Top.Mail.Ru

Yayda dəhşətli istilər olacaq? – Umayra Tağıyeva AÇIQLADI

Yayda dəhşətli istilər olacaq? – Umayra Tağıyeva AÇIQLADI

Xəbər verdiyimiz kimi, NASA-nın Kosmos Araşdırmaları İnstitutunun direktoru Qavin Şmit araşdırmasında 2020-ci ildə planetdə havanın temperaturunun rekord həddə yüksələcəyini qeyd edib. Yer kürəsinin belə bir durumla üzləşmək ehtimalı 60 faizdir. Milli Okean və Atmosfer Mərkəzindən (NOAA) verilən açıqlamada isə bu nisbətin 75 faiz olduğu bildirilir.

Başqa sözlə, 2020-ci ilin indiyədək müşahidə olunmuş 5 isti ildən biri olacağı proqnozlaşdırılır.

“Hazırda dünyanın ən müasir avadanlıqlarla təchiz olunmuş meteorologiya təşkilatları belə 80%-ə qədər dəqiqliklə uzunmüddətli proqnoz vermək imkanına malik deyil”.

Bunu məsələ ilə bağlı Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva deyib.

O bildirib ki, iqlim proseslərinin təbiətində çox sayda birbaşa və dolayısı asılılıqlar mövcuddur:

“Yayın çox da uzaqda olmadığını nəzərə alsaq, təbii ki, onun necə olacağı sualı az əhəmiyyət kəsb etmir. Dünya iqlim mərkəzlərinin iqlimşünasları bu sualı cavablandırmağa cəhd edir. Havanın mövsümi proqnozlaşdırılması kimi çox vacib məsələnin həllində köməyə proqnozlaşdırmanın rəqəmsal modelləşdirməsi gəlir. Müxtəlif mənalı, modullardan ibarət modellər və mümkün variantlarda bu suala cavablar mövcuddur. Bundan əlavə, hər bir mümkün versiyaların həqiqətəuyğunluğu 40-60 % təşkil edir.

Gözlənilən təsirlərin bütün mümkün variantlarının, onların intensivliyinin, əhəmiyyətinin, belə uzun müddətə dəqiqliklə dünyanın bütün regionları üzrə proqnozlaşdırılması hələ ki, iqlimşünaslıq və meteorologiya elmi üçün əlçatmaz bir məsələdir”.

U.Tağıyeva ajiotaj yaradan, gerçəklik payı olmayan məlumatların yayılmasının əleyhinə olduğunu və meteorologiya təşkilatlarının uzunmüddətli proqnoz vermək imkanının olmadığını bildirib:

“Tam səmimi sizə bildirirəm ki, hazırkı dönəmdə dünyanın ən müasir avadanlıqlarla təchiz olunmuş meteorologiya təşkilatları belə 80%-ə qədər dəqiqliklə uzunmüddətli proqnoz vermək imkanına malik deyil. Ümumdünya iqlim mərkəzlərinin məlumatlarında mövsüm üzrə qlobal orta temperaturun 0,8-1 dərəcə yüksək olacağı 60 faizlik təminatla deyilir. Bunu nəzərə alaraq, bəzi adamların yayda görünməyən istilərin olacağı ilə əlaqədar inamlı proqnoz vermələri barədə şərhləri məni çox təəccübləndirir. Yer kürəsi kifayət qədər böyük miqyasa malik olduğundan, əlbəttə ki, dünyanın hansısa bir nöqtəsində, məsələn, Tailandda və ya Nevadada bu, uzunmüddətli proqnoz özünü doğrulda bilər.

Son onilliklərdə iqlimin qlobal istiləşməsi ilə əlaqədar müşahidə olunan ümumi tendensiya ilə hansısa dərəcədə razılaşmaq olar. Lakin planetin hər bir regionunda bu proses özünə xas olan individuallıqla keçir – sadə dildə desək, il-ilə uyğun gəlmir.

Buna görə, deyilənləri yekunlaşdıraraq, son illərdə müşahidə olunduğu kimi Azərbaycanda istilik dalğalarının olacağını ehtimal etmək olar. Bu deyimlə, Azərbaycanda 5 və daha çox günlər ərzində 35 dərəcədən yuxarı temperaturun müşahidə olunacağı anlaşılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti müntəzəm hava proqnozu ilə bərabər 2-3 gün öncədən gözlənilən isti hava dalğaları barədə meteohəssas insanlar üçün tibbi-meteoroloji tövsiyələrini verməklə əhalini məlumatlandıracaq”.

DOSYE.ORG

COMMENTS