“Yalnız Xankəndi deyil, ümumilikdə Qarabağın qazlaşdırılması gündəmdədir” – “Azəriqaz” rəsmisi

“Yalnız Xankəndi deyil, ümumilikdə Qarabağın qazlaşdırılması gündəmdədir” – “Azəriqaz” rəsmisi

Millət vəkili: “Xankədində belə qəzaların baş verməsinin yeganə səbəbkarı Ermənistanın özüdür, ona görə də…”

Martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin iki gün öncə yaydığı məlumatda bildirilib: “Bununla əlaqədar olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir”, – press-relizdə xüsusi vurğulanır. “Azəriqaz”dan o da qeyd edilib ki, martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq: “Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qazpaylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub. Normadan artıq qarın yağmasına baxmayaraq, ”Azəriqaz” İB-in əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər”.

Qeyd edək ki, az əvvəl Avropa İttifaqı Xankəndinə qaz təchizatının “yenidən dayandırılmasından” narahat olduğunu bəyan edib. Çünki Qarabağda yaşayan ermənilər onlara verilən qazın tez-tez kəsilməsindən və soyuq və qarlı hava şəraitində dözülməz vəziyyətdə olduqlarından şikayətləniblər. Onlar Azərbaycan hökumətini qazı “məqsədli şəkildə” kəsməkdə ittiham ediblər.

Qarabağdakı terrorçu-separatçı rejimin absurd bəyanatları bununla bitməyib. Ermənistanın “artsaxqaz” şirkətindən bu dəfə bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ya onun törəmə şirkəti “Azəriqaz”ın “artsax respublikası”na qaz tədarükü prosesi ilə heç bir əlaqəsi ola bilməz…

Əgər belədirsə, əvvəlki şüvənlik nə idi, başa düşülmür.

Ümumiyyətlə, son günlər Xankəndinə qazın verilməsi ilə bağlı və bu mövzu ətrafında ictimaiyyət arasında müxtəlif fikirlər, suallar səsləndirilir. Xankəndində bir nəfər də olsun azərbaycanlı yaşamır. Bəziləri hətta belə iddia da səsləndirir ki, oradakı erməni əhaliyə pulsuz qaz veriləcək.

Belə bir sual da verilir ki, qazdan istifadəyə görə erməni əhalisindən pul yığmaq mümkün olacaq? Nəzərə alınsa ki, həmin ərazilərə qazın verilişi Ermənistan tərəfindən həyata keçirilir, bəs Azərbaycandan oraya boru xətləri nə vaxt çəkiləcək?

Eldəniz Vəliyev: “Qaz ölçü qurğularının sərfiyyatı çox qeydə alması  qeyri-mümkündür”

Eldəniz Vəliyev 

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Yeni Müsavat”a məsələ ilə bağlı belə şərh verib: “”Azəriqaz” hazırda yaranmış fors-major vəziyyətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur. 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfi işğal altında saxladığı ərazilərdə infrastrukturdan geniş şəkildə eninə-boluna istifadə edib. Amma bu illər ərzində heç bir texniki xidmət göstərməyiblər. Hər kəsə bəllidir ki, o yerlərin relyefi çətindir. Eyni zamanda orada yağan qar kütləsinin miqdarı digər regionlardan 3-4 dəfə artıq olur. Buna görə də qar uçqunları, korroziyaya uğramış boru xətlərinin sıradan çıxması, sızıntının olması böyük bir hadisəyə səbəb olmuşdu. SOCAR “Azəriqaz” İstehsalat Birliyinin əraziyə ezam olunmuş əməkdaşları neçə gündür ki, orada ciddi rejimdə çalışırlar. Baxmayaraq ki, təhlükəlidir, bununla belə, yaranmış fors-major vəziyyətin aradan qaldırılması vəzifə olaraq “Azəriqaz” İstehsalat Birliyinin qarşısında durur. Ona görə də əməkdaşlarımız bunu həyata keçirdilər. Böyük ehtimalla bu gün orada işlər tamamlanıb, test keçiriləcək. Testin nəticəsindən asılı olaraq da qazın verilməsi məsələsi müzakirə olunacaq. Yenə də deyirəm, SOCAR “Azəriqaz” İstehsalat Birliyi yaranan fors-major vəziyyətin nəticələrini aradan qaldırır. Əvvəlcədən planlaşdırılmış bir iş deyildi axı. Verilən suallar da növbəti mərhələnin suallarıdır. Hələ ki sizin verdiyiniz suallar açıq qalır. Bu sualların müzakirəsi hələ olacaq. Hadisə baş verdi, ermənilər beynəlxalq ictimaiyyətin diqqətini yönəltmək istədilər ki, Azərbaycan nə özü edir, nə də bizə imkan verir. Azərbaycan tərəfi də həmin ərazidə yaranan vəziyyəti aradan qaldırdı, iş yekunlaşıb”.

“Nəzərə alsaq ki, həmin ərazilərə qazın verilişi Ermənistan tərəfindən həyata keçirilir, bəs Azərbaycandan oraya boru xətləri çəkiləcəkmi” sualına “Azəriqaz” rəsmisi belə cavab verib: “Ümumiyyətlə, hazırda Azərbaycan tərəfi, yəni ”Azəriqaz” işğaldan azad olunmuş ərazilərin infrastrukturunun qurulması ilə məşğuldur.  Bura su və elektrik enerjisi təchizatının təmin olunması ilə yanaşı, qaz təchizatı ilə təminat da nəzərdə tutulur. Müəyyən yerlərdə pilot şəhərlər üzrə ərazilər ki var, oraya təbii qazın verilişi olacaq-olmayacaq onu deyə bilmərəm. Amma ümumilikdə Qarabağın qazlaşdırılması gündəmdədir. Amma hələlik ilk olaraq Şuşa və Ağdam ərazisində qazpaylayıcı xətlərin çəkilməsi nəzərdə tutulur. Bununla bağlı hələlik qərar verilməyib. O ki qaldı opponentlərlə müqavilələrin bağlanması, qazdan istifadəyə görə erməni əhalisindən pul yığılması məsələsinə, bunlar açıq qalan suallardır. Buna cavab versəm, yanlışlıq edə bilərəm. Bunlar hamısı növbəti mərhələdə bilinəcək”.

Azər Badamov - Teleqraf.com

Azər Badamov

İqtisadçı millət vəkili Azər Badamov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Bir neçə gündür ki, Azərbaycanın ermənilər yaşayan ərazisində qazın verilişi dayanmışdı. Bu, həmin ərazidə baş vermiş qəza ilə birbaşa bağlı idi. Qazın verilişinin dayanmasını ermənilər şou kimi  təqdim edib, humanitar bir problem kimi üzə çıxarmağa çalışdılar. Təbii ki, bu, belə deyildi. Çünki ermənilərin yaşadığı Qarabağ ərazisi də Azərbaycan ərazisidir. Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində yaşayan erməni əsilli əhali də Azərbaycan vətəndaşlarıdır. Elə problemlərin mütəmadi baş verməməsi üçün mütləq şəkildə erməni əhalisinin də Azərbaycan vətəndaşlığını qəbul etməsi vacibdir, Azərbaycan qanunlarına tabe olması vacibdir. Bu gün baş verən belə qəzaların dərhal aradan qaldırıla bilməməsinin səbəbi də Qarabağın ermənilərin yaşadığı, rus sülhməramlılarının nəzarəti altında olan ərazidə erməni separatçı hərbi qüvvələrin, hərbi birləşmələrin qalmasıdır. O hərbi birləşmələr də oradan rədd olub gedərlərsə, təbii ki, Azərbaycanın ərazisində belə qəzalar tez bir zamanda aradan qaldırılacaq. O ərazidə sosial problemlərin olması, belə qəzaların baş verməsinin yeganə səbəbkarı Ermənistanın özüdür və orada silahlı qüvvələrin saxlanmasıdır. Bu məsələlər öz həllini taparsa, Azərbaycanın bütün ərazisində olduğu kimi, orada da humanitar məsələlər həllini tapacaq. Çox təəssüf ki, həmin əraziyə qazın verilişi Ermənistandan daxil olur. Bu gün həm də o ərazi Rusiya sülhməramlılarının nəzarəti altındadır. Ona görə də həmin ərazilərdə öz qanunlarımızı tətbiq edə bilmirik. Amma bunun müvəqqəti hal olduğunu düşünürəm. Ölkələrin arasında imzalanmış üçtərəfli bəyanatlarda qeyd olunduğu kimi, Azərbaycan bu ərazilərdə də nəzarəti təmin etməlidir”.

Afaq MİRAYİQ

COMMENTS