Yardımlıdakı narkotaçirlərlə bağlı dəhşətli faktlar

Cinayətkar dəstənin üzvləri kimlərlə əlaqədə olub?

 

Qəzetimizin ötən saylarında Daxili İşlər Nazirliyinin şok əməliyyat keçirməsi haqda xəbər vermişdik. Həmin əməliyyat zamanı narkobaron həbs edildi, polislər işdən qovuldu. Hər zaman bildirmişik ki, ölkəmizin bir sıra şəhərlərində fəaliyyət göstərən narkotacirlər, habelə xüsusi şəbəkə fəaliyyət göstərir. Beləcə, söylədiklərimiz bəzən təsdiqini tapır. Bir müddət bundan əvvəl Yardımlı rayonunda narkotik ticarəti ilə məşğul olan dəstənin müəyyən edilməsi deyilənlərə sübut idi.

Etibarlı qaynaqdan əldə etdiyimiz xəbərə görə, Yardımlıya yeni polis rəisi təyin olunan Nadir Məmmədovun göstərişi ilə narkoticarətə qarşı geniş əməliyyat həyata keçirilib və İrandan Azərbaycana külli miqdarda narkotik keçirən və uzun müddətdir bu fəaliyyətlə məşğul olduğu barədə şübhələr olan şəbəkənin üzvləri müəyyənləşdirilərək həbs olunub. Narkotik maddələrin dövriyyəsi ilə bağlı əməliyyatın “xırda zəmin”də başlanıldığı, “siqaret qaçaqmalçılığı” adı ilə həyata keçirildiyi bildirilir. Əldə etdiyimiz xəbərlərdə vurğulanır ki, İrandan qaçaqmalçılıq yolu ilə siqaret gətirən Seymur Məriş oğlu Əməşov həbs edilib, daha sonra isə qrupun digər üzvü – Elnur Fəxrəddin oğlu Rzayev polis tərəfindən saxlanılıb. Məhz bundan sonra rayonda xüsusi mülk və sərvət sahibi olan, “mötəbər şəxs” sırasında adı keçən qrup rəhbəri Sərvər Xanış oğlu Əmirov da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub. Rayondakı mənbəmizin məlumatına görə, böyük partiyalarla işləyən bu şəbəkənin üzvlərinin həbsindən sonra narkotik alverçiliyində adı keçənlərin hamısı həbs edilib. Yardımlı sakinlərindən birinin verdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan və narkotik alveri edən qrupa rəhbərlik etdiyi barədə ciddi ehtimallar olan Sərvər Əmirovun hüquq-mühafizə orqanlarının bəzi üzvləri ilə gizli əlaqələri varmış. Daha doğrusu, Yardımlı Rayon Polis Şöbəsinin keçmiş rəisi Şamil Seyidli (hazırda Ağcabədi Rayon Polis İdarəsinin rəisidir) Sərvər Əmirovun şəxsi mülkündə kirayədə yaşayıb. Deyilənə görə, polkovnik Şamil Seyidli Yardımlı rayonuna yeni rəis təyin olunanda Sərvər öz evini ona təklif edib. Rayonun sabiq polis rəisi də kiminsə evində onsuz da qalmalıydı, ona görə də Sərvərin təklifinə müsbət cavab verib. Sərvərin rayonda danışdığına görə, evi rəisə qalmaq üçün təmannasız vermişdi və elə bundan da yararlanmağa başlayıb. O, deyirmiş ki, polis rəisi dostumdur, buna görə də mənim evimdə qalmağa razılıq verdi. Yardımlılıların dediyinə görə, Sərvər Əmirov Şamil Seyidli ilə dost olduğu barədə təsəvvürlər yaratdıqdan sonra maddi imkanları da böyüyüb. O, Yardımlıda böyük mülklər, daşınmaz əmlak alıb. Avtomobili bahalı maşınla əvəzlənib. Qeyd edək ki, narkotacirlərin Yardımlı polisi ilə bərabər, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin Bakıdan ezam olunmuş xüsusi təyinatlıları ilə birgə həyata keçirildiyi də bildirilir. Cinayət işinin ən heyrətamiz məqamı isə araşdırma zamanı narkotacirlərin hüquq-mühafizə orqanı işçilərindən bəzilərinin adını çəkməsi və rayon polislərindən bir neçəsinin istintaqa cəlb olunmasıdır. Əldə etdiyimiz məlumatlara görə, Yardımlı Rayon Polis Şöbəsi rəisinin müavini, polis polkovnik-leytenantı Vidadi Əhmədov da istintaqa cəlb edilənlər arasındadır. Həmin şəxsin üquq-mühafizə orqanları sırasından xaric olunub. Bundan əlavə, daha bir neçə polis əməkdaşı da Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə dəvət edilib. Onların da işdən qovulduğu, hazırda həbs olunma ehtimallarının qaldığı iddia edilir. Mənbəmizin sözlərinə görə, ən təəccüblü məqam polkovnik-leytenant Vidadi Əhmədovun polis sıralarından qovulmasıdır. Həmin hadisə rayon camaatının təəccübünə səbəb oldu. Çünki Vidadi Əhmədovun Sərvər Əmirov və onun ətrafında olan adamlara nifrət etdiyini hamı bilirdi: “Biz ona heyrətlənirik ki, doğrudanmı onun gizli şəkildə bu qrupla əlaqəsi olub?”

İndi hər kəs rayonda bu suala cavab axtarır – görəsən, bu hansı Xanışdır və onun o biri oglanları ilə baglı ölçü götürülübmü? Təəssüf ki, həmin sualın cavabı açıq qalmaqdadır.

P.S Vergilərin İstintaq İdarəsindən xahiş edərdik ki, öz bilgisayarlarının yaddaşını təzələsinlər və narkobaron kimi tanınan Sərvərin qardaşı Elman Xanış oğlu Əmirovun siqaret qaçaqmalçılığı ilə tutulmasını bir daha araşdırsınlar. Yasamal rayonunda olan bir neçə ticarət obyektlərində hansı alverin getməsi ilə maraqlansınlar.

Gundelik-Baku.com

COMMENTS