Yaslara qadağa dayandırılıb?

Yas məclislərində ehsan süfrələrinə müdaxilələr səngiyib.

Axar.az-a gələn bəzi xəbərlərdə deyilir ki, artıq əvvəlki qədər yas mərasimlərində israfçılığa qarşı mübarizə tədbirləri adı altında ehsan süfrəsinə inzibati qaydada müdaxilələr olunmur. Məlumatlarda bildirilir ki, ilk günlərdə icra və polis əməkdaşları mərasim zallarına, çadırlara daxil olaraq ölü sahibinə xəbərdarlıqlar edirdisə, indi bu məsələ demək olar ki, səngiyib.

Xəbərlərə görə, bir çox yerlərdə yas məclislərinin təşkili köhnə adət-ənənə ilə davam edir. Ehsan süfrəsinə yenə də müxtəlif nemətlər, meyvələr, sular düzülür. Xüsusilə də rayonlarda yas məclislərinə müdaxilələrə ara verilib.

Bunun səbəbi məlum olmasa da, görünür, kampaniya dövrü geridə qalıb. Eləcə də paytaxtda hökumətin tətbiq etdiyi yeni qaydalar total xarakter almayıb. Şəmkirdə yas məclisində yaşanan qalmaqaldan sonra belə qərara gəlinib ki, vətəndaşlara məcburi surətdə yeni qaydalar tətbiq olunmasın. Sadəcə, tövsiyə xarakterli çağırış olunsun. Əslində, hökumətin yas islahatları müsbət haldır. Yalnız inzibati müdaxilələr narazılıq yaratmışdı.

Əldə etdiyimiz xəbərə görə, artıq proses zamanın öhdəsinə buraxılıb. Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yas məclislərində ehsan israfçılığına qarşı tədbirlərə başlamışdı. Şəhər və rayon icra hakimiyyətlərinin göstərişi ilə israfçılıq edilən ehsan süfrələrinə müdaxilələr olurdu. 

1413408253

COMMENTS