkərinin normaya gətirilməsi idi ki, buna da nail olduq”. Bunu Modern.az-a açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov Xırdalanda baş verən partlayışda yanıq xəsarətləri alan Vidadi İsmayılovun səhhəti barədə məlumat verərkən söyləyib.
Həkim bildirdi ki, xəstənin vəziyyətinin ağır olmasına baxmayaraq, huşu yerindədir. “Bu gün sarğıları oldu, yanmış toxumaları təmizləndi”. Baş həkim həmçinin Vidadi İsmayılovun həyati təhlükəsinin yüksək olduğunu bildirib. “Ən az 2 həftə mücadilə edə bilsə, yaxşılığa doğru nəsə demək olacaq.
Vidadi İsmayılovun 13 yaşlı oğlu Yunus İsmayılovun da sarğıları dəyişdirildi. Vəziyyətində ağırlaşma yoxdur, palatada müalicəsini davam etdirir”.
Məlumat üçün bildirək ki, V. İsmayılov “Aztelekom” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisidir. Onun ailəsində olan 5 nəfərin hamısı müxtəlif dərəcəli zədə alıb.
Qeyd edək ki, sentyabrın 8-də Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər.
COMMENTS