Yardımlıda narkobaronun evindən polis izi

Yardımlı Rayon Polis Şöbəsinin keçmiş rəisi, polis polkovniki Şamil Seyidlinin Yardımlı qəsəbəsində kirayədə yaşadığı, hazırda qaçaqmalçılıq maddəsilə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində saxlanılan Sərvər Əmirova məxsus evin eksklüziv fotolarını əldə etmişik.

Rayon sakinlərinin Axar.az-a bildirdiyinə görə, qəsəbənin qurtaracağında tikilən və təxminən bir hektarlıq ərazini əhatə edən bu mülk öz spesifikliyi ilə seçilir:

“Bu evin önünə keçmək mümkün deyil. Çünki önündən, dərənin içindən çay axır və daha sonra böyük dağ başlayır”.

Sakinlərin verdiyi məlumata görə, evə gedən yolun fotoda görünən girişində vaxtilə polis postu olub:

“Polkovnik Şamil Seyidli bu evdə qalarkən girişdə mühafizə üçün post qurulmuşdu. Hazırda o post qalsa da, istifadəsizdir”.

Sakinlər həmçinin evin nəzarətə götürülməsi səbəbindən həyətinə girə bilmədiklərini də qeyd etdilər.

Nə baş verib?

Xəbər verdiyimiz kimi, iyun ayında Yardımlı rayon polisi ilə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində İrandan Azərbaycana külli miqdarda narkotik gətirən dəstə ələ keçirilib. Siqaret qaçaqmalçılığı adı ilə həyata keçirilən əməliyyat zamanı böyük partiyada narkotikin ifşa olunduğu və narkotacirlərin həbs edildiyi qeyd edilir.

Axar.az-ın əldə etdiyi məlumatda Seymur Məriş oğlu Əməşov və Elnur Fəxrəddin oğlu Rzayevdən sonra qrup rəhbəri kimi adı keçən Sərvər Xanış oğlu Əmirovun da həbs edildiyi bildirilirdi.

Sakinlər qeyd edirdilər ki, Yardımlı Rayon Polis Şöbəsinin keçmiş rəisi Şamil Seyidli (hazırda Ağcabədi Rayon Polis İdarəsinin rəisidir) Sərvər Əmirovun şəxsi mülkündə kirayədə yaşayıb və narkotacir Sərvər Əmirov bu faktdan sui-istifadə edərək, rəislə dost olduğunu nümayiş etdirib, bundan sonra isə onun maddi imkanları böyüyüb: rayonda böyük mülklər, daşınmaz əmlak, bahalı avtomobillər alıb.

İşin ən heyrətamiz məqamı isə araşdırma zamanı narkotacirlərin hüquq-mühafizə orqanı işçilərindən bəzilərinin adını çəkməsi və rayon polislərindən bir neçəsinin istintaqa cəlb edilməsidir. Belə ki,
Yardımlı Rayon Polis Şöbəsi rəisinin müavini, polis polkovnik-leytenantı Vidadi Əhədov da istintaqa cəlb edilənlər sırasındadır. O, artıq hüquq-mühafizə orqanları sırasından xaric edilib.

DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Axar.az-a açıqlamasında narkotacirlərin deyil, siqaret qaçaqmalçılarının ifşa olunduğunu təsdiqlədi:

“Yardımlı Rayon Polis Şöbəsi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölkəmizə qaçaqmalçılıq yolu ilə aksiz markası olmayan siqaretlər gətirən dəstə ifşa olunub”.

E.Zahidov qeyd etdi ki, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları, ölkə üzrə baş verə biləcək ümumən cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı fasiləsiz olaraq mübarizə aparırlar:

“Bu il iyulun 16-da Yardımlı Rayon Polis Şöbəsinin və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ölkəyə qaçaqmalçılıq yolu ilə aksiz markası olmayan siqaretlər gətirən dəstə ifşa olunub. Bu dəstədən külli miqdarda aksiz markası olmayan tütün məmulatı götürülüb. Bununla əlaqədar hazırda 5 nəfər məsuliyyətə cəlb olunub və cinayət işi qaldırılıb. Hazırda istintaq aparılır”.

E.Zahidov polkovnik-leytenant Vidadi Əhədovun polis sıralarından qovulması məsələsinə də aydınlıq gətirdi:

“Polkovnik-leytenant Vidadi Əhədov daxili işlər orqanlarından qovulmayıb. Rəis müavini V.Əhədov cənab nazirin əmri ilə xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb və Daxili İşlər Nazirliyinin sərəncamına verilib”.

E.Zahidov “Yeni Müsavat”a açıqlamasında saxlanılanlardan birinin üstündən cüzi miqdarda narkotik tapıldığını qeyd edib və bu faktın narkotacirlərin ələ keçirilməsi kimi təqdim olunmasının əleyhinə çıxıb.

Hazırda Ağcabədi rayon polisinin rəisi olan Şamil Seyidli isə “Yeni Müsavat”a açıqlamasında narkobaron kimi adı hallanan, hazırda Sərvər Əmirovun evində qalmadığını bildirib:

“Mən Yardımlıda rəis təyin olunanda kirayə qaldığım ev Şahin adlı adamın olub. 4 il o evdə qalmışam, kirayə pulunu da ödəmişəm. Bunu yoxlamaq da olar, bütün polislər də bilir. Sərvər adlı şəxslə isə heç bir əlaqəm olmayıb. Sadəcə işdən çıxana 3-4 ay qalanda Şahin evi bu adama satıb. Sonra da çıxıb Ağcabədiyə getmişəm və mənim onunla heç bir əlaqəm olmayıb”.

Ş.Seyidlinin sözlərinə görə, fəaliyyəti dövründə indi narkobaron kimi təqdim edilən S.Əmirov haqqında hər hansı məlumata malik olmayıb:

“Nə onun çayxanasında çay içmişəm, nə yemək yemişəm, nə də onunla əlaqəm olub. Dostluq-filan barədə deyilənlər qəti yalandır. O zaman mənim müəyyən şəxslərlə əlaqəm pis idi deyə, hər zaman özümü qoruyurdum, ancaq işimlə məşğul olurdum. Yardımlıda işlədiyim dövrdə narkobaronlara, qaçaqmalçılığa qarşı çox kəskin mübarizə aparmışam. Çox qaçaqmalçı tutdum, bəzi işçilər cəzalandırıldılar. Mən belə hallara qarşı göz yummadığıma görə nüfuzum var. İndi məni ləkələməyə cəhd göstərməyin nə mənası var? Bütün camaat bilir ki, mən belə hallara heç vaxt göz yummamışam. 4-5 il ərzində mənim qədər narkotiklə bağlı əməliyyat aparan kim olub?”

Xatırladaq ki, rayon sakinləri Axar.az-a açıqlamasında Sərvər Əmirovun rəislə dostluq görüntüsü yaratdığı və bundan sui-istifadə etdiyini bildirmişdilər, Şamil Seyidlinin isə açıqlamasında ləkələnməyindən danışması əlbəttə müəyyən şübhələr yaradır.

Rayon sakinlərinin bildirdiyinə görə, polkovnik Şamil Seyidlinin adını çəkdiyi Şahin adlı şəxsin öz evini Sərvər Əmirova satması və rayondan birdəfəlik uzaqlaşması da təsadüf deyil.

Şahin adlı şəxsin rayonda mövcud olmuş biznesi barədə yəqin ki, rayonun polis rəisi olan Şamil Seyidli məlumatsız deyil.
– See more at: http://axar.az/news/26884#ad-image-0

COMMENTS