YAP-da mətbuat konfransı

YAP-da mətbuat konfransı

Bu gün YAP-da Siyasi Şuranın iclasının başa çatmasının ardınca jurnalistlər üçün mətbuat konfransı keçirilib. YAP-ın icra katibi Əli Əhmədov və onun müavinləri-Mübariz Qurbanlı və Siyavuş Novruzov Milli Məclisin  buraxılması zərurəti barədə partiyanın qərarını əsaslandırıblar.

Əli Əhmədovun sözlərinə görə, YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın. “Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik”, – Ə.Əhmədov əlavə edib.

Onun sözlərinə görə, bu gün də Yeni Azərbaycan Partiyası vətəndaş maraqlarını bütün maraqlardan üstün tutaraq qanunverici orqanın yenilməsini zəruri hesab edir. Bunun üçün Prezident İlham Əliyevə parlamentin buraxılmasını xahiş edib.

“Parlamentin buraxılması islahatların bu sahəyə də şamil edilməsini təmin edəcək”,-o deyib.

İcra katibinin  sözlərinə görə, parlamentə məktub ünvanlanacaq. Ə.Əhmədov qeyd edib ki, müraciət imzalanıb və yaxın zamanlarda parlamentə daxil olacaq: “Yaxın zamanlarda plenar iclasın gündəliyinə salınacağına inanıram. Qəbul edilən qərara qeyri-adi qiymət verməyə ehtiyac yoxdur. Bu, islahatların genişlənməsinin bir növüdür. İnanıram ki, qərar parlamentdə yeni ənənənin formalaşmasına öz töhfəsini verəcək”.

Əli Əhmədov deyib: “Növbəti parlament seçkilərində müasir, vətənpərvər gənclərdən ibarət deputat korpusunun formalaşdırılması bizim diqqətimizdədir. Həyata keçirilən islahatların başında bir çox əhəmiyyətli səbəblər dayanır. Azərbaycanda çox savadlı, müasir dünyagörüşə sahib olan layiqli gənc nəsil formalaşır. Hesab edirəm ki, bu gənc nəsil Azərbaycanın bundan sonrakı inkşafına böyük töhfə verəcək. Biz gənclərimizlə qürur duyuruq”.

DOSYE.ORG

COMMENTS