“Yeni Müsavat” “Qasid”i məhkəməyə verir

Ələsgər Süleymanov: “Bu firma artıq ödəniş qabiliyyətini tamam itirib”

 

Uzun müddətdir “Qasid” Mətbuat Yayımı Firması ilə “Yeni Müsavat” qəzeti arasında davam edən borc məsələsi pik həddə çatıb. Belə ki, “Qasid” firmasının qəzetə minlərlə manat borcu olmasına rəğmən son bir aydır heç bir ödəniş etmir.

Bu barədə, eyni zamanda qəzet yayımı sahəsindəki durumla bağlı informasiya verən “Yeni Müsavat”ın baş direktoru Ələsgər Süleymanov bunları söylədi:

“Son bir ay bundan əvvələ qədər ”Qasid”dən hər həftə cüzi də olsa satışdan gələn gəlirin müəyyən qismini ala bilirdik. Amma son 1 aydır ki, ümumiyyətlə heç nə ala bilmirik. Bu da o deməkdir ki, “Qasid” artıq ödəniş qabiliyyətini tamam itirib. Onlar bunu belə izah edir ki, köşkləri götürülür, satış imkanları məhdudlaşdırılır. Amma biz onlardan satışın niyə zəiflədiyini soruşmuruq, satılan qəzetin satış faizini istəyirik. Bunu da ödəyə bilmirlərsə, deməli, vəziyyət çox ümidsizdir”.

“Qasid”in qəzetlərin satışından əldə etdiyi gəlirləri xərcləmə obyektləri barədə də danışan baş direktor bunları dedi:

“Onlar deyir ki, satışdan gələn pullarla reysə çıxan maşınlarının benzininin pulunu, öz işçilərinin maaşlarını ödyərilər. Vəziyyətin bu həddə gəlib çıxması da bizi məcbur edir ki, onlara qəzet verməyi tamam dayandıraq. Amma nəzərə alandaki şəhərdə qəzet yayımı onsuz da azdı və əldə yayım da yox həddindədir, bunu etmirik. Lakin tirajı həddindən artıq azaltmışıq, əvvəlki ilə müqayisədə bu göstərici 10 dəfəyə bərabərdir. Bu vəziyyət də təbii ki bizi qane etmir. Sonuncu dəfəki müraciətimiz zamanı isə onlar bizə izah etdilər ki, ”Qasid”də əməkdaşlar arasında ixtisarlar olub və həmin şəxslərin haqq-hesabı qalıb. Bu məqamda onlar bizdən zaman istədilər ki, həmin işçilərlə haqq-hesablarını bağlaya bilsinlər. Bundan sonra redaksiyalara müəyyən ödənişlər edəcəklərini söylədilər. Biz də bunu kifayət qədər gözlədik. Yenə də ortada bir şey yoxdur. Son məqam olaraq qərara gəlmişik ki, onlarla üzləşdirmə aktı aparaq və məhkəməyə verək. Başqa yolumuz yoxdur, orda qalan vəsaitimizi hansısa yolla almalıyıq. Çünki bizim də verəcəklərimiz var”.
Yay aylarında qəzet satışında problemlər olduğunu bildirən Ə.Süleymanov dedi ki, alıcılarla yanaşı satıcıların da çoxu rayona, kəndə gedir: “Həm də qəzetin satışı az olduğundan gələn gəlir də az olur, rentabelli olmur.

Ümidimiz onadır ki, artıq sentyabrdır, məzuniyyət mövsümü yekunlaşır və şəhərdə insanların sayı çoxalacaq, beləliklə, müəyyən mərhələdə satış düzələcək. Amma bu o demək deyil ki, keçən illə müqayisədə daha yaxşı olacaq. Vəziyyətin keçən ilkindən daha pis olacağını düşünürük. Çünki tendensiya göstərir ki, ildən-ilə vəziyyət daha da çətinləşir.

Gələn il isə parlament seçkiləri olacaq. Seçkilər ərəfəsində qəzetə maraq artdığından, tiraj yüksəlir. İndi əsas məqsədimiz odur ki, qəzeti gələn ilə çıxara bilək. Görək vəziyyət necə olacaq”.

Ə.Süleymanovun qəzetləri ağır vəziyyətdən çıxarmaq üçün təklifləri də var:
“Qəzetlərin ağır durumu başlayanda, təxminən bu ilin əvvəllərində yayım işçiləri, qəzet redaktorları ilə bir toplantı keçirdik. Mən orda bir təklif verdim, amma həmin ərəfədə dəstəklənmədi. Təklifim ondan ibarət idi ki, qəzetin qiymətini artıraq. Hələ də gec deyil, biz bunu edə bilərik. Qəzetin qiymətini bir manat etməliyik. Bu zaman satıcılara da normal pul verə bilərik.

Nəzərə almaq lazımdır ki, tiraj get-gedə aşağı düşür. Bu iş də belədir ki, qəzetin tirajı çox olanda maya dəyəri aşağı düşür və qəzetin qiymətini aşağı etmək olur. Amma qəzetin tirajı az olanda məcbur qiymət artırılmalıdır.

İndiki halda qəzet satıcılarına bu işlə məşğul olmaq maraqlı deyil. Çünki az gəlir əldə edirlər. Amma vaxtilə bir çox adam qəzet satmaqla ailə dolandırıb.

Odur ki, qiymət artımına getsək, qəzetlərin bir çoxu bağlanmaq təhlükəsindən xilas olar və ömrü uzanar. Buna isə 1, 2 qəzet deyil, hamı qoşulmalıdır.
Bugünlərdə “Ayna Zerkalo” qəzetlərinin bağlanması bu proseslərin məntiqi yekunudur. Bunun davamı da gələcək.

Elə bizim özümüz üçün də qəzeti saxlamaq iqtisadi cəhətdən sərfəli deyil. Saytın hesabına qəzeti saxlayırıq. Amma elə qəzetlər var ki, saytı belə yoxdur. Bağlanmaq təhlükəsindədir və gec-tez bağlanacaq”.

COMMENTS