Yeni qayda «kupça» almağı asanlaşdırırmı?

Ekspert daşınmaz əmlakla bağlı yeniliyi müsbət addım sayır
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bundan sonra daşınmaz əmlakların yeni sahiblərinin adına rəsmiləşdirilməsinin avtomatik baş verəcəyini açıqlayıb.

ƏMDK-nin “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət”ində vətəndaşların, fiziki və hüquqi şəxslərin notariusda rəsmiləşdirdikləri daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarələrinə göndərilməsini nəzərdə tutur. Belə ki, notariat kontorlarında daşınmaz əmlakın alqı-satqısı, vərəsəlik, bağışlanma və s. əməliyyatlar zamanı bağlanan müqavilə notariusdan birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndəriləcək və əmlak öz yeni sahibinin adına qeydiyyatdan keçəcək. Nəticədə alqı-satqıdan sonra vətəndaşların müqaviləni DƏDRX-ə aparmasına ehtiyac qalmayacaq. Vətəndaş DƏDRX-ə cəmi bir dəfə, “Çıxarış” götürməyə gedəcək. Xidmətin tətbiqində məqsəd daşınmaz əmlakın qeydiyyatını daha da sadələşdirmək, qeydiyyat üçün lazım olan prosedurları minimuma endirmək, vaxt itkisini və əlavə müraciəti aradan qaldırmaqdır.

Qeyd edək ki, ƏMDK 2014-cü ildə əmlakın hüquqi vəziyyəti ilə bağlı məhdudiyyət arayışlarının (Forma-1 arayışları) onlayn formada notariuslar vasitəsilə verilməsinə başlamışdı. Nəticədə indiyədək bir neçə gün vaxt tələb edən bu proses cəmi 10-15 dəqiqəyə həyata keçirilir və vətəndaşların arayış almaq üçün DƏDRX-ə müraciətinə ehtiyac qalmır. “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” isə əmlakın qeydiyyatı prosesinin növbəti dəfə qat-qat sadələşdirilməsini nəzərdə tutub.

Ekspert Rəşad Həsənov “Bizim Yol”a şərhində bildirib ki, yeni xidmət də xidmət elekrton hökumətin formalaşdırılması çərçivəsində həyata keçirilib. “Eyni zamanda korrupsiyaya qarşı aparılan mübarizə, açıq hökumət proqramları və bu kimi Azərbaycanın qoşulduğu digər konvensiyaları nəzərə alsaq, Azərbaycan hökuməti prosedual qaydaların sadələşdirilməsi istiqamətində müəyyən addımlar atır, tədbirlər görür. Bu tədbirlər daha çox məişət xarakterli fəaliyyətlərə aid edilir. Həmçinin, yeni xidmət əmlak çıxarışlarının (kupça) verilməsi ilə bağlı prosesin sadələşdirilməsi, ötən il təkrar çıxarışların əldə edilməsi funksiyasının “ASAN Xİdmət”ə verilməsi prosesinin davamı kimi qiymətləndirilməlidir” – deyən R.Həsənov qeyd edir ki, bu xidmətin vətəndaşlar üçün müsbət tərəfləri var.

“Bu xidmət süründürməçiliyin aradan qaldırılmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, sosial baxımdan xərclərin azalmasına gətirib çıxaracaq. Yəni vətəndaş sadəcə bir addım atmaqla – notariusa getməklə rəsmiləşdirmə prosesini həyata keçirə bilir. Prosesin elektron qaydada icra olunması subyektiv qaydada süni maneələrin yaradılmasını azaldır. Xüsusilə nəzərə alaq ki, daşınmaz əmlakın rəsmiləşdirilməsi ilə bağlı ölkədə uzun müddət ciddi problemlər var idi. Proseslərin müddətinin uzanması, rəsmiləşmə ilə bağlı maddi tələblər hətta Azərbaycanın biznes duinq göstəricilərinə də sirayət edirdi. Nəticədə bu göstərici üzrə dünya ölkələri arasında Azərbaycanın yeri nisbətən geridə idi. Belə olan tədqirdə bu xidmət hər iki maraq qrupuna – həm vətəndaşlara, həm də hökumətin islahatlar imicinə müsbət təsir edəcək.

COMMENTS