Azərbaycan ətə olan tələbatın yalnız 38 faizini yerli istehsal hesabına təmin edir. Ölkədə il ərzində adambaşına 32 kiloqram ət istehsal olunur.
Bu barədə virtualaz.org saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.
V.Məhərrəmovun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi qida norması var: “Adambaşına ət norması il ərzində 84 kiloqram olduğu halda Belarus 124 kiloqram ət və ət məhsulları istehlak etməklə MDB-də liderdir. Normadan aşağı olsa da ikinci yerdə 60 kiloqramla Rusiya, üçüncü yeri adambaşına 55 kiloqram ət istehlak etməklə Qazaxıstan tutur. Azərbaycan il ərzində adambaşına 32 kiloqram ət istehlak etməklə bu siyahıda axırdan ikinci yerdədir. Sonuncu yerdə isə Tacikistandır”.
Dövlət Statistika Komitəsinin məlumatı da Azərbaycanda adambaşına ət istehlakının normadan 2 dəfədən də çox aşağı olduğunu təsdiqləyir.
V.Məhərrəmov deyir ki, MDB ölkələrinin əksəriyyəti daxili istehsal hesabına özlərinin əsas ərzaq və qida məhsullarına olan tələbatını ödəyə bilmədikləri halda əhalinin alıcılıq qabiliyyətini artırmaq hesabına beynəlxalq normaya uyğun şəkildə əhalinin qidalanmasını təmin edirlər.
Məsələn, Rusiyada daxili istehsal hesabına adambaşına 60 kiloqram ət istehsal olunsa da xaricdən idxal olunan ət və ət məhsullarının hesabına bu göstərici 74 kiloqrama qədər artıraraq normaya yaxınlaşdırıblar. Azərbaycanda isə bu göstərici normadan iki dəfədən də çox aşağıdır.
Vahid Məhərrəmov
“Ölkədə adambaşına 33,8 kiloqram ət və ət məhsulları istehlak olunub. Bu da müəyyən edilmiş normanın 40 faizi qədərdir. Onu da xatırladım ki, 2013-cü ilin oktyabr ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hazırladığı hesabatda Azərbaycanla bağlı məsələlərə geniş yer ayrılıb. Həmin hesabatda Azərbaycan əhalisinin ÜST-ün müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq və qida məhsulları istehlak etdiyi, xüsusən yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağı olduğu vurğulanır” – deyə V.Məhərrəmov bildirir.
Ekspert onu da qeyd edir ki, son zamanlar Azərbaycanın istehsal etdiyi tərəvəz və meyvə məhsullarına Rusiya hökumətinin marağının artması ajiotaj yaradıb: “Rusiya hökumətinin yüksək çinli məmurları ölkəmizə səfərləri zamanı və öz ölkələrində mətbuata verdikləri müsahibələrdə tez-tez ölkəmizin adını vurğulamaqla bu sahədə ticarət əlaqələrimizin yaxşılaşmasını arzu etdiklərini bidirirlər. Ola bilsin ki, Azərbaycan ətrafında yaranan bu ajotaj bəzi adamlarda ölkəmizin həqiqətən də meyvə-tərəvəz ticarətində ciddi oyunçu olduğu təsəvvürü yaradıb.
Halbuki Azərbaycan MDB-də adambaşına ən az tərəvəz istehsal edən ölkələr sırasındadır. Belə ki, 2013-cü ildə Ermənistan adambaşına 277 kiloqram tərəvəz istehsal edərək MDB-də birinci olub. Sonrakı yerlədə isə Ukrayna (217 kq), Qazaxıstan (190), Belarus (172), Qırğızıstan (154) və Tacikistan (152) gəlir. Ölkəmiz 2013-cü ildə adambaşına 131 kiloqram tərəvəz və bostan məhsulları istehsal edərək normadan aşağı göstərici ilə yadda qalıb. Adambaşına illik məhsul istehlakı isə 105,2 kiloqram təşkil edib.
Digər göstəricilərdən fərqli olaraq adambaşına meyvə və giləmeyvə istehsalında ölkəmiz Moldova (117 kq) və Ermənistandan (107 kq) sonra MDB ölkələri sırasında 87 kiloqramla üçüncüdür. İllik adambaşına meyvə və giləmeyvə norması 100 kiloqram müəyyən edilsə də Azərbaycanda 75,2 kiloqram istehlak olunub”.
Kartof istehsalında da vəziyyət fərqli deyil. V.Məhərrəmov hesab edir ki, kartof hələ də ikinci çörək hesab edilir. Belarus, Ukrayna, Qırğızıstan və Rusiyada istehlak normasından dəfələrlə çox məhsul istehsal edir. Bu qədər məhsul onların istehlak tələbini ödəməklə yanaşı həm də ixraca yönəlir, bu da ölkəyə valyuta gətirir: “Adambaşına istehlak norması 124 kiloqram olduğu halda Azərbaycan adambaşına 105 kiloqram kartof istehsal edir. İstehsal olunan məhsulun heç də hamısı istehlaka yönəlmir. Elə bu səbəbdən də adambaşına kartof istehlakı normanın 51 faizi qədər, yəni 64,2 kiloqram olub”.
Azərbaycanın süd istehsalı da tələbatın 53 faizini təmin edir. Ekspert deyir ki, MDB ölkələri arasında yeganə ölkə olaraq Belarus süd və süd məhsullarına olan ehtiyacını tam ödəməklə yanaşı təxminən bir o qədər də məhsul ixrac edir.
MDB ölkələri sırasında adambaşına 703 kiloqram süd istehsal etməklə Belarus birinci yerdə, Qazaxıstan 287 kiloqramla ikinci, Ukrayna 253 kiloqramla üçüncü yerdədir.
Azərbaycan adambaşına süd istehsalına görə Tacikistan və Moldovadan irəlidə olsa da digər MDB ölkələrindən geridə qalır. Bu göstərici Azərbaycan üzrə 193 kiloqram təşkil edir. İstehsal olunan süd və süd məhsulları ölkə əhalisinin tələbatının yalnız 53 faizini təmin edir.
Ekspertin sözlərinə görə, FAO-nun hesabatında Azərbaycanda adambaşına süd və süd məhsullarının istehlakının aşağı olduğu qeyd olunur: “Süd və süd məhsullarının istehlakı norması adambaşına 360 kiloqram müəyyən olunsa da il ərzində 248 kiloqram istehlak edilir”.
Bəs strateji məhsul sayılan taxıl istehsalında vəziyyət necədir?
V.Məhərrəmov bu məsələyə belə münasibət bildirir: “Son zamanlar MDB ölkələrində də taxıl istehsalına xüsusi fikir verilir. Məsələn, Ukrayna adambaşına 1388 kq taxıl məhsulu istehsal edir. 2013-cü ildə Qazaxıstan 1070, Belarus 803, Moldova 747, Rusiya 637 kilo taxıl istehsal edib. Amma Azərbaycanda bu göstərici 306 kiloqram olub”.
Azərbaycan adambaşına 170 kiloqram taxıl idxal etməklə yanaşı həm də 37 min 300 ton unlu qənnadı məmulatları, 5 min 919 ton makaron, 32 min ton süd və süd məhsulları, 745 ton ət kolbasası, 5 min 147 ton mal əti, 2 min 550 ton quş əti, 133838 baş iribuynuzlu, 160 min baş xırdabuynuzlu heyvan, 6 milyon 942 baş diri quş, 46 milyon 183 min ədəd quş yumurtası idxal edib.
İdxalla bağlı sadalanan statistika faktiki olaraq Azərbaycanın 2013-cü ildə adambaşına 306 kiloqram taxıl istehsal etdiyi haqda məlumatın əsassız, yanlış olduğunu deməyə əsas verir.
Ekspert ərzaq təhlükəsizliyi məsələsinə də toxunub. Onun sözlərinə görə, dünya ölkələri ərzaq təhlükəsizliyini özlərinin milli təhlükəsizliyinin ən mühüm tərkib hissəsi kimi qəbul edirlər: “Ərzaq təhlükəsizliyinin təminatı deyəndə ölkənin ərzaq mallarına, qida məhsullarına, içməli suya olan tələbatını daxili istehsal hesabına tam həcmdə, keyfiyyətli, davamlı, hamı üçün əlçatan olmaq şərti ilə ödəməsi və əlavə olaraq 20 faiz də ehtiyat kimi saxlanması nəzərdə tutulur. Bəzi halda bu şərtlərin təhrif olunduğunun şahidi oluruq. Azərbaycanda bəzi məmurlar və mütəxəssislər ərzaq təminatın 80 faiz ödənilməsini və 20 faiz ehtiyatın yaranmasını ərzaq təhlükəsizliyinin tam təminatı kimi təqdim etməyə çalışırlar.
Ancaq beynəlxalq təcrübə göstərir ki, qlobal iqlim dəyişməsi nəticəsində bəzi illərdə hava şəraitinin kəskin şəkildə dəyişməsi aqrar sahəni ətraf mühitin zərərli təsirinə məruz qoyur, nəticədə bu sahədə məhsuldarlığın aşağı düşməsinə və adambaşına qida məhsullarının azalmasına səbəb olur. Ona görə də beynəlxalq mütəxəssislər hesab edir ki, yaranmış əlverişli şərait nəticəsində əhalinin tam qida təminatını ödəməklə yanaşı hər ehtimala qarşı 20 faiz ehtiyat fondun yaranması ölkənin ərzaq təhlükəsizliyini daha güvənli edir.
Əksər inkişaf etmiş ölkələr strateji əhəmiyyət kəsb edən bu vacib məsələnin həllində xeyli işlər görüb. Belə ki, kənd təsərrüfatı məhsulunun zənciri, istehsal, logistika, emal, satış, istehlak mərhələlərinə kimi bütün həlqələrin yüksək səviyyədə təşkilinə nail olaraq bu sahədə davamlı və sabit inkişafın əsasını qoya biliblər.
Son zamanlar ərzaq təhlükəsizliyi məsələsi postsovet dövlətlərinin də diqqət mərkəzindədir. Onlar özlərinin ərzaq və qida məhsullarına olan tələbatlarının xaricdən aslılığını azaltmaq məqsədilə aqrar sahədə islahatlar aparıb, müstəqil aqrar siyasəti müəyyənləşdirərək, istehsal münasibətlərinin yenidən qurulması üçün yeni qanun və qaydalar qəbul ediblər. Cari, orta və uzunmüddətli dövrlər üçün proqramlar qəbul etməklə bir sıra istiqamətlərdə irəliləyişlərə nail olunub”.
Ekspert onu da xatırladır ki, Britaniyanın “The Economist İntelligence Unit” araşdırma şirkəti (“Economist” jurnalının analitik bölməsi) dünyanın 109 ölkəsində ərzaq təhlükəsizliyinə dair illik hesabatını açıqlayıb. Azərbaycan 109 ölkə arasında 62-ci yeri tutub.
COMMENTS