Ukraynanın Regionlar Partiyası sabiq prezident Viktor Yanukoviçin oğlu, partiyanın üzvü Viktor Yanukoviçin ölümü ilə bağlı məlumat yayıb.
Partiyanın saytına yerləşdirilmiş məlumatda bildirilir: “Martın 20-də həmkarımız, Regionlar Partiyasından Ukrayna Ali Radasının keçmiş deputatı Viktor Viktoroviç Yanukoviçin ömrü yarıda qırıldı. Həyatını itirərkən onun cəmi 33 yaşı vardı”.
Saytda yerləşdirilən məlumatda partiya V.Yanukoviçin doğmalarına və yaxınlarına başsağlığı da verib, bununla belə, onun ölüm səbəbləri barədə heç nə qeyd olunmayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov oğul Viktor Yanukoviçin Baykal gölündə boğularaq ölməsi ehtimalı ilə bağlı məlumata malik olmadıqlarını açıqlayıb: “Mən bunu nə təsdiqləyə, nə də inkar edə bilərəm”.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko sabiq prezident Viktor Yanukoviçin kiçik oğlu Viktor Viktoroviç Yanukoviçin Baykal gölündə öldüyü barədə məlumatı təsdiqləyib.
APA-nın “Rosbalt”a istinadən verdiyi məlumata görə, A.Geraşşenko hadisə şahidlərinə istinadən öz facebook səhifəsində yazıb ki, oğul Yanukoviçin idarə etdiyi “Volkswagen Multivan” markalı mikroavtobus buzun qırılması nəticəsində suya batıb.
“Mikroavtobus buzun altına getməyə başlayıb. Viktorla birlikdə mikroavtobusda olan 5 nəfər xilas ola bilib, lakin su mikroavtobusa sürücü tərəfdən dolmağa başladığından o, təhlükəsizlik kəmərini açmağa macal tapmayıb və suda boğulub” – deyə müşavir bildirib.
33 yaşlı V.Yanukoviçin artıq Sevastopola aparılaraq hərbi qəbiristanlıqda dəfn olunduğu bildirilir.
Qeyd edək ki, martın 22-də bəzi KİV oğul Viktor Yanukoviçin öldüyü barədə xəbər yayıb. Məlumata əsasən, onun və digər 5 nəfərin olduğu mikroavtobus qadağan olunmasına baxmayaraq, Baykal gölündə buzun üstü ilə hərəkətdə olarkən buz qırılıb və nəqliyyat vasitəsi suya batıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi zərərçəkmişlərin adlarını çəkmədən belə bir hadisənin baş verdiyini təsdiqləyib. Daha sonra ölənin Viktor Davıdov adlı şəxs olduğu barədə məlumat yayılıb. Oğul Viktor Yanukoviçin Rusiyada hansı soyadla yaşadığı məlum deyil. Yalnız oğul Viktor Yanukoviçin ana nənəsinin familiyasının Davıdova olduğu bildirilir.
COMMENTS