Aprelin 21-də Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının VIII konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ehtiramla ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda hesabat məruzəsi ilə çıxış edən YAP Göyçay rayon təşkilatının sədr əvəzi Sahib Şükürov diqqətə çatdırıb ki, dahi şəxsiyyət Heydər Əliyevin ideyaları əsasında formalaşan, böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub və fəaliyyətini uğurla davam etdirir.
Sahib Şükürov məlumat verib ki, 1993-cü ildə fəaliyyətə başlayan YAP Göyçay rayon təşkilatı hazırda 7828 üzvü ətrafında birləşdirir. Bu gün YAP rayon təşkilatının üzvləri ulu öndər Heydər Əliyevin ideyalarının davamçılarıdır. Sahib Şükürov ötən konfransdan keçən müddət ərzində görülən işlər barədə məlumat verib. O, bildirib ki, hazırda YAP Göyçay rayon təşkilatı ətrafında birləşən üzvlərin 4488 nəfəri qadınlar, 3112 nəfəri isə gənclərdi. Ötən hesabat seçki yığıncağından bu günədək partiya sıralarına 427 nəfər göyçaylı qəbul olunub.
Konfransda YAP İcra Katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin deputatları Elman Nəsirov və Rauf Əliyev, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, YAP İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov çıxış edərək YAP rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.
Bildirilib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, kəşməkəşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas siyasi qüvvəyə çevrilən partiya olub.
Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib. Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Sahib Şükürov YAP Göyçay rayon təşkilatının sədri seçilib. Eyni zamanda 3 nəfər sədr müavini seçilib, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu yaradılıb, 49 nəfər Şura üzvü və 17 nəfər İdarə Heyətinə üzv seçilib. Sonra Yeni Azərbaycan Partiyasına yeni üzv olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
Dosye.org
COMMENTS