Yardımlıda narkotik olayı vəziyyəti gərginləşdirdi

Axır ki, yazdıqlarımız öz bəhrəsini verdi. Təcili Sevindik Hətəmov Prezident Aparatına çağrıldı və sorğu-suala tutuldu.

 

Xəbər verildiyi kimi, ötən gün Yardımlı rayonunda narkotik ticarəti ilə məşğul olan dəstə həbs edilib. Axar.az-ın yaydığı məlumatda deyilir ki, Yardımlıya yeni polis rəisi təyin olunan Nadir Məmmədov narkoticarətə qarşı geniş əməliyyat həyata keçirilib və İrandan Azərbaycana külli miqdarda narkotik keçirən və uzun müddətdir bu fəaliyyətlə məşğul olduğu barədə şübhələr olan şəbəkə yaxalanıb.

Əməliyyatın “xırda zəmində” başlanıldığı, “siqaret qaçaqmalçılığı” adı ilə həyata keçirildiyi qeyd olunur. Bildirilir ki, İrandan qaçaqlamçılıq yolu ilə siqaret gətirən Seymur Məriş oğlu Əməşov həbs edilib, daha sonra isə qrupun digər üzvü – Elnur Fəxrəddin oğlu Rzayev saxlanılıb.

Yalnız bundan sonra rayonda xüsusi mülk və sərvət sahibi olan, “mötəbər şəxs” sırasında adı keçən qrup rəhbəri Sərvər Xanış oğlu Əmirov saxlanılıb.

Məlumatda vurğulanır ki, böyük partiyalarla işləyən bu qrupun həbsindən sonra narkotik alverçiliyində adı keçənlərin hamısı saxlanılıb. Şübhəli şəxs qismində saxlanılan və narkotik alveri edən qrupa rəhbərlik etdiyi barədə ciddi ehtimallar olan Sərvər Əmirovun hüquq-mühafizə orqanları ilə əlaqələri varmış.

Daha doğrusu, Yardımlı Rayon Polis Şöbəsinin keçmiş rəisi Şamil Seyidli (hazırda Ağcabədi Rayon Polis İdarəsinin rəisidir) Sərvər Əmirovun şəxsi mülkündə kirayədə yaşayıb.
Sakinlərin dediyinə görə, Sərvər Əmirov Şamil Seyidli ilə dost olduğu barədə təsəvvürlər yaratdıqdan sonra maddi imkanları da böyüyüb: rayonda böyük mülklər, daşınmaz əmlak, bahalı avtomobillər alıb.

Narkotacirlərin Yardımlı polisi ilə bərabər, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin Bakıdan ezam olunmuş xüsusi təyinatlıları ilə birgə həyata keçirildiyi də iddia olunur. Hazırda saxlanılan şəxslər MCQMBİ-də dindirilir.

İşin ən heyrətamiz məqamı isə araşdırma zamanı narkotacirlərin hüquq-mühafizə orqanı işçilərindən bəzilərinin adını çəkməsi və rayon polislərindən bir neçəsinin istintaqa cəlb edilməsidir: “Yardımlı Rayon Polis Şöbəsi rəisinin müavini, polis polkovnik-leytenantı Vidadi Əhədov da istintaqa cəlb edilənlər sırasındadır. O, artıq hüquq-mühafizə orqanları sırasından xaric edilib”.

Bu gün əldə etdiyimiz məlumatda isə deyilir ki, sözügedən məsələ ilə bağlı artıq rayon rəhbərliyi də təşvişə düşüb. Jam.az-a çatan məlumatda vurğulanır ki, bu təşvişin səbəbi rayonun icra başçısı Sevindik Hətəmov Prezident Admnistrasiyasına dəvət olunub. Və orada rayonda baş verənlərlə bağlı izahat istənilib.

Məlumatda deyilir ki, Hətəmovun adı narkotik ticarətində hallanmır. Sadəcə, rayonun rəhbəri olaraq bu qədər müddətdə həmin şəbəkə barəsində tədbir görməməsinin izahatı tələb olunur. JAM.AZ-a danışan mənbə iddia edir ki, bu olay icra başçısının işdən qovulmasına belə gətirib çıxa bilər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

COMMENTS