Yəmən prezidenti Əbdurabbu Mənsur Hadi istefa verib. Musavat.com xəbər verir ki, məlumatı “Frans Press” dövlət başçısının müşavirinə istinadən yayıb.
Bir neçə saat əvvəl isə Yəmən hökiməti istefa vermişdi.
Bundan başqa, üsyançılar Yəmən prezidenti ilə Konstitusiyanın dəyişdirilməsi barədə razılığa gəliblər. Düzəlişlərə əsasən, şiələr bütün dövlət qurumlarında vəzifə tuta bilərlər.
Xatırladaq ki, dünən Yəməndə şiə Husilər Hərəkatı hökumətə qarşı silahlı təzyiqə əl atdı. Nəticədə ölkə prezidenti Mənsur Hadi onların irəli sürdüyü ultimatumu qəbul etmək zorunda qaldı. Onlarsa tələb edirlər ki, ölkənin vitse-prezidenti şiə olmalıdır.
Belə bir məqamda Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh bəyan edib ki, ölkədə yenidən prezident və parlament seçkiləri keçirilməlidir. Onun düşüncəsinə görə, Yəməni siyasi xaosdan xilas etmək üçün bu yeganə doğru qərar ola bilər.Daha bir diqqət çəkən məqam isə ondan ibarətdir ki, “Al Jazeera” sabiq prezident Əli Abdulla Salehin Husilər Hərəkatının hərbi rəhbərlərindən biri ilə apardığı telefon danışığının lent yazısını yaydı. Televiziya bildirir ki, sabiq prezident kölgədə olsa da, öz siyasi çəkisini qoruyub saxlayır və onun qayıdışını arzulaynlar çoxdur.
Dünən Husilər Hərəkatının lideri Əbdül-Məlik əl-Husi televiziya çıxışı zamanı prezident Mənsur Hadini yəmən xalqını məyus etməkdə ittiham etmişdi.
Belə bir fonda prezident Mənsur Hadi Husilər Hərəkatının irəli sürdüyü bütün şərtləri qəbul etdi. Nəticədə 2 gün mühasirədə qalan prezident sarayı yenidən normal fəaliyyətə başladı.
22 yanvarda isə “Al Arabiya News“ televiziya kanalı bəyan edib ki, Yəmən prezidenti və hökuməti istefa verib. Prezident Mənsur Hadi hökumətin istefasını qəbul etdikdən sonra, özü də istefa verməyi lazım bilib.
Baş nazir Baha bəyan edib ki, onun hökuməti qeyri-konstruktiv və qarışıq siyasi labirintə bənzər işlərə qoşulmaq fikirində deyil. O, bu barədə öz “Facebook” səhifəsində yazıb.
“Al Arabiya News“ televiziya kanalı qeyd edir ki, tərəflər dünən razılığa gəlmişdi, bu gün isə vəziyyət kökündən dəyişdi.
COMMENTS