Şöhrətli yazıçı filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik, dilçi, ədəbiyyatşünas Kamal Abdulla Azərbaycan ədəbi mühitinə fikirləri, düşüncələri, qələmi ilə yenilik gətirən ədiblərimizdən biridir. Son onilliyin ən uğurlu əsəri sayılan, sonsuz oxucu rəğbəti qazanan “Yarımçıq əlyazma” əsəri Azərbaycan ədəbiyyatında yeni bir yolun, fikirin təməlini qoydu…
Təkcə Azərbaycanda deyil, dünyanın bir çox dövlətlərində də oxucuların sevə-sevə oxuyub dəyər verdiyi bu əsər bir daha “Dədə Qorqud” eposuna baxışımızın yenilənməsində, ruhumuzun təmizlənməsində qiymətl ədəbi-bədii nümunədir.
Dünya ədəbi prosesində mənəvi köklərə qayıdış cərəyanı geniş vüsət alır. Mənəviyyata istinad etməyən cəmiyyətin əvvəl-axır iflasa uğrayacağını başa düşən hər kəs soy kökünü öyrənərək, araşdıraraq, onu həyata tətbiq edərək psixoloji tənəzzülün qarşısını almaq üçün mücadilə edir. Bu sahədə yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri böyük dəyər kəsb edir və bu sahədə ədəbi didaktik maarifləndirməyə təkan verir.
Tarixi həqiqətdir ki, Avropa xalqları dövlət formalaşdırmağı, dövlətçiliyi və döyüşməyi-cəngavərliyi türklərdən əxz edib bəhrələniblər. Türkün şücaəti, qəhrəmanlarımızın əzmkarlığı əsərdə nümunə kimi ədəbiyyatsevərlərə çatdırılır. Şərəfli tarixi keçmişimizdən, qəhrəman, cəsur babalarımızın qəhrəmanlıqlarla dolu həyatından bəhs edən Dədə Qorqud dastanının qəhrəmanlarına Kamal Abdullanın müraciət etməsi onun mənəvi kökümüzə, soy kökümüzə, tarixi qəhrəmanlarımıza olan vətəndaş, ziyalı sevgisindən, azərbaycanlı və azərbaycançılıq, türkçülük mövqeyindən xəbər verir. Bu cəsarətli addım ədəbi mühit və oxucular tərəfindən alqışlanır. Bəlkə elə buna görədir ki, əsər bir neçə xarici dillərə tərcümə edilib və əcnəbi oxuculara təqdim olunub. Bu, zərurətdən doğub, yazıçının istəyi əsasında edilməyib. Oxucu istəyinə qarşı zidd çıxmaq özü bir mənəvi çınayətdir. Əgər oxucu bu əsəri oxuyursa, bəhrələnirsə, bu yeni nəfəsə alqış deyirsə, deməli Kamal Abdullanın əsərin yazılmasına sərf etdiyi illər hədər getməyib.
İnsanı düşündürən, duyğulandıran, böyük məntiqə əsaslanan, tarixi əhəmiyyət kəsb edən problemlərin qabardılması, yazıçının cəsarəti, qəhrəmanlara baxışındakı fərqlilik, digərlərini təqlid etməməsi qələminin hərəkət dinamikasında özünəməxsus tərzdə oxuçuya çatdırılır. Hətta illərlə müsbət qəhrəman kimi tanıdığımız obrazların digər mənfi cəhətləri də qabardılır. İllərlə gizli saxlanılan məqamlar aşkarlanaraq yazıçının qələmindən müasir baxışlarla oxucuya çatdırılır.
Bəlli bir həqiqətdir ki, qatı düşmənlərimiz həmişə türk torpaqlarına maraq göstərmiş, onların məskunlaşdığı və yaşadığı torpaqları zəbt etmək üçün əsrlərlə planlar cızmış və bu planları həyata keçirmək üçün yollar axtarmaqla istədiklərinə nail olmağa çalışmışlar.
Qatı düşmənlərimizə qarşı qəhrəmanlarımızın şücaəti, Dədə Qorqud əzəməti, bu əzəmətdən güc alan digər qəhrəmanların mənfi və müsbət cəhətləri “Yarımçıq əlyazma” əsərində daha dərindən təhlil edilərək hər bir oxucunu bir daha düşünməyə və real nəticə çıxarmaqla tarixi axarı dərk etməyə, yaxşını pisdən ayıraraq özündə yaxşı keyfiyyətləri formalaşdırmağa çağırır. Bu da Kamal Abdullanın bir yazıçı kimi ugurunun nəticəsidir.
xxx
Londonun məşhur “Voterstones” kitab evi və Avstriyanın “Dradivaberl” nəşrlər evində keçirilən təqdimatların ardınca yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyanın Berlin şəhərində yerləşən Humboldt universitetində də oxuculara təqdim olunub.
Ədəbi fəaliyyətində daha çox yazıçı və dramaturq kimi tanınmış Kamal Abdullanın “Nar çiçəkləri” adlı şeirlər kitabı işıq üzü görüb.
“Mütərcim” nəşriyyatında Əliş Mirzallının redaktorluğu ilə çap olunan kitabda müəllifin müxtəlif illərdə qələmə adlığı şeir və poemaları toplanıb.
“Nar çiçəkləri”ndə insanın aldanışlar dünyasıyla gerçək həyat eniş-yoxuşları arasındakı yaşantıları əksini tapıb.
Yaşıl nar ağacının
soldu nar çiçəkləri.
Soldu nar çiçəkləri,
kim deyərdi solacaq?
Birdən-birə büzüşdü,
qocaldı ləçəkləri.
Soldu nar çiçəkləri,
guya ki, nə olacaq…
Bu ağrılar, əzablar
bizə gəlib dəydilər.
Unuduldu sevilən,
unuduldu sevəni.
Bu ağacın içində
məni gizlədəydilər,
Dost da gəlib baxaydı,
tapammayaydı məni.
Kağızdan evcik qurub,
qızıl saray bilmişik.
Nahaqdan incitmişik
qüssəli ürəkləri.
Bu dünyaya bəlkə də
bir az vaxtsız gəlmişik.
Kim deyərdi solacaq,
soldu nar çiçəkləri.
Vaxt gələcək ağrımız
örtüləcək çiçəklə,
Bütün yaralarımız
yenidən bitişəcək.
Hər şey qurtaracaqdır
xoşbəxt bir gələcəklə,
Soldu nar çiçəkləri —
indi nar yetişəcək!
xxx
Azərbaycan Dövlət Milli Dram Teatrının səhnəsində növbəti dəfə Kamal Abdullanın “Şah və Şair, yaxud hamı səni sevənlər burdadı…” adlı pyesinin tamaşası olub. Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fükültəsinin tələbələrinin bir qismi tamaşada iştirak edib. Tamaşa anşlaqla keçib.
Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb, eyniadlı pyesin dram teatrı üçün yenidən işlənmiş variantıdır və yazıçının məşhur «Yarımçıq əlyazma» romanında əksini tapan motivlər əsasında səhnələşdirilib. Tamaşa ikihissəli xəyali oyun kimi təqdim olunub.
xxx
Romada keçirilən XIII ənənəvi kitab yarmarkasında tanınmış yazıçı Kamal Abdullanın italyan dilinə tərcümə olunmuş “Yarımçıq əlyazma” romanı kitabsevərlərə təqdim edilib.
Kitabın çap edildiyi “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Tetti çıxış edərək roman haqqında məlumat verib. Bildirib ki, Daniele Franzoninin tərcümə etdiyi kitabda “Ön söz”ün müəllifi məşhur yazıçı və tarixçi, Florensiya Universitetinin professoru Franko Kardini, redaktoru isə professor Mikele Bernardinidir.
Əsərin ədəbi-bədii keyfiyyətlərini təhlil edən Mikele Bernardini romanda müasir ədəbiyyatın mifik ənənələrlə əlaqəsinin ön plana çıxarıldığını, qədim oğuz cəmiyyətinin real, mənəvi kontekstdə təqdim olunduğunu bildirib.
Kitabın italyan dilində ərsəyə gəlməsinə yardımçı olanlara minnətdarlığını bildirən Kamal Abdulla bu əsərin italiyalı oxuculara təqdim olunmasından böyük qürur hissi keçirdiyini deyib. Nəşr haqqında məlumat verən yazıçı vurğulayıb ki, əsərdə klassik ədəbiyyatla mifologiya vəhdət təşkil edir. Kamal Abdulla “Dədə Qorqud” hekayətlərinin əslində qədim Roma, yunan mifləri ilə üst-üstə düşən, səsləşən miflər olduğunu diqqətə çatdırıb. Bildirib ki, məhz bu bənzərlik xalqlarımız arasında qədim dövrlərdən mövcud olan əlaqələrin göstəricisidir.
xxx Mənə belə gəlir ki, soydaşımızın uğurları hər bir vətənsevəri sevindirməlidir. Göründüyü kimi yazar ədəbi janrların hamısında uğurlar qazanır. Bütün yaradıcılığından bir Qorqud xətti keçir. K.Abdullanın çoxşaxəli yaradıcılığının bədii leytmotivi Dədə Qorquddur-deyərdim.
Kamal Abdulla dünya şöhrətini yavaş-yavaş, qram-qram qazanır.Mühacirətdə yaşayan başqa bir yazıçı-professorumuz K.Abdullanı Azərbaycan səviyyəsində layiqli yazar hesab edib “Nobel”ə layiq bilmir.”Nobel”alanların(ədəbiyyat sahəsində) çoxunu çoxları layiq bilmir.Göydə bu mükafat Tanrının qismətidir, yerdə isə mükafat komissiyasının seçimi – səlahiyyəti və dünya oxucularının, ədəbi ictimaiyyətinin dəstəyinin təzahürü ilə baş verir. Azərbaycanımızın, azərbaycanlılarımızın hər bir uğuruna sevinməli və dəstək olmalıyıq. Kamal Abdullanın qələmi dünya şöhrəti qazanıbsa, o qədər saf, xeyirxah insandır ki, deyərdim ki, elə Vətən məhəbbəti ilə döyünən DÜNYA boyda ürəyi var. K. Abdullanın təfəkkürü çağdaş, milli-modernist, özü köhnə kişilərdəndir. Ədəbiyyatımızın Kamalı – XXI yüzilliyin Dədə Qorqudu “Nobel”ə addımlayır. Bir kiçik qardaşı kimi xeyir-dua verirəm. Allah-təala qismət eləsin Dədə Kamalın “Nobel”ini doğma Şuşamızda qeyd edək -inşaAllah!
Vüqar Əhməd – filologiya elmləri doktoru, professor
COMMENTS