Yavər Camalov: “Azərbaycanın müharibə şəraitində olması ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə ehtiyac yaradır”

Yavər Camalov: “Azərbaycanın müharibə şəraitində olması ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə ehtiyac yaradır”

“Azərbaycan 20 ildən çoxdur Ermənistanın təcavüzünə məruz qalıb. Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpaqları işğal edilib, 1 milyon əhali qaçqın və məcburi köçkün düşüb. Azərbaycanın müharibə şəraitində olması nəzərə alınaraq, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə ehtiyac var”.

 

Trend xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov “ADEX 2014” Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Bakıda “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin (MSN) xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı durmadan inkişaf edir: “Hazırda nazirlik 34 ölkə ilə əməkdaşlıq edir. Ümid edirəm ki, “ADEX 2014”-dən sonra bu ölkələrin sayı daha da artacaq. Fürsətdən istifadə edərək, Azərbaycanla faydalı əməkdaşlıq edən ölkələrə təşəkkürümü bildirirəm”.

Y.Camalov qeyd edib ki, MSN yarandığı dövrdən bəri onun tabelçiliyinə verilmiş müəssisələrin yenidən qurulması və yeni müəssisələrin yaradılması istiqamətində böyük işlər görülüb: “2005-ci ilə nisbətən 2013-cü ildən MSN-də istehsal edilən məhsulların həcmi 28 dəfə artıb. Müdafiə təyinatlı məmulatların yaradılması üçün cari və perspektiv planlar hazırlanıb, 1700-dən çox cihaz və tərtibatlar alınaraq quraşdırılıb. Müdafiə Sənayesi Nazirliyinin fəaliyyət göstərdiyi müddətdə 51 istehsal sahəsi yaradılıb. Bu gün atıcı və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar istehsal olunur. İxrac əməliyyatlarının çəkisi durmadan artır. Bu gün sərgidə Azərbaycan istehsalı olan 168 adda müdafiə təyinatlı məhsul nümayiş etdirilir”.

Nazir əlavə edib ki, MSN yarandığı dövrdən bəri 15 beynəlxalq sərgidə iştirak edərək istehsal etdiyi müdafiə təyinatlı məhsullarını nümayiş etdirib.

Y.Camalov ölkə rəhbərliyi tərəfindən nazirlik qarşısında inkişaf tapşırıqları qoyulduğunu və MSN-in bu tapşırıqların yerinə yetirilməsinə çalışacağını qeyd edib.

“ADEX 2104” sərgisinin dünyada sülhə və əməkdaşlığa xidmət edəcəyini deyən müdafiə sənayesi naziri sonda konfrans iştirakçılarını 2016-cı keçiriləcək II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştiraka dəvət edib.

Konfransda Azərbaycan müdafiə sənayesinin inkişafına həsr edilmiş film nümayiş olunub.

Qeyd edək ki, konfransda Türkiyə Müdafiə Sənayesi müstəşarı İsmail Demir, Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti Riçard Fontaine, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev, MKEK şirkətinin baş direktoru İzzət Artniç, “Parmount Group” şirkətinin icraçı direktoru İvor İçikovitz çıxış edəcəklər.

COMMENTS